Sabiq müdafiə naziri Rəhim Qazıyev BMT baş katibi pan Gi Munun Azərbaycan-Ermənistan təmas xəttindəki gərginliklə bağlı səsləndirdiyi bəyanata etiraz edib. Bununla bağlı Moderator.az-a açıqlama verən R.Qazıyev Qarabağ probleminin həllinə bu şəkildə yanaşmanın ədalətli olmadığını qeyd edib:
“Pan Gi Mun Azərbaycan-Ermənistan təmas xəttində baş verənlərlə bağlı bəyanat verərək hər iki tərəfi atəşkəs rejiminə əməl etməyə, təmkinli olmağa çağırıb. Dünyanın ən byük, ən nüfuzlu beynəlxalq təşkilatı olan bu qurum 22 ildir ki, Ermənistan tərəfindən işğal edilən torpaqların azad edilməsi ilə bağlı bəyanatların hələ də yerinə yetirilməsi haqqında heç nə demir, amma bizi təmkinli olmağa çağırır. Bir milyon nəfər qaçqını olan, torpaqlarının 20%-i işğal edilən bir ölkənin qeyri-insanı şərtlər altında yaşayan əhalisi daha nə qədər təmkinli olmalıdır? Əlbəttə, rahat, komfortlu kabinetlərdə oturan Pan Gi Munun bu bəyanatı Azərbaycan xalqında narazılıq oyatmaya bilməz. Bu insanlar nə qədər dözməlidir? Yurdsuz-yuvasız olan bu insanlar nə qədər BMT-nin, ATƏT-in bəyanatlarına təmkinlə yanaşmalıdır? Məgər hər zaman üzləşdiyi bütün ədalətsizliklər və məhrumiətlərə rəğmən dözümlü olmaq Azərbaycan xalqının taleyinəmi yazılıb? Niyə ermənilərin dünyanın gözü qarşısında törətdiyi bu qədər cinayətlərə göz yumulur? Beynəlxalq təşkilatlar bu günə qədər özlərinin çıxartdığı qətnamələrin icrası istiqamətində heç bir addım atmayıb. Hesab edirəm ki, 20 illik atəşkəsin ardınca problemin həlli daha çətin və mümkünsüz vəziyyətə gəlib çıxırsa, o zaman məlum problemin həlli ilə bağlı Azərbaycan xalqının özü tədbir görməlidir. Azərbaycan öz sözünü deməlidir. Beynəlxalq hüquq normalarına görə, işğal edilmiş ərazilərini azad etmək Azərbaycan xalqının öz hüququdur. Bəli, biz müharibə istəmirik. Biz müharibə başlamamışıq. Elan edilməmiş müharibəni başladan ermənilər və onların arxasında duran qüvvələr olub. Lakin bu gün də bizi təmkinli olmağa çağırırlar. Halbuki, bugünə qədər ədalət çoxdan bərpa edilməli idi. Qarabağdan çıxan nəsil qocalmağa doğru gedir. Daha nə qəqəd təmkinli olmalıdır? Mən baş verənlərdən təəccüb və təəssüf duyur, Azərbaycan xalqını öz taleyinə sahib çıxmağa səsləyirəm”.
Seymur Əliyev






























































































