2012-ci ilin dekabrında Sədərək Keçid Məntəqəsində
şərlənərək həbs olunan, Sədərək Rayon Məhkəməsinin qərarı ilə 4 il
müddətə azadlıqdan məhrum edilən, 5 ay həbs yatdıqdan sonra Naxçıvan Ali
Məhkəməsinin qərarı ilə şərti olaraq azadlığa çıxan sahibkar Məmməd Qurbanov
Vasif Talıbova ərizə ilə müraciət edib. Moderator.az həmin ərizəni olduğu kimi oxuculara təqdim edir.
Naxçıvan MR Ali Məclisinin sədri hörmətli Vasif Talıbov yoldaşa
Hörmətli sədr!
Sədərək Gömrük Keçid
məntəqəsində baş vermiş insident barədə sizə necə məlumat veriblər bilmirəm. Bu
barədə 2 dəfə sizə məktubla müraciət etdim. Təəssüf ki, sizə şəxsən
çatdırmadılar. Bu hadisənin gerçək səbəbləri haqqında sizə məlumat vermək
istəyirəm.
Hörmətli sədr, 2006-cı ilin əvvəlinə qədər çox
ağır maddi çətinliklər içərisində yaşayırdım.
2006-cı ilin əvvəlində mən Türkiyədən hərdən bir qutu "Danino" uşaq
yeməyi gətirməyə başladım. Bir qutuda 96 ədəd 40 qramlıq "Danıno" olur. Həmin
dövrlərdə “Danino” uşaq yeməyini Naxçıvanda tanımırdılar. Naxçıvanın bütün
küçələrini gəzərək, bütün dükanlara yalvara-yalvara nisyə satırdım kı, o
çeşiddən olan maları Naxçıvan camaatına tanıtdırım. Dükanlar götürməyə qorxurdular.
Deyirdilər ki, bunlar rəngli boyaya bənzəyir, camaatın uşaqlarına satarıq,
yeyib ölərlər, bizi tutarlar. Mən onlara çətinliklə də olsa inandırırdım ki, heç
nə olmaz.
Piyada şəhərin bu
başından o başına nisyələri, hər dükandan 20-30 qəpikləri toplayırdım. Bəzən
həmin 20-30 qəpikləri yıgmaq üçün 1 dükana bir neçə dəfə getmək lazım gəlirdi.
Beləliklə "Danino" uşaq yeməklərini və o çeşiddən olan ərzaqları,
Türkiyə istehsalı olan süd, qatıq, ayran və onlarla çeşiddə ərzaq mallarını
tədricən alıcılara tanıtdım. Bu yolla Sədərək gömrük məntəqəsinin mütəmadi
təzyiqlərinə məruz qala-qala öz ailəmin çörəyini təmin etməyə başladım. Bir
sözlə, ailəmə çörək qazanmaq yolunda təhqirlərdən, təzyiqlərdən, dəlixanalardan, türmələrdən, sürgünlərdən keçmişəm. Ancaq hər kəs zəhmətlə, ləyaqətlə çörək
qazanmır. Bəzi adamlar başqasına torba tikməklə onun çörəyinə sahib
çıxır.
2011-ci ilin payızında Naxçıvanda işləyən bir türk
vətəndaşı elçi kimi Iğdırda mənim mal aldığım şirkətə gedir və deyir:
"Siz Məmməd Qurbanova "Danino" və ərzaqları verməyin. Onsuz onu aradan götürəcəklər, yox
edəcəklər. Siz gəlin bizimlə işləyin. Gömrükdə problemimiz yoxdur, bizə yaşıl
işıqdır, rüsum məsələsi bizə aid deyil, əlimizin üstündə əl yoxdur.
Bizimlə işləmək sizə daha sərfəli olar”.
Şirkətdən cavab verirlər ki,biz
sizinlə işleməyə etiraz etmirik, ancaq məsələ ondadır ki, Məmməd Qurbanov 7 il
bizim mallarımızın tanıdılmasında, satışında böyuk əməyi olub, həm də çox
dürüst bir insandır. Biz ona mal vermirik sözünü deyə bilmərik. Əgər desək belə onun üçün heç bir şey dəyişməz. Bank vasitəsilə hansı şəhərdəki şirkətə
pulunu köçürsə, istədiyi malı Iğdırda təhvil ala bilər.
Elçi geri dönür, götür-qoy edib
görürlər ki, doğurdan da məni bu işdən uzaqlaşdıra bilməyəcəklər. Məsələnin
Sədərək Gömrük Keçid Məntəqəsində həll etməyə qərar verirlər. Yeni bu işi
buraxıb qaçmağım üçün gömrük məntəqəsi mənə əsassız, süni maneələr, təzyiqlər
yaratmalı, yuksək qeyri-qanuni rüsumlar tətbiq etməli, mallarımı zorakılıqla
əlımdən alıb mənimsəməli, dünyada mövcud olmayan sənədlər tələb edilməli və s...
