Samir Şərifov ABŞ-Azərbaycan münasibətlərindən ağızdolusu danışdı

Hazırda oxunan: Samir Şərifov ABŞ-Azərbaycan münasibətlərindən ağızdolusu danışdı

49317
Moderator.az xəbər verir ki, bu gün Bakıda ABŞ-ın 238-ci Müstəqillik Günü qeyd olunub. 

Tədbirdə Azərbaycanın dövlət rəsmilləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri və digər qonaqlar iştirak edib. 

Tədbiri giriş sözü ilə açan ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bütün iştirakçılara tədbirdə iştiraka görə təşəkkürünü bildirərək, ABŞ-ın müstəqillik tarixi barədə tədbir iştirakçılarına məlumat verib. Səfir qeyd edib ki, ABŞ müstəqillik yolunda böyük çətinliklərdən keçərək bu günə gəlib çıxıb. 

ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə toxunan səfir bildirib ki, ABŞ və Azərbaycan birgə çox uğurlara nail olub və 20 ildən artıqdır ki, ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyir.  
 
ABŞ və Azərbaycan arasında güclü tərəfdaşlığın mövcud olduğunu vurğulayan səfir ümid etdiyini bildirib ki, bu əməkdaşlıq yalnız daha da güclənəcək. 

Daha sonra çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov Azərbaycan Prezidentinin və hökümətinin adından ABŞ xalqına səmimi təbriklər çatdırıb və ABŞ xalqına sülh, əmin-amanlıq və firəvanlıq arzu edib. 

Nazir qeyd edib ki, Azərbaycan ilə ABŞ-ı bütün sahələrdə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Nazir bildirib ki, Azərbaycan ABŞ ilə əlaqələrin daha da inkişafına böyük önəm verir: 

"Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə iki ölkə arasında əlaqələrin inkişaf etməsi və daim genişlənməsi məmnunluq doğurur". 

Nazir bildirib ki, Azərbaycanın ümumilli lideri Heydər Əliyev hər zaman ABŞ-Azərbaycan əlaqələrinə xüsusi önəm verib: "Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və xalqın milli maraqlarına əsaslanan xarici siyasəti iki ölkə aransında əlaqələrin daha da genişlənməsinə töhfə verir". 

Nazir bildirib ki, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmlə mübarizə sahəsində ABŞ ilə birgə iştirak Azərbaycan ilə ABŞ arasında əlaqələrə müsbət təsir göstərir. 

ABŞ ilə Azərbaycan arasında ticarət dövriyəsinin də artdığını deyən nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyəsi 1,4 milyard ABŞ dolları təşkil edib. 

S.Şərifov vurğulayıb ki, ABŞ şirkətləri həm Azərbaycanda, həm də Azərbaycanın iştirakı ilə xaricdə yerinə yetirilən iri miqyaslı layihələrdə iştirak edir və Azərbaycana investisiya yatırdır. 

Nazir əlavə edib ki, Azərbaycanın ən ağrılı yeri olan və 20 ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsnin beynəlxalq hüqiuq normaları və sülh yolu ilə həllində Azərbaycan ATƏT Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-a böyük ümid bəsləyir və ABŞ-ın status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqeyini təqdir edir. 

Daha sonra tədbir bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin