Əli Həsənov məcburi köçkünlərin müraciətlərini dinləyib

Hazırda oxunan: Əli Həsənov məcburi köçkünlərin müraciətlərini dinləyib

52173
Avqustun 15-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında bu rayonda, həmçinin digər rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib. 

Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, ərizə və şikayətlərinə baxılmış, problemlərinin həlli üçün tapşırıqlar verilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 35 min nəfərdən çox qaçqın və məcburi köçkün soydaşımız Bakının Sabunçu rayonunda yaşayır. Bu, ümumilikdə 8 min ailə deməkdir. Onlar əsasən rayon ərazisindəki yataqxanalarda, sanatoriyalarda və ictimai binalarda məskunlaşıblar. 

Qəbulda Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq qərarlar qəbul edir. Məcburi köçkünlərin mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılır. İndiyədək bu qəbildən olan soydaşlarımız üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 83 müasir qəsəbə və yaşayış kompleksi salınmış, 210 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 

Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülüb. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər vardır. Həmin soydaşlarımızın da mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Əli Həsənov Prezident İlham Əliyevin qətiyyəti ilə bu problemin də tezliklə öz həllini tapacağına əminliyini bildiriblər. 

Baş nazirin müavini bu dəfə də qəbula gələn məcburi köçkünlərin problemlərini diqqətlə dinləyib. Bir sıra problemlər operativ şəkildə yerindəcə həllini tapmış, bəzi müraciətlər baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb. 

Qəbula gələn məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qəbulda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Komitənin departament və şöbə müdirləri, eyni zamanda, ərazisi işğal altında olan rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər. 

Səhər saat 9.00-dan başlayan qəbul axşam saat 16.00-dək davam edib və bu dəfə ümumilikdə 400 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilib. 

Sonda qəbula yazılmayan məcburi köçkünlər də qəbul edilmiş, onların da ərizələri baxılmaq və tədbir görülmək üçün qeydiyyata alınmışdır. Bildirmişdir ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də ayrı-ayrılıqda görüşlər keçiriləcək.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin