Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əvəz Həsənov son günlər cəbhə xəttində baş verənlərə yerli və beynəlxalq medianın sərgilədiyi mövqeni müşahidə edərək belə qənaətə gəlib ki, ikinci Qarabağ savaşı başlayacağı təqdirdə fərqli yanaşmalar ortaya qoymaqla ermənilərə təbliğat savaşında bizə qalib gəlməyə
imkan verməməliyik:
"Müasir hərbi əməliyyatlarınm və onun mətbuatda işıqlanmasının xarakteri onu göstərir ki, əgər hər hansı ciddi döyüş əməliyyatları gedəcəksə bu cür münaqişələri işıqlandırmaqda maraqlı olan beynəlxalq mətbuatın diqqətindən qaçmaq olmayacaq. Biz onlara mane olsaq? qarşı tərəf onları döyüş gedən ərazilərə gətirəcək və onların hazırladıqları reportajlar ilə döyüşlərin başqa obrazını yaradacaq. Ona görə də vəziyyətin gərginləşdiyi halda beynəlxalq mətbuatın belə bölgəyə səfərindən yayınmayaq, əksinə, onlara şərait yaradaq ki, reallığı göstərə bilsinlər.
Bundan ötrü öz daxili mətbuatımızın gərgin vəziyyətə necə münasibət göstərməsini tənzimləmək lazımdır. Uydurma və yalanlar ilə guya vətənpərvər əhval-ruhiyyəni qaldırmaq əvəzinə bir mərkəzdən real olaraq insanlarda vətənpərvərlik hislərinin güclənməsi və cəbhədən gələn xəbərlərlə işləmək vərdişlərini öyrədin!
Yalançı və saxta faktlar əsasında təşkil olunan məlumatlardansa planlaşdırılmış məlumatlara qərbdə inam daha böyük olacaq. Əgər cəbhədə baş verənlər ilə bağlı eyni zamanda qarşı tərəfin imicinə zərbə vurmaq və ona informasiya mücadiləsində qalib gəlmək istəyiriksə bunları nəzərə almaq pis olmazdı."
































































































