Türkiyəli milyarder, “Doğuş Qrupu” holdinqinin sahibi Ferit Şahenkin restoran biznesində ciddi problem yaranıb.
Virtualaz.org saytı xəbər verir ki, buna səbəb azərbaycanlı oliqarxın oğlunun iş adamına məxsus məşhur restoranı “söküb” Bakıya gətirməsidir.
Ferit Faik Şahenk “Doğuş Holding”in prezidenti və “Garanti Bankası”nın idarə heyətinin sədridir. “Forbes”in məlumatına görə, onun şəxsi kapitalı 3,4 milyard dollardır.
Türkiyə mənbələrinin bildirdiyinə görə, Ferit Şahenk 2012-ci ildə qida və restoran sektoruna girib. O, 2010-cu ildə Nusret Gökçə və ortağı tərəfindən qurulan “Nusr”™et Steak House”un səhmlərinin 50 faizini alıb. Bununla da iş adamı “Nusr”™et” brendi altında fəaliyyət göstərən elit resoranlar şəbəkəsinə ortaq olub. Lakin son zamanlar “Nusr”™et”də problemlər yaşanır.

Xəbərdə bildirilir ki, hər şey azərbaycanlı iş adamının Bakıda “Nusr”™et”in bənzəri olan restoran açmaq niyyətindən sonra başlayıb. Türkiyəyə gedəndə bu restoranın ən önəmli müştərilərindən olan həmin gənc iş adamı Bakıda açdığı restoranın administratorluğuna daha yüksək maaş verməklə “Nusr”™et”in administratorunu gətirib.
Layihə irəlilədikcə həmin administrator “Nusr”™et”in ofisiantlarını və aşpazlarını da bir-bir Bakıdakı restorana cəlb edib. Ötən həftə isə Bakıdakı restoranın açılışı ərəfəsində azərbaycanlı oliqarx “Nusr”™et”in bütün heyətini kütləvi şəkildə öz restoranına transfer edib.
Ramazan ayında işlərin çoxaldığı bir vaxtda “Nusr”™et”in bütün işçilərinin Bakıya transfer edilməsi restoranın ortaqlarına ciddi problem yaradıb. Məlumatda deyilir ki, vaxtilə “Nusr”™et” yeni açılanda da Türkiyənin məşhur restoranlarından heyəti bu cür kütləvi şəkildə transfer etmişdilər.
Virtualaz.org saytı onu da araşdırıb ki, həmin gənc iş adamı hərbi prokuror Xanlar Vəliyevin və Gəncənin icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin oğlu Elnur Vəliyevdir.
Elnur Vəliyev vaxtilə Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsinin rəisi olub və “Yaxt klub”da Yeni il axşamı baş vermiş atışmada iştirakına görə gündəmə gəlib. Həmin atışmadan sonra onu rəis vəzifəsindən azad edərək Səbayel Rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsinə qaytarıblar. Sonra isə Suraxanı RPİ 31-ci polis bölməsinin rəis müavini təyin edilib. Bir müddət sonra isə daxili işlər orqanlarından xaric olunub və biznesə keçib.

Elnur Vəliyev Türkiyədə böyük biznes quraraq Azərbaycanda da biznes fəaliyyətini genişləndirib. E.Vəliyev Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında Türkiyədəki “Nusr”™et” restoranının bənzəri olan “ELVET” (belə görünür ki, abbreviatura Elnur Vəliyev və “Nusr”™et”dəki “et” sözlərindən götürülüb-red.) restoranını inşa etməyə başlayıb. İndi isə “Nusr”™et”in bütün heyətini kütləvi şəkildə öz restoranına transfer edib.
E.Vəliyevin atası Şahmar Vəliyev də biznesmendir və “Karvan Holdinq”in prezidentidir. O, Yevlaxın “Karvan” futbol klubunun sponsorudur.
































































































