Cavanşir Quliyev: “Elçibəyin əməllərindən biri də mənəm”

Hazırda oxunan: Cavanşir Quliyev: “Elçibəyin əməllərindən biri də mənəm”

52197

Avqustun 22-də Azərbaycanın milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin vəfatının 14-cü ildönümü tamam olur. Bununla əlaqədar olaraq bu gündən etibarən Moderator.az olaraq məşhurların Əbülfəz Elçibəylə bağlı səsləndirdiyi fikirləri yenidən gündəmə gətirməklə Azərbaycanın ən böyük tarixi şəxsiyyətlərindən biri olan mərhum liderin kimliyinə, onun vətən və xalq qarşısındakı xidmətlərinə bir kəs daha diqqət yetirməyi zəruri hesab etdik. 

 

Bəstəkar Cavanşir Quliyev: “Elçibəyin əməllərindən biri də mənəm”

 

Əbülfəz bəy çox sayda insanlarla ünsiyyətdə olmuş, bu insanların əksəriyyətinin düşüncəsinə təsir göstərmiş, onu formalaşdırmışdır. Çox hallarda bu təsir onların təfəkkürünü, dünyagörüşünü, nəhayət, fəaliyyətini əsaslı surətdə dəyişdirmişdir.

Mənim peşəm bəstəkarlıqdır, yəni yüzlərlə öz qanunauyğunluqları əsasında inkişaf etmiş, ciddi və sərt qaydalara arxalanaraq qurulmuş qapalı bir musiqi fəaliyyəti sistemi. Bu sistemi bilməyən kəs musiqi yaradıcılığına nüfuz edə bilməz. İstisna olaraq, bunu böyük dühalar edir. Belə dühalardan biri də şübhəsiz Əbülfəz Elçibəy idi!.

Mən aktiv bəstəkarlıq fəaliyyətinə 70-ci illərin əvəllərində başlamışam. O zamankı yazılarıma qulaq asan heç vaxt deyə bilməz ki, bu musiqinin müəllifi türkdür, azərbaycanlıdır, çünki mən rus təhsili görmüş “klassik” bir sovet gənci idim, gecə-gündüz maraqlandığım da ancaq bəstəkarlığın quru, avanqard texnologiyaları idi- dodekafoniya, serializm, puantilizm, minimalism, aleatorika, musiqili-riyazi konstruksiyalar və bu yolda özümün struktur axtarışlarım. Musiqinin canı olan bədiilik mənim gülüş obyektimə çevrilmişdi! Hətta tarımdan belə canımı qurtarmışdım ”“ onu bağışlamışdım. Mən snob idim!

 

“Elçibəylə ünsiyyətdən sonra mənim vətənim Bütün Türküstan oldu”

 

Bu zaman, 70-ci illərin əvəllərində Bakı bulvarında çayxanada Əbülfəz Elçibəyin məfkurəsi ilə rastlaşdım! Onun tarix, bədii yaradıcılıq, musiqi haqqındakı fikirləri, nəhayət, “azərbaycanlı milləti yoxdur, türk milləti var!” ifadəsi məni ildırım kimi kəsdi, silkələdi və yerimdən oynatdı! Mən sanki yuxudaydım ”“ ayıldım! Və o vaxta qədər yazdıqlarımın adi quru notlar yığını olduğu mənə çatdı. Əsərlər cansız, meyit kimi idi ”“ ancaq forma və fakturası var idi.

Elçibəylə ünsiyyətdən sonra artıq mənim vətənim Sovet Azərbaycanı deyildi ”“ mənim vətənim Bütün Türküstan oldu! M.Ə.Rəsulzadəni tanıdım! Türkün şanlı tarixi mənim tarixim oldu! Türkün musiqisi də mənim musiqim oldu! Mən özüm də türk oldum! Döndüm özümə! Döndüm saza! Döndüm Dədə Qorquda!. Özümə yeni tar aldım!..

 

Elçibəy məndən bəstəkar “yaratdı”!

 

Mənə hava gəldi, mənə nəfəs gəldi, həvəs gəldi, arzu gəldi ”“ təzə yazılar yazmaq istədim! Və yazdım! Mənim musiqi taleyimdəki “çat xətti” 1972-ci ildə yazdığım “1-ci simli kvartet”in 2-ci hissəsi ilə 3-cü hissəsinin arasından keçir! Çünki Əbülfəz bəy məni “yuxudan ayıldanda” kvartetin iki hissəsini artıq yazmışdım. 3-cü hissə mənim sonrakı musiqi taleyimi həll etdi ”“ mənə uğurlar gətirdi, məni dünyada gəzdirdi! Və bütün sonra yazdıqlarım 1-ci kvartetin 3-cü hissəsinin “şinel”indən çıxıb ”“ Ə.Elçibəyin məfkurəsindən bəhrələnib! Beləcə Elçibəy məndən bəstəkar “yaratdı”!

Mənim nəslimdən olan bir çox yazıçı, şair, rəssam, sənətdəki uğurları ilə Elçibəy ideyasına borcludur və onlar bunu gizlətmirlər. Bu, siyasətçinin bədii sənətə münasibətinin və təsirinin parlaq örnəyidir!

Sonralar Əbülfəz bəylə bir çox görüşlərimizdə dəfələrlə musiqi yaradıcılığı barəsində söhbətlər etmişik və  hər dəfə də onun musiqi yaradıcılığının mahiyyətini dərindən anladığının şahidi olmuşam. Qara Qarayevin “3-cü simfoniya” kimi çox mürəkkəb və dərin əsərini o, asanlıqla təhlil edirdi, əsərin əsas cəhətini - ənənə və avanqardın üzvi sintezini mütləq göstərərək bunu başqa bəstəkarlara da tövsiyə edərdi.

 

“O, bildirdi ki., musiqini hərbdə işlətmək rusdan yox, türkdən gəlir”

 

1993-cü ilin yanvar ayında məni Respublika Sarayında keçiriləcək “Qara yanvar”ın ildönümünə həsr olunmuş ədəbi-bədii gecənin müəlliflərindən biri kimi prezident Elçibəyin qəbuluna dəvət etdilər.

O vaxtlar məni bir məsələ narahat edirdi - hava limanında rəsmi qonaqların gəlişi zamanı keçirilən hərbi-musiqili törən xoşuma gəlmirdi, rus-sovet törənlərinin eyni idi. Arzum bu törənləri mümkün qədər türkləşdirmək, azərbaycanlılaşdırmaq idi. Çünki hava limanı ölkənin qapısıdır. Mən fürsətdən istifadə edərək bu əndişəmi prezident Elçibəyə çatdırdım. Məsələnin qoyuluşu ilə ümumilikdə razılaşdı. Ancaq özünün sözü ilə desək, xırda bir qeydə ehtiyac oldu - o da bu idi ki, musiqini hərbdə işlətmək rusdan yox, türkdən gəlir. Rus türklə əsrlərlə müharibə edərkən ondan görüb-götürmüşdür; başqa sözlə, adı çəkilən bu hərbi-musiqili törən heç rusun-zadın deyil!

“Xırda” qeydə bir bax! Prezident hətta yalnız musiqiçilərin bildiyi bir faktı - rus bəstəkarı N.A.Rimski-Korsakovun çar ordusunun musiqi təliminin arxivlərdən götürülən türk hərbi musiqisi nümunələri əsasında qurduğunu da dedi. Mən heyrətləndim. Bu bilikləri biz xüsusi musiqi dərsliklərindən öyrənərdik. Elə bil mənim fikirlərimi oxuyurmuş kimi, dedi ki, təbii, törənin mahiyyəti qalmaq şərti ilə xarici görkəminə və ifa olunan musiqilərə əl gəzdirməyə ehtiyac var.

Bu kiçik epizod Ə.Elçibəyin musiqi sənətinə siyasətçi, tarixçi, nəhayət, mütəfəkkir münasibətinin bir nümunəsidir!

Atalar deyib ki, insana qiyməti onun sözlərinə görə yox, əməllərinə görə vermək lazımdır. Ancaq bəzən söz də elə əmələ bərabər olur! Ə.Elçibəyin əməllərindən biri də mənəm, mənim nəslimdən olan minnətdar yaradıcıların xeyli hissəsidir! Ona qiymət verərkən bunu nəzərə almaq vacibdir!

 

29.08.2000.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin