Ali Baş Komandanın hərbçilər önünə papaqsız çıxması düzgündürmü?

Hazırda oxunan: Ali Baş Komandanın hərbçilər önünə papaqsız çıxması düzgündürmü?

51499

Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə səfəri və ordumuzun düşmənlə üzbəüz mövqelərdə yerləşən şəxsi heyəti ilə görüşü nəinki iqtidaryönlü, hətta bitərəf və müxalif siyasilər tərəfindən də müsbət addım kimi dəyərləndirilməkdədir.

 Cəbhə xəttində vəziyyətin gərgin olaraq qaldığı hazırkı dönəmdə ölkə başçısının bu səfərinin həm mülki şəxslər, həm də hərbçilər arasında ruh yüksəkliyinə səbəb olacağını vurğulayan ekspertlər, bu səfərin ciddi önəm kəsb etdiyi qənaətindədir. Fəqət, Ali Baş Komandanın səhra şəraitində həbçilər önünə papaqsız çıxması ciddi müzakirələrə yol açıb. İ.Əliyevin Ali Baş Komandan kimi hər şeyi, eləcə də geyimi ilə hər kəsə nümunə olmalı olduğunu vurğulayan bəzi ekspertlər hesab edir ki, İ.Əliyevin papaqsız şəkildə hərbçilər önünə çıxması, müdafiə nazirinin məruzəsini bu şəkildə dinləməsi bir qədər təəccüblüdür. 

Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov isə hesab edir ki, bütövlükdə Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar yeni geyim qaydaları dəbə minməkdədir:

“Dünyanın müxtəlif ölkələrində hərbi geyim formasının daşınması qaydaları fərqli-fərqlidir. Elə ölkələr var ki, orada mütləq deyil ki, hərbçilər baş geyimi olan papağı, yaxud bereti başlarında gəzdirsinlər və hərbi salam verib, yaxud alsınlar. Son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin də geyim qaydalarında xeyli dəyişikliklər edilib. Yeni uniformalar, geyim atributları tətbiq edilir, yeni əsgəri qaydalar moda düşür. Onlardan biri də, indi çoxları yazmasa da, kuluarlarda bu mövzunu geniş müzakirəyə çevirirlər. Bu, ölkə başçısının, Silahlı Qüvvələrin Ali Baş Komandanının ona raport verən şəxslərdən məruzələri hərbi geyimdə, lakin papaqsız qəbul etməsi mövzusudur. Mən tətbiq olunan yeni qaydaları deyə bilmərəm, çünki baxıb görürəm ki, yüksək rütbəli şəxslərin uniformalarında yenilik tətbiq edilib. Yəni onların tutduqları vəzifələr mundirin sol tərəfində sözlərlə yazılır. Düzünü desəm, mən ilk dəfədir ki, belə bir yeniliklə rastlaşıram. Hətta bizə qardaş olan Türkiyyə SQ-də, yaxud Amerika ordusunda, eləcə də digər dövlətlərdə mən belə bir qaydaya rast gəlməmişəm. Amma elə həmin ABŞ ordusunda, istənilən yüksək rütbəli şəxs əsgəri salam verərəkən və ya alarkən, papaqsız da bu hərəkətləri icra edir”.

Ü.Cəfərovun qənaətincə, Ali Baş Komandanın şəxsi heyət qarşısına papaqsız çıxması bundan öncə də müşahidə edilib:

 “İndi çoxları düşünür ki, dövlət başçısı bu qaydanı NATO sistemində olduğu kimi bizim də ordumuzda tətbiq etməyə qərar verib. Çünki SQ-in yaranması günü ilə əlqədar Qaraheybət təlim məşq poliqonunda da biz eyni mənzərənin şahidi olduq. Eyni qayda, cəbhə bölgəsinə bu dəfəki səfəri zamanı da Ali Baş Komandan kimi İlham Əliyev tərəfindən təkrarlandı”.

Ekspertin sözlərinə görə, hərbçilərin fəsillərə uyğun şəkildə hərbi geyim ləvazimatları ilə təmin edilməsi, bu istiqamətdə mütərəqqi dəyişikliklərin həyata keçirilməsi müsbət bir hal olsa da, müəyyən norma və ölçülərin gözlənilməsi vacibdir:

“Əlbəttə ki, ordumuzda dünya ordularında nə qədər mütərəqqi işlər və ya qaydalar mövcuddursa, biz onlardan istifadə etməliyik. Ona görə də, həm ölkəmizin isti iqlimdə yerləşməsi, həm də hərbi xidmətin spesifik cəhətləri və sairə amillər nəzərə alınsa daha yaxşı olar. Elə yeri gəlmişkən, bir məsələyə də toxunmağım yerinə düşər. Biz bəzən xarici ölkələrin Azərbaycanda yerləşən səfirliklərinin rəsmi qəbullarına dəvət alırıq və orada inkişaf etmiş dövlətlərin hərbçilərinin fəsilə uyğun geyimdə iştrak etməsinin şahidi oluruq. Amma bizim hörmətli generalitet az qala şinel əynində, yayın 40 dərəcə istidə zalda hamıdan fərqlənir və bu kənardan bir qədər açıq sezilir. Biz hiss edirik ki, bizim nümayəndələr köhnə sovet vaxtı olan soldofon kimi özlərini həmin tədbirlərdə çox narahat hiss edirlər. Yaxşı olardı ki, bu məsələ də tənzimlənsin və gözəl geyim formamızda zabit və generallarımız özlərini çox rahat hiss etsinlər. Mənə elə gəlir ki, bu, həm sivil yanaşma, həm də ölkəmizin də dünya orduları ilə ayaqlaşdığının bir göstəricisi olardı”.

 

Seymur Əliyev

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin