Son günlər KİV-də Azərbaycan tərəfinin Qarabağın azadlığı qarşılığında Ermənistana 5 milyard dollar məbləğində maliyyə təklif etməsi ilə bağlı çoxsaylı informasiyalar dolaşmaqdadır. Yayılan informasiyaların ciddiliyi özlüyündə şübhə doğrusa da, belə bir olayın baş vermə ehtimalının mümkünlüyü də mövcuddur ki, bu da məlum informasiyanı ictimai-siyasi müzakirə predçmetinə çevirir. Azərbaycan Dağlıq Qarabağın qaytarılması qarşılığında Ermənistana 5 milyard dollar təklif edibmi? Əgər həqiqətən də belə bir təklif olubsa, o zaman bu təklif torpaqları müharibə yolu ilə alınan və minlərlə şəhid verən Azərbaycan üçün nə dərəcədə şərəfli hesab edilə bilər? Ümumiyyətlə, Qarabağı qanla, yoxsa pulla qaytarmaq haqqında düşünməliyik?
Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, məlum informasiyanın ciddiliyinə inanmır. Fəqət bununla belə, əgər həqiqətən də Azərbaycanın əlində belə bir imkan varsa, rəsmi Bakı bu barədə düşünməlidir:
“Öncə onu deyim ki, bu informasiyanı ciddi informasiya hesab eləmirəm. Düşünmürəm ki, Azərbaycan Qarabağa görə Ermənistana 5 milyard dollar təklif edib. Siyasətdə şərəfli və ya şərəfsiz yol axtarmaq daha baha başa gələn işdir. Mütləq hərbi üstünlüyün olduğu şəraitdə belə müharibə yolu ilə torpaq qaytarmağın fəsadları daha ağır, daha ciddidir. Bu, çoxsaylı insan itkilərinə, böyük dağıntılara yol açır. Əgər doğrudan da Ermənistan Qarabağı Azərbaycana 5 milyarda satmaq istəyibsə, bunun üzərində düşünmyə dəyərdi. Mən demirəm ki, almağa dəyərdi, söyləyirəm ki, düşünməyə dəyərdi”.
Ə.Oruclunun qənaətincə, məlum məsələni şərəf aspekti baxımından təhlil etmək düzgün deyil. Ekspertin qənaətincə, bu gün dünyada baş verən bütün hərbi-siyasi proseslərin heç birində şərəf amilinə diqqət yetirilmir və bu baxımdan Azərbaycanın problemin şərəfli həlli yolunu araması ona olduqca baha başa gələ bilər:
“Müasir dövrümüzdəki siyasi proseslərə, müharibələrə diqqət yetirmək lazımdır. Orada heç bir şərəfli element yoxdur. Əgər olsaydı, o zaman deyərdik ki, gəlin biz də buna riayyət edək. Məgər silahsız insanları qırmaq şərəflidirmi? Yoxsa insanların başını kəsmək şərəflidir? Bəlkə şəhərləri bombalamaq, dinc insnaların ölümünə səbəb olmaq şərəflidir? Müharibə şərəf anlayışı tanımır. Bu, orta əsrlərdə mövcud idi. Indi isə fərqli dövrdür”.
Seymur Əliyev


































































































