Moderator.az xəbər verir ki, cari ilin 7-10 iyul tarixlərində Bakı şəhərində Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə həyata keçirilən aktivlərin idarəedilməsi sistemi tələblərini müəyyən edən İSO 55001-2014 standartı üzrə dörd günlük təlim başa çatıb.
Təlimdə Azərbaycan Respublikasında geniş infrastruktura malik dövlət və özəl şirkətlərin nümayəndələri iştirak etmişdir. Təlim üç hissədən ibarət olmaqla, aktivlərin idarəedilməsinin əsaslarını, İSO 55001 tələblərini, İSO 55001 üzrə auditin əsas aspektlərini özündə cəmləşdirmişdir. Təlim zamanı Britaniya Standartlar İnstitutunun nümayəndəsi Pedro Pastrana çıxış edərəktəlim iştirakçılarına İSO 55001 “Aktivlərin idarəedilməsi sistemi” standartının tətbiqi barədə geniş məlumat vermişdir.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd iri şirkətlərin infrastrukturunun, aktivlərinin effektiv idarəedilməsinin yüksəldilməsi istiqamətləri barədə şirkət nümayəndələrini məlumatlandırmaq, biznesin strateji məqsədlərinə nail olmaqda müəssisələrə öz aktivlərindən effektiv və səmərəli istifadə etmə yollarını göstərmək olub.































































































