Hərbi ekspert ordu generalitetinə üsyan püskürdü...

Hazırda oxunan: Hərbi ekspert ordu generalitetinə üsyan püskürdü...

48914
Dəyərli dostlar, hörmətli hərbçi yoldaşlarım!

Silahlı Qüvvələr günü artıq arxada qaldı. Bir daha haqqı və zəhməti olan bütün əsgər və zabitləri, onların doğmalarını bu əziz və ən şanlı bayram münasibətiylə bir daha ürəkdən təbrik edirəm. Hər birinizə uzun ömür və dözüm arzulayıram. 
Artıq bir neçə gündür ki, Silahlı Qüvvələrimızın vicdanlı zabit və gizirləri şokdadırlar. Onların bu bayramdan gözlədikləri özünü doğrultmadı. Mən onu da başa düşürəm ki, bir az aşağıda yazacaqlarım bizim bəzi vicdan hissini itirmiş şəxslərin, təsadüfi generalların və onların əlaltılarının kefinə soğan doğrayacaq və mənə qarşı kampaniyaya başlayacaqlar. Buyursunlar. Mən hər şeyə hazıram. Yazacaqlarım və deyəcəklərim də təkcə mənim deyil, on minlərlə, bəlkə də milyonlarla vicdanlı insanların haqq sözüdür və deyilməlidir.

Silahlı Qüvvələr günü öncəsi həm xidmətdə, həm də ehtiyatda olan zabit və gizirləri, onların doğmalarını bir sual düşündürürdü ki, görəsən bu bayram onlara dövlət tərəfindən hansısa qiymət veriləcəkmi? Ən azından onların illərlə yığılıb qalmış məzuniyyət pulları, əşya əmlakına görə pul kompensasiyaları onlara veriləcəkmi? Demək olar ki, heç biri reallaşmadı. Çünki toxun acdan xəbəri olmadığı kimi, bizim sayı günü gündən artan generalitet və onların ətrafı özlərinin pul təminatını necə lazımdır həll etdilər, yerdə qalanlar isə hələ də gözləməkdədirlər. Görək bu dəfə bu məsələnin həlli nə qədər vaxt tələb edəcək?

 Dövlət rəhbərliyinin diqqətinə onu çatdırmaq istəyirəm ki, xüsusən ehtiyatda olan zabit və gizirlər, onların yaxın insanları çox narazı və qəzəblidirlər. 

