Türkmənistanın Avrasiya İttifaqına girməməsi barədə qərarını açıqlaması Azərbaycanın da analoji addım atması ehtimallarını gücləndirib. Ekspertlərin fikrincə, Türkmənistanın öz müstəqilliyini qoruma cəhdindən Azərbaycan da özü üçün nəticə çıxarmalıdır.
Qeyd edək ki, Türkmənistanın Rusiyadakı səfiri Berdımurat Rəcəbov ölkəsinin Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsini şərh edərkən bunun mümkünsüz olduğunu bildirib: “Türkmənistan Rusiyanı özünün strateji partnyoru hesab edir. Amma bizim ölkə Avrasiya İttifaqına girməkdə maraqlı deyil”.
Sözçü bildirib ki, Türkmənistan prezidenti Qurbanqulu Bedrıməhəmmədov rəsmi Aşqabadın xarici ölkələrdəki səfirlərlə görüşündə Avrasiya İttifaqı ilə bağlı məsələlərdən söz açıb. Səfirin sözlərinə görə, Türkmənistan dövlət başçısı Rusiyanı strateji partnyor hesab edir: “Prezident bizimlə keçirdiyi müşavirədə Rusiya ilə əməkdaşlığın strateji xarakter daşıdığını bəyan etdi. Bu gün siyasi planda Türkmənistan və Rusiya BMT-də bir-birini dəstəkləyir. Avrasiya İttifaqı məsələsində isə Türkmənistan bitərəf xarici siyasətinə uyğun hərəkət edəcək. Biz ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq. Lakin Avrasiya İttifaqına üzvlük bizim gündəliyimizə daxil deyil”.
Ekspert Ərəstun Oruclunun sözlərinə görə, Türkmənistanın sözügedən birliyə daxil olmayacağı əvvəlcədən bəlli idi: “Burada sürpriz bir şey yoxdur. Çünki Türkmənistan bilir ki, Avrasiya İttifaqına qoşulmaq özünün iqtisadi maraqlarını bütövlükdə Rusiyaya bağlamaq deməkdir. Türkmənistan isə bölgədə ən böyük qaz ixracatçısı və qaz ehtiyatları olan ölkələrdən biridir. Orada Avropa Birliyinin maraqları var, xüsusilə əməkdaşlıq maraqları. Şübhəsiz ki, Avropa Birliyi ilə qaz, enerji əməkdaşlığı qurmaqla Türkmənistan öz müstəqilliyini daha çox qorumuş olacaq, nəinki Avrasiya iqtisadi birliyinə daxil olmaqla”.
Ekspertin sözlərinə görə, bu addım Azərbaycan üçün də əslində bu bir örnəkdir: “Azərbaycan da Türkmənistan kimi Avrasiya İttifaqına qoşulmayacaq. Tam əminliklə olmasa da, yüksək ehtimalla deyirəm ki, belə olacaq. Çünki eyni maraqlar Azərbaycanın özündə də var. Azərbaycanın bu məsələdə mövqeyi, maraqları Türkmənistanla tamamilə üst-üstə düşür”.
Ekspert Natiq Miri isə qeyd edir ki, Türkmənistanın ittifaqdan imtinası Postsovet məkanında yeni presedent yaradacaq: “Çünki Türkmənistan bu atdığı addımın onun mentaliteti ilə bağlı olduğunu desə də, hər bir halda Avrasiya İttifaqına qoşulmamaqla öz suveren hüquqlarını yenidən Rusiyaya vermək istəmədiyini nümayiş etdirdi. Bu, hesab edirəm ki, davamlı olacaq. Türkmənistan kimi Azərbaycan da Avrasiya İttifaqına girməmək yönündə daha qətiyyətli addım atmalıdır. Türkmənistanın hərəkəti Azərbaycan və digər Orta Asiya ölkələri üçün örnək ola bilər. Ona görə Türkmənistanın bu addımı Azərbaycanın önünü açdı. Düzdür, Azərbaycan Avrasiya İttifaqından imtina etməklə Avropa Birliyinə də ciddi inteqrasiya xətti götürməyib. Sadəcə, bunu sözdə müəyyən xüsuslarda deyiblər. Ancaq ciddi mənada Avropaya ciddi inteqrasiyadan bu gün söhbət getmir. Yaxın dövrdə olacağını da düşünmürəm. Ancaq hər bir halda, Rusiya təhlükəsindən sovuşmaq üçün mənə elə gəlir ki, Türkmənistan hadisəsi Azərbaycana siyasi mənada maraqlarına uyğun bir davranış olub”.
Politoloq Qabil Hüseynli isə Editor.az-a Türkmənistanın “Avrasiya İttifaqı”na üzvlükdən imtina etməsini şərh edərkən bildirib ki, bu, təbiidir: “İndiki halda Türkmənistanın “Avrasiya İttifaqı”na üzvlükdən imtina etməsi təbiidir. Çünki bu qurumun heç bir perspektivi yoxdur və ittifaqa üzvlük postsovet ölkələrinə yalnız problemlər gətirə bilər”.
Onun sözlərinə görə, “Avrasiya İttifaqı”na yalnız Rusiyadan birmənalı şəkildə asılı olan dövlətlər üzv olacaq: “Heç kimə sirr deyil ki, Rusiya diktator rejimləri müdafiə etməklə məşğuldur. Çünki bu ölkənin özündə də demokratik ənənələr oturuşmayıb. Ölkə korrupsiya burulğanında boğulur. Belə olduğu təqdirdə Rusiya ya daxildə ciddi islahatlar aparmalı, ya da diktator rejimləri müdafiə etməklə, diqqəti özündən yayındırmalıdır. Biz bunu Suriya, Ukrayna, Gürcüstan, Qırğızıstan və digər dövlətlərin timsalında aydın gördük. İndiki məqamda rəsmi Kreml başa düşür ki, pərakəndə şəkildə bu siyasəti davam etdirə bilməyəcək. Bu səbəbdən təşkilatlanmağa, kollektivləşməyə üstünlük verir. Faktiki olaraq SSRİ-ni bərpa etməyə çalışır. Lakin bu baş tutmayacaq ideyadır. Nəinki Türkmənistan, bir balaca müstəqilliyi olan heç bir dövlət “Avrasiya İttifaqı”na üzv olmayacaq”.
Qeyd edək ki, may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sənədi imzalayıblar. Bəzi siyasi şərhçilərin “Yeni SSRİ” kimi xarakterizə etdiyi Avrasiya Birliyinin 2015-ci ilin ilk aylarından fəaliyyətə başlayacağı gözlənilir.
Musavat.com
































































