Həmin gündən etibarən sadaladığım problemləri
mütəmadi olaraq bir ildən artıq gömrüklə yaşadım. Külli miqdarda
zərər verdilər, ancaq çörəyimi əlimdən vermədim. 2012-ci ilin mart ayında
Naxçıvan MR Gömrük Komitəsinin qarşısındakı musahibəm də bununla baglı ıdı.
Bəlkə də internetdə görmüsünüz. 2012-ci ilin sentyabr ayından başlayaraq
həlledici hücuma keçdiler. Və nəhayət gördülər ki, mənə zərər verməklə işimdən
uzaqlaşdıra bilmirlər. Son dəfə üz-üzə işimdən əl çəkmək üçün xəbərdarlıq etdilər.
Əks təqdirdə başımın bəla çəkəcəyini bildirdilər. Hətta məni yola gətirmək üçün
mal aldığım şirkət nümayəndəsini xahiş edərək Naxçıvana gətirtdilər.
Həmin adam Naxçıvanda çay evində mənimlə görüşdü. Görüşümüzdən 5 dəqiqədən sonra isə yanımıza yuxarıda
bəhs etdiyim elçi də gəldi. O zaman şırkət nümayəndəsi mənə dedi:
"Məmməd əmi, sənə olan sayğımızı deməyə gərək yoxdur. Amma sənin
başın bəla çəkəcək. Gəl sən bu adamlarla razılaş.
Mən ona bildirdim ki, bu adamların əllərinin
uzunluğunu bilirəm, bütün təhlükələri də gözləyirəm, ancaq öz çörəyimi də
kiməsə vermək fikrində deyiləm. Cünki illərlə ac günlərimdə çörək
istəmişəm, ancaq kiminsə mənə çörək verməyə nə vicdanı, nə də şərəfi çatmayıb.
Ona görə də kiminsə mənim çörəyimə gözünü dikməyə mənəvi haqqı yoxdur. Üzümü elçiyə tutub dedim: “Sizin hamınızdan
xahiş edirəm gedin şərəflə öz çörəyinizi qazanın. Məndən uzaq durum!”.
Bu söhbətdən sonra
Sədərək Gömrük Keçid Məntəqəsində mənə qarşı aqressiya daha da gücləndi.
Hadisədən bir həftə öncə Mirməhəmməd Seyidovu mənə qarşı təxribatlar olacağı
ilə bağlı xəbərdarlıq etdim. Dedim ki, nə qədər pul tələb edirsinizsə verirəm, amma bu adamlar gömrükdə sənin əlinlə mənə torba tikəcəklər. Bunun qarşısını al. Zatən şikayətlərimi
kimsə eşitmək istəmir. Əgər təxribatların qarşısını almasan, gələn dəfə mal
gətirəndə qeyri-qanuni rüsumu ödəməyəcəyəm, malı anbara təhvil verib birbaşa
mətbuata çıxıb canlı yayımda hər şeyi bütün çılpaqlıqları ilə
ictimailəşdirəcəyəm. Çünki məni böyük təhlükə gözləyir. Bu xəbərdarlığı
bildirdiyimə görə növbəti həftə mənə qarşı təxribatın artıq gerçəkləşəcəyini
bilirdim. Gömrük rəisi mənimlə qanuni rəftara keçsə idi onu ışdən çıxarardılar, qeyri-qanuni
rəftar etsəydi ictimailəşəcəkdi. Yeganə seçim yolu qalmışdı -nəyin bahasına olursa-olsun
məni susdurmaq.
Dekabrın 8-də mən gömrüyə gəldim və Yük
Şöbəsinin müdiri Namiq adlı şəxsə dedim ki,
mən qanunsuz rüsumu ödəməyəcəyəm. Malı anbara boşaldıb gedib
qanunsuzluqla bağlı mətbuata açıqlama verim, ya da qanuni rüsumu ödəyim boşaltmayım? Namiq
maşını anbara boşaldıb getməyi məsləhət gördü. Mən maşını anbara
boşaltdırarkən Namiq telefonda zəng edərək ərazidə olan işçiləri oraya çağırdı.
10 dəqiqə ərzində 40-a yaxın gömrük işçisinin əhatəsində idik. Bu zaman rəis
Mirməhəmməd Seyidov gəldi. Fəhlələrə tapşırdı ki, malları boşaltmağı
dayandırsınlar. Dedim Mirməhəmməd müəllim indiki vəziyyəti görürsən. Gəl
təxribata getmə. Qanuni rüsumu al, mən gedim. Mirməhəmməd seçimsiz vəziyyətdə
düşünməyə başladı. Namiqin qulağından telefon əksik olmurdu. Bu zaman ona telefonla yeni təlimat geldi. İşçilərə işarə etdi ki, vurun!
Kürəkənlərimin hərəsinin üstünə 10-15 nəfər hücum edib təpikləməyə,
yumruqlamağa başladılar. Mirməhəmməd çığırdı ki, vurmayın, dayanın. Qaçdı
aralamağa. Mən də onun kimi. Artıq her şey gec idi. Mənə və maşınımda əyləşən
hüquq müdafiəçiləri İlqar Nəsibov ve Elman Abbasova da hücum edərək vurdular,
maşınımı təpikləməyə, yumruqlamağa başladılar. Bir azdan Naxçıvan MR DİN ”“dən
xüsusi dəstə gəldi. Mirməhəmməd Seyidovun kabnetində düzüb qoşma işləri
tamamlandi, bizə qarşı torba tikildi...
Həbsxanadan çıxandan sonra yenə öz işimin arxasınca
getdim. Gətirdiyim malları gömrükdən buraxmadılar. Ona görə ki, mənim çörəyim
artıq həbsxanaya düşən gündən özəlləşdirilmişdi...
Bir şeyi diqqətinizə çatdırmaq
istəyirəm. İddia olunurdu ki, Məmməd Qurbanov Namiq Şıxəliyevin sinəsinə bir yumruq vurdu. Bir şər olan yumruq
iddiasına görə Məmməd Qurbanova qarşı 500 səhifədən artıq istintaq materialı
hazırlayıb mühakimə edirlər. 60 yaşında bir adama amansız işgəncələr verirlər, şaxtalı
gündə, açıq havada qar yağa-yağa tam lüt vəziyyətdə saxlayırlar, aftafa ilə
üstünə soyuq su tökürlər, döyürlər, söyürlər, 30 min manatdan yuxarı qiymətə
aldıgı “Tayota Gamri” markalı maşınını əzirlər, matoruna şəkər tozu töküb sıradan
çıxarırlar, 3 ədəd 300 manat dəyərində telefonları yüksək gərginlikdə
yandırırlar, sürücülük vəsiqəmi, etibarnamələrimi,dükanlarda olan alacaqlarımı
almayım deyə fakturalarımı məhv edirlər, gömrükdə qalan 10 min manatdan artıq
dəyəri olan ərzaq malını mənimsəyirlər, ailə- uşağıma təzyiq edib Naxçıvandan
didərgin salırlar, anbarda küllü miqdarda malım sahibsiz qalaraq istifadə
müddətini keçir, cəmiyət arasında şərəf ləyaqətimizi alçaltmaq məqsədi ilə özlərinə
məxsus fikirlər, rəylər yaradırlar. Heç kimə cəza verilmir.
Bəs bunlar cinayət deyilmi? Bu
iki faktor arasındakı ikili munasibətə mən bir ad qoya bilmirəm. Ona görə də bu
məsələni buraxıram insan hüquqlarının və ədalətin şəffaflığından danışanların
özlərinin vicdanının mühakiməsinə.
Hörmetli sədr!
Mən bu açıqlamada yalnız Sədərək Gömrük Keçid
Mentəqəsində bizə qarşı təşkil edilmiş təxribatın gerçək səbəblərini
ixtisarla, etika
xatirinə yarıçılpaq şəkilde sizə çatdırdım.
Onlarla məsələlərə toxunmadım. Bu təxribatın gerçək səbəblərinin detallarını
açıqladığıma görə aqressivləşib mənə qarşı yeni təxribata əl ata bilərlər.
Hörmətli sədr.
Mən danışmaq istəmirəm. Zatən danışmaq ücün
məsləhətli zaman da deyil. Sadəcə istədiyim odur ki, mənə gunahsız yerə vurduqları
külli miqdarda maddi zərəri ödəsinlər, çörəyimdən geri çəkilsinlər. Mənəvi,
psixoloji cəhətdən vurduqlari zərbəni isə dəyəri milyonlardır.
Hörmətli sədr!
Sizdən xahiş edirəm bu məsələni
obyektiv araşdırasınız və mənə vurulmuş
zərərlərin ödənilməsinə köməklik edəsiniz.
Hörmətlə : Məmməd Qurbanov.

































































