Silahlü Qüvvələr günü ilə əlaqadar ən böyük "bayramı" Prezident Adminstrasiyasının hərbi məsələlər üzrə komandası etdi desəm, yanılmaram.Deyəsən orada günü gündən özünə vurğun olan, əslində isə çoxdan o vəzifədən çıxarılmalı olan general-leytenant Vahid Əliyev ölkə başçısı, SQ-nin Alı Baş Komandanı kimi İlham Əliyevi əməlli başlı cəmiyyətin gözündən salmaq əməlləri ilə məşğuldur. Bu adam deyəsən, əvvəl-axır vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə cavab verməli olacaq. Mən inanıram ki, bir gün onun özbaşınalıqlarına və qanunsuz əməllərinə hüquqi qiymət veriləcək. Bilənlər bilir, bilməyənlərin diqqətinə onu çatdırıram ki, bu şəxs hansı riskli addımlar atdığının ya fərqində deyil, ya da sözün həqiqi mənasında va-banka gedir. Müdafiə Nazirliyində, eləcə də digər güc strukturlarında öz qohum-əqrəbasını (qardaşlarını, bacısını, dostlarını, tanışlarını) yerləşdirmək azmış kimi, indi də Silahlı Qüvvələrdəki kadr təyinatlarını, rütbə və təltiflər məsələsində özbaşınalıqlara yol verir. Mən inanıram ki, o bunu ölkə başçısının məlumatsızlığından, ya da onun etibarından sui-istifadə edərək həyata keçirir. SQ-də uzun illər xidmət edən stajlı hərbçilər yaxşı xatırlayırlar ki, mərhum eks-prezident Heydər Əliyevin idarəçiliyi dönəmində Vahid Əliyevin belə özbaşınalıq etməsi mümkün deyildi və o buna cürət də edə bilməzdi. Lakin İlham Əliyevin prezidentliyi dönəmində isə bu adam artıq bütün sərhədləri aşır. Uzağa getməyəcəyəm. 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar sonuncu təltiflərə diqqət edin. General-leytenant ali hərbi rütbəsi alan şəxslərdən biri general-mayor Babayev Elşad Çingiz oğludur. Bəri başdan onu qeyd edim ki, Elşad Babayevlə xidməti dövrümüzdə dostluq münasibətlərimiz olub. Həmişə də şəxsiyyətinə hörmətim olub. Lakin onun Vahid Əliyevin dostu olması ona əsas vermir ki, hərbi məsələlər üzrə köməkçinin köməkçisi Prezident Aparatında, kabinet şəraitində heç bir döyüş yolu keçmədən general-leytenant rütbəsi ilə təltif edilsin. Bu yaxınlara kimi Vahid Əliyevin köməkçisi olmuş və demək olar ki, kabinetdə general-mayor rütbəsinə layiq görülmüş Tahirov Ramiz Firudin oğlu. Zakir Həsənov müdafiə naziri təyin edildikdən dərhal sonra Vahid Əliyev dostu və sirdaşı R.Tahirovu Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinə komandan təyin etdirdi. Və 8 aya artıq ona general-leytenant türtbəsini verdirib. Bu azmış kimi, prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vaxtıykən Daxili Qoşunlarda xidmət keçərkən FƏRARİLİK etmiş, indi isə Prezident Adminstrasiyasında general-mayor ali hərbi rütbəsini daşıyan Tapdıqov Rövşən Ağagül oğluna III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə nail olub. Rəzalət və ordu sıralarında şok effekt yarada bilən bir hərəkət. Mən deyərdim ki, təkcə bu rüsvayçı və özbaşına hərəkətinə görə, Vahid Əliyev Prezident İlham Əliyev tərəfindən dərhal vəzifəsindən azad edilməli və həbs edilməlidir. Görün bu özündənrazı generalın qanunsuzluqları hansı həddədir ki, "Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə aşağıda adları göstərilən hərbi qulluqçular və mülki işçilər təltif edilənlər siyahısına daha bir köməkçisi - general-mayor Quliyev Rəhman Ramiz oğlunun da adını salıb.Ona da III dərəcəli “Vətənə xidmətə görə” ordeni verilib. Yeganə bu siyahıda haqqı olan və Vahid Əliyevlə eyni şöbədə xidmət keçən adam, ordu sıralarında tanınan və hörmət sahibi olan general-leytenant Əliyev Məhərrəm Abış oğludur ki, ona da III dərəcəli “Vətənə xidmətə görə” ordeni verilib. 
Mən general Vahid Əliyevin digər özbaşınalıqları haqqında yaxın günlərdə dövlət başçısına bağlı müraciət ünvanlayacağam. Qoy bu şəxsin fəaliyyəti araşdırılsın və ona hüquqi qiymət verilsin. 
Bu bayramda Müdafiə Nazirliyinin rəhbərliyi də öz qohum-əqrəbasına qeyri-qanuni olaraq yüksək hərbi rütbə, mənzil və digər mükafatlar vermişdir. Horadiz döyüşlərinin "aktiv virtual iştrakçılarından olmuş, nazir Zakir Həsənovun əməlləri ilə bağlı yaxın günlərdə ayrıca məlumatlarım olacaqdır. 
Bayramınız mübarək olsun, haqqı olan, amma harınlamış, rüşvətə və korrupsiyaya bulaşmış kabinet generallarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi sayəsində unudulan döyüşçü zabit və əsgər dostlarım. Sizin də haqq səsinizi eşidən olacaq. Mütləq olacaq. Möhkəm və dözümlü olun!.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin