Bugünlərdə Ukraynada mərkəzi hökumətə qarşı vuruşan seperatçılar arasında azərbaycanlıların da olması ilə bağlı xəbərlər yayılmaqdadır. Hələlik, həmin azərbaycanlılarla bağlı foto və və ya video görüntülər təqdim edilməsə də, məlum informasiyanın Ukraynanın bəzi rəsmiləri tərəfindən də təsdiq edilməsi bu xəbərlərin həqiqət ola biləcəyi ilə bağlı ehtimallara yol açır.
Məlumat üçün qeyd edək ki, Ukrayna-Rusiya gərginliyi başlayandan bu günə qədər Azərbaycan dövlət olaraq Ukraynanın marağına zidd hər hansı addım atmayıb. Əksinə, Krımın Rusiya tərəfindən ilhaqından sonra beynəlxalıq təşkilatlarda Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən Azərbaycan, bu məsələdə Moskvaya qarşı cəbhə açmaqdan çəkinmədiyini göstərdi. Məhz bu baxımdan da seperatçılar arasında azərbaycanlıların da olması ilə bağlı yayılan xəbərlər ictimaiyyət tərəfindən təəccüb və inamsızlıqla qarşılanmaqdadır.
Bəzi ictimai-siyasi xadimlər hesab edir ki, Ukrayna hökumətinə qarşı azərbaycanlıların vuruşması ilə bağlı yayılan xəbərlər yalnız qismən həqiqət ola bilər. Belə ki, burada söhbət hansısa məbləğ qarşılığında 3-5 azərbaycanlının muzdlu olaraq savaşmasından gedə bilər ki, bu da bütöv bir xalqın və ya dövlətin mövqeyi kimi dəyərləndirilə bilməz. Başqa sözlə desək, azərbaycanlıların seperatçıların sırasında kütləvi şəkildə təmsil olunması bütün hallarda istisna edilir.
Ekspertlər yayılan informasiyaların təxribat ola biləcəyini də istisna etmir. Bəzi analitiklər hesab edir ki, Rusiya bu cür məlumatların ictimaiyyiləşməsində maraqlı ola bilər. Ən azından ona görə ki, bu xəbərlərin istənilən halda Ukrayna-Azərbaycan münasibətlərinə az və ya çox dərəcədə təsir göstərəcəyi, tərəflər arasında qarşılıqlı inamsızlıq formalaşdıracağı istisna deyil. Bu baxımdan bəzi politoloqlar yayılan xəbərləri Rusiya ideoloqlarının növbəti manevri kimi qiymətləndirməkdədir. Ekspertlərin fikrincə, seperatçılar arasında azərbaycanlıların da döyüşməsi ilə bağlı xəbərlər Ukraynanın əlaqədar qurumlarına Rusiyaya bağlı bəzi kanallar tərəfindən məqsədli şəkildə ötürülə və ya Kremlə bağlı bəzi ukraynalı yetkililər tərəfindən təsdiqlənə bilər.
Moderator.az-a açıqlama verən təhlükəsizlik məsələsləri üzrə ekspert, sabiq MTN əməkdaşı İlham İsmayıl da yayılan məlumatların təxribat xarakterli ola biləcəyinə diqqət çəkdi:
“Şübhəsiz ki, ortada bir təxribat məsələsi ola bilər. Seperatçıların arasında azərbaycanlıların olması ilə bağlı məlumatın yayılması ola bilsin ki, kimlərinsə marağına uyğundur və onlar bu cür məlumatların yayılmasını məqsədəuyğun hesab edirlər”.
İ.İsmayılın sözlərinə görə, digər bir ehtimal da seperatçıların cərgəsinə çeçenlərin təsir altına düşən bəzi azərbaycanlıların qoşulması ola bilər:
“ Ikinci bir ehtimal odur ki, orada həqiqətən də azərbaycanlılar ola bilər. Lakin bunlar o azərbaycanlılar ola bilər ki, onlar Şimali Qafqazdakı çeçenlərin təsiri altına düşüblər. Necə ki, bu təsir altına düşərək Suriyaya gediblər, İŞİD-ə qoşulublar və s. Bu gün də Ukraynada Kadırovun xüsusi çeçen dəstələri vuruşur. Ola bilsin ki, çeçenlərin təsiri altına düşən azərbaycanlılar var ki, onlar seperatçıların sırasına qoşularaq Ukrayna ordusuna qarşı vuruşurlar”.
İ.İsmayılın sözlərinə görə, Azərbaycanın xalq və dövlət olaraq hər zaman Ukraynanın yanında olduğu və Ukrayna xalqının maraqlarını müdafiə etdiyi birmənalıdır:
“Azərbaycan millət olaraq da, dövlət olaraq da Ukraynanın yanında olub. Rusiyadan ehtiyat etsək də, hardasa çəkinsək də yenə də Ukrayna ilə həmrəyliyimizi nümayiş etdirmişik. Buna görə də mən baş verənləri belə qiymətləndirirəm: bu, ya Rusiyanın təxribatıdır, ya da həqiqətən də orada çeçenlərin təsiri altına düşən məhdud sayda azərbaycanlılar var”.
Seymur Əliyev





























































































