Moderator.az-a bu günlərdə bəlli olub ki, tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli AMEA-da yeni vəzifəyə təyinat alıb. Xəbəri dəqiqləşdimək istəyən saytın əməkdaşına Q. Məhərrəmli aşağıdakıları deyib:
“Prezidentin sərəncamıyla təsdiqlənmiş bir dövlət proqramı var-Qloballaşma şəraitində Azərbaycan dilinin doğru-dürüst tətbiqi və dövlət dilinin qaydalara uyğun şəkildə işlənməsiylə bağlı proqramdır. O proqrama uyğun olaraq AMEA-nın Dilçilik İnstitutunda Monitorinq Şöbəsi yaradılıb və təxminən bir ay olar ki, məni həmin şöbəyə rəhbər təyin ediblər. Akademik Tofiq Hacıyev məni təkidlə dəvət eləyib, mən də gəlmişəm, bu işlərlə bağlı müəyyən fəaliyyətlərim var. Hələlik üzə çıxarılası parlaq bir şeylər yoxdur, duyduğum odur ki, bir çox idarə-müəssisələrdə, dövlət qurumlarında Azərbaycan dilinin adı var, Azərbaycan dilinə sevgi haqqında qəşəng ifadələr var, amma bu dilə ürəkdən gələn məhəbbət və sevgi yoxdur. Prezidentin də imzaladığı dövlət proqramının əsas məğzi, canı odur ki, biz Azərbaycan dilinə layiq olduğu statusu qazandıra bilək, daha doğrusu, o statusu bərpa eləyək. Hər bir azərbaycanlı da hiss eləsin ki, bu dilin daşıyıcısıdır və o dilin qədrin bilsin, o dilin təəssübünü çəksin, o dilin yerini başının üstündə eləsin. Başqa cür mümkün olmayacaq. Dili sevməsək, onun işlənməsinə nail ola bilməyəcəyik”.

























































































