“Artıq ərazi bütövlüyümüzü bərpa etmək şansımız yaranıb. Bir tərəfdən beynəlxalq hüquq, digər tərəfdən güclü ordu potensialımız və geopolitik vəziyyət bizə kifayət qədər imkan verir ki, Qarabağ üzərindəki suverenliyimizi yenidən bərpa edək. Hakimiyyət də bu tarixi fürsətin fərqindədir və əlində gələni etməyə çalışır”.
Bunu
hüquq elmləri üzrə fəlsəfə doktoru
Rafael Qasımov ölkə başçısının Ağdamdakı çıxışını şərh edərkən bildirib.
Hüquqşunas Moderator.az-a verdiyi açıqlamasında onu qeyd edib ki, Azərbaycan
hakimiyyəti bu məsələdə kifayət qədər prinsipialdır: “Prezident İlham Əliyevin
Ağdam rayonunda köçkünlər üçün salınmış şəhərcikdə səsləndirdiyi fikirlər də
bunun ən bariz sübutudur. Həmin çıxışda Qarabağın Azərbaycan torpağı olmasının
vurğulanması, beynəlxalq hüququn bizim suverenlik haqqımızı tanınmasının bildirilməsi
və ölkəmizin bu hüququndan əsla güzəştə getməyəcəyinin bəyan edilməsi bütün
dünyaya verilmiş mesaj idi”.
Məlum
mövqenin Qarabağda yaşanan son hadisələrlə eyni vaxtda sərgilənməsini təsadüfi
saymayan hüquqşunasa görə, bu çıxış əslində Azərbaycan hakimiyyətinin uzun
illərdən bəri yürütdüyü məqsədyönlü və incə düşünülmüş siyasətin ifadəsidir: “Məlumdur
ki, müstəqilliyimizin ilk illərində həm iqtisadi, həm də hərbi qüdrət
baxımından xeyli çətin vəziyyətdə idik. Üstəlik, Rusiyanın imperialist siyasəti
tamamilə bizim əleyhimizə yönəlmişdi. Rəsmi Moskva süni şəkildə Qarabağ
problemini yaradaraq ölkəmizin suverenlik arzularını beşikdə boğmağa çalışırdı.
Belə çətin vəziyyətdə Heydər Əliyev dühası özümüzdə güc toplayana qədər problemi
dondurmağımıza qərar verdi. Atəşkəs elan olundu və Azərbaycan öz potensialından
istifadə edərək həm iqtisadi, həm də hərbi qüdrətini artırdı. Qarabağın yenidən
qaytarılması istiqamətində geopolitik fürsətlərin yaranacağı günü gözlədi. Amma
o günə qədər də boş oturmadı. Ölkəmizin suveren hüquqlarını bütün dünyaya car
çəkərək erməni təbliğatının mənfi nəticələrini aradan qaldırmağa çalışdı və
buna nail oldu. İndisə gözlədiyimiz gün gəlib. Artıq Ermənistan bütün
parametrlərdə bizdən xeyli geridə qalır.
Beynəlxalq hüquq da bizim tərəfimizdədir, geopolitik şərait də. Yaranmış bu
fürsətdən istifadə edən Azərbaycan hakimiyyəti Birinci Qarabağ müharibəsi
zamanı itirdiklərimizi geri almaq əzmi nümayiş etdirir”.
Rafael
Qasımov Soçi görüşündən əvvəl erməni separatizminə hərbi qüdrətimizi
göstərməyimizi də təsadüfi saymır: “Rəsmi Bakı ermənilərə nəyə qadir olduğunu
sübut edərək Soçi görüşünə gedir. Son vaxtlar Dağlıq Qarabağda yaşananlar da
bunun nəticəsidir. Azərbaycan ordusu uğurlu əməliyyatlar keçirərək qarşı tərəfə
əzmimizi göstərdi və onlara torpaqlarımızı öz xoşlarıyla tərk etmək fürsəti verdi.
Soçu görüşündə yəqin ki, bu mesaj daha aydın şəkildə Ermənistana çatdırılacaq. Onlar
yenə də separatçılıq mövqelərindən geri çəkilməsə ölkəmiz hərbi yolla öz
haqqını almaq məcburiyyətində qalacaq. Əslində cənab Əliyevin Ağdamda dilə
gətirdiyi bəzi fikirlər də bundan xəbər verir. Xatırlayırsınızsa o, “müharibə bitməyib. Onun birinci mərhələsi
başa çatıb, ikinci mərhələ də başlana bilər”-deyirdi.
Rəsmi Bakının bu mövqeyini hümanizm kimi
qiymətləndirən Rafael Qasımov Azərbaycanın Dağlıq Qarabağ strategiyası mümkün qədər
az qan bahasına öz məqsədinə nail olmaqdır: “Ümidvaram ki, ermənilər də bu
mesajın mahiyyətini anladılar”.



































































































