Bu gün Bakıda 'SOCAR Yay Məktəbi - 2014' layihəsinin rəsmi açılış mərasimi keçirilib.
“APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov “Yay məktəbi” iştirakçılarını salamlayıb, onları müsabiqənin qalibi olmaları münasibətilə təbrik edib.
X. Məmmədov ARDNŞ-nin həyata keçirdiyi təhsil proqramları haqqında məlumat verib, “SOCAR Yay məktəbi” proqramının məqsədlərindən danışıb. O bildirib ki, ARDNŞ 2005-ci ildən təhsildə seçilən istedadlı gəncləri daxili təqaüd proqramlarına cəlb etməyə başlayıb: “Yüzdən artıq gənc isə hazırda şirkətin Təqaüd Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirir”.
Qeyd olunub ki, “Yay məktəbi”ndə mühazirəçilərin də çoxu ARDNŞ-in Təqaüd Proqramı çərçivəsində təhsillərini xaricdə başa vurub, şirkətin idarə və müəssisələrində çalışan gənclərdir.
X. Məmmədov vurğulayıb ki, 2012-ci ildən etibarən “Yay məktəbi” layihəsinə tələbələrlə yanaşı ARDNŞ əməkdaşları da cəlb olunublar: “Eyni zamanda, 2013-cü ildən etibarən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə “Yay məktəbi” layihəsində fərqlənən iştirakçıların şirkətin xarici ölkələrdəki müəssisələrinə ekskursiyası təşkil olunur. Bu ilki layihənin ən fəal iştirakçılarının İsveçrə, Türkiyə və Gürcüstanda ARDNŞ tərəfindən idarə olunan müəssisələrdə bir həftəlik təcrübə keçmələri nəzərdə tutulub”.
“SOCAR Yay Məktəbi - 2014” layihəsində iştirakçı sayının 36 nəfərdən 50 nəfərə çatdırıldığı qeyd olunub, bildirilib ki, indiyə kimi Şirkətin “Yay Məktəbi” layihələrinə ümumilikdə 1230 nəfər müraciət etmiş (2010-cu ildə 80 nəfər, 2011-ci ildə 222 nəfər, 2012-ci ildə 272 nəfər, 2013-cü ildə 276 nəfər, 2014-cü ildə 380 nəfər), onlardan 192 nəfəri iştirakçı olmaq hüququ qazanıb. Tədbir iştirakçılarının suallarına ətraflı cavab verilib.
Qeyd edək ki, “SOCAR Yay Məktəbi-2014” iştirakçıları üçün maraqlı proqram hazırlanıb. Avqustun 13-dək davam edəcək Yay məktəbində enerji sektorunun bütün sahələrini - neft-qaz yataqlarının geologiya-geofizikası, qazma texnologiyası, neft-qaz hasilatı, nəqli və saxlanması, ekoloji normalar və alternativ enerji mənbələri, neft və neft məhsullarının satışı, neftin qiymətinin formalaşmasını və s. mövzularda çıxışlar olacaq, diskussiyalar keçiriləcək, iştirakçılar Şirkətin məsul şəxslərinin mühazirələrini dinləyəcək, praktiki məşğələlər keçəcəklər. Yay məktəbi dövründə gənclər üçün Şirkətin idarə və müəssisələrinə ekskursiyalar da təşkil ediləcək ki, bu da onların istehsalat prosesi ilə yaxından tanış olmasına imkan yaradacaq.






























































































