Peşə bayramı münasibətilə keçmiş polis rəisi Əlövsət Əliyevin həmkarlarına və ölkə ictimaiyyətinə müraciət edib. Moderator.az həmin müraciəti təqdim edir:
“2 iyul cinayətlərin qarşısının alınması, açılması və istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini, yol hərəkəti təhlükəsizliyinin təşkili və digər sahələr üzrə davamlı olaraq açıq yaxud gizli formada fəaliyyət göstərən Azərbaycan polisinin peşə bayramıdır.
Polis cəmiyyət üçün elə əhəmiyyətli qurumdur ki, əslində bu peşə bayramı hər kəsin sevincinə səbəb olmalıdır.
Əlbəttə, qanunla müəyyən edilmiş hallarda güc tətbiq etmək polisin vəzifəsidir. Polis hüquq-mühafizə orqanıdır, insanlara fiziki qüvvə tətbiq edə bilər, bunun üçün xüsusi vasitələrə (dəyənək, xüsusi təyinatlı gözyaşardıcı qaz, rezin güllə, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələr) malikdir.
Ancaq bunu hansı şəkildə tətbiq etmək daha çox peşəkarlıq, təcrübə məsələsidir. Nəzərə almaq lazımdır ki, bu vəzifələri icra edənlərin əksəriyyətini orta, orta ixtisas və ya natamam ali təhsilli, hər gün çoxsaylı tədbirlərə cəlb olunan, hərbçilər qədər əmrlərin icrasına müntəzir sıravi polis əməkdaşları təşkil edir. Buna görə də onların xidmətdən formalaşan bəzi vərdişləri bizə kobud görünməməli, fəaliyyətləri mətbuatda “qara rəngdə” təqdim edilməməlidir.
Polis böyük bir ordu və ya ailədir. Orada xidmət edənlər arasında müxtəlif xarakterli insanlar var. Bütün xidməti fəaliyyəti ərzində öz üzərində çalışan və hər gün fəaliyyətini təkmilləşdirən, Vətən yolunda canından keçməyə hazır olan, gücləndirilmiş iş rejimində bəzən 12 saata kimi işləyən, müharibə çağırışına tərəddüdsüz "hə" deyən, davamlı olaraq qanunların aliliyinin təmin olunmasına çalışan, hər gün həyatını təhlükəyə atan, vətəndaş kimi, polis əməkdaşı kimi, ailə başçısı kimi çoxlarına nümünə olanlar kifayət qədərdir.
Azərbaycan polisinin tarixində saymaqla qurtarması mümkün olmayan şanlı səhifələrlə yanaşı, təəssüf ki, qara və müəmmalı səhifələr də (məsələn, nazir Arif Heydərovun iş otağında öldürülməsi, Ömər Məmmədov və digər fəal gənclər kimi, hətta siqaret belə çəkməyən və narkotik vasitə tanımayanların müəmmalı şəkildə narkotiklə tutulması və s.) var.
Eyni zamanda insanların hüquq və azadlıqlarını pozmağa meylli, bununla bağlı qanunsuz göstərişlər verən və onları icra edən, hətta Qarabağ döyüşləri zamanı fərarilik edən, vəzifəsindən sui-istifadə edərək övladlarını hərbi xidmətdən yayındıran, tualetdə olan qadını izləməyi özünə və polis adına rəva görən, bununla da papağını “qurban verən”, dünyaya oğlan gətirmədiyinə görə həyat yoldaşını boşayan, vəzifəsindən sui-istifadə edərək şəxsi münasibətlərinin yaxşı olmadığı insanların ölkədən çıxmasına şifahi göstərişlə qadağa qoyan, verdiyi işgəncələrə dözməyərək, ölkəni tərk edən yaxınlarına yaşatdığı işgəncələrın cinayət olduğunu unudaraq, başqa “cinayətkar” ovuna çıxan, müxtəlif qanunsuz yollarla günahsız insanları dəmir barmaqlıqlar arasına salan və ya buna çalışan yüksək rütbəlilər də var.
Polis Azərbaycan cəmiyyətinin üzdə olan hissəsidir və təəssüf ki, biz onu daha çox kütləvi tədbirlərdə zor tətbiq edən görürük və bu gördüklərimiz də ictimaiyyətin polisə münasibətini formalaşdırır. Əslində, polis əməkdaşlarının həyatı hər zaman təhlükədədir və onların müxtəlif qatı cinayətkarlarla daim üz-üzə gəlməsi, yuxusuz gecələri, hər gün onlarla cinayətin isti izlərlə açılmasındakı fəaliyyəti bizim gözümüzdən kənarda baş verir.
Polislər bizim ailə üzvlərimizdir. Mümkün deyil ki, ailəmizin ancaq pis üzvləri polisdə xidmətə seçilsin. Əgər bu ailə üzvümüz pisdirsə, deməli, bizim də günahımız var və biz bu günahı yumaq, “pis polisi” düzgün yola çəkmək üçün addımlar atmalıyıq.
Əməkdaşlarının sayının çoxluğundan, peşəkar kadr potensialından, maddi-texniki bazasının bu gün əhəmiyyətli dərəcədə möhkəmlənməsindən, 102, “Təhlükəsiz şəhər” kimi xidmətlərlə təchiz olunmasından asılı olmayaraq, cinayətkarlığa qarşı mübarizədə insanlar-xüsusilə Azərbaycan Respublikasının vətəndaşları daim polisə yardım etməli, baş verən hər bir cinayətin dərhal qeydiyyata alınmasına və isti izlərlə açılmasına maraq göstərməlidirlər. Hesab edirəm ki, vətəndaşlarla polis arasında münasibətlərin bu şəkildə qurulması cəmiyyətə çox ciddi fayda verə bilər. Vətəndaşların polislə bağlı fikirləri müsbətə doğru dəyişər (Ən azı onların işinin çətinliyi barədə dolğun təsəvvürə malik olar), polisin isə insanlara qarşı davranışlarında korrektələr baş verər.
Əziz həmvətənlər!
Gəlin 2 iyulda hər şeyi unudaq, evdə, həyətdə, küçədə, xidməti otağında olan bir polisə yaxınlaşaq və onların peşə bayramlarını təbrik edək. Keçmiş polis əməkdaşı kimi bilirəm ki, bu onlar üçün böyük sevinc olacaq.
Sonda, müvəqqəti ölkədə olmadığımdan bu müraciətlə sıravi polis nəfərındən general ”“polkovnik rütbəsinə qədər yüksələn cənab Ramil Usubov başda olmaqla, polis olduğundan qürur duyan bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir və hər birinə cinayətkarlığa qarşı mübarizədə uğurlar arzulayıram!”

































































































