Bu gün Milli Azadlıq Hərəkatınıln lideri Əbüləz Elçibəyin doğum günüdür. Moderator.az eks-prezidentin hərəkat yoldaşlarından və yaxın silahdaşlarından olan "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin onunla bağlı yazısını təqdim edir:
"Bu gün Azərbaycanda demokratiyanın taleyilə yanaşı, ərazi bütövlüyümüz, dövlət və milli maraqlarımız da ciddi sual altındadır. Fars şovinizmi Güney Azərbaycan türkləri ilə istədiyi formada davranır; Borçalı da daxil, dünyadakı soydaşlarımızın hüquqlarını qoruya bilmirik; milli qüvvələr repressiv vəziyyətdədir və s. Göründüyü kimi, milli hədəflərin çox az qisminə nail olmuşuq. Çünki pərakəndəyik. Bəs bizi milli hədəfdən yayındıran nələrdir?
Ən əvvəl öz yanlışlıqlarımız, milli güclərin pərakəndəliyi, bizə qarşı olan güclərin güclü və hiyləgər olması, fars və rus şovinizminin iş birliyi. Azərbaycan Xalq Hərəkatı vüsət aldığı, AXC-nin yarandığı andan fars şovinizmi və rus imperalist düşüncəsinin hədəfi Azərbaycanda milli hədəflərə çatmaq missiyası daşıyan AXC-ni, millətdən güc alıb onun içindən çıxmış insanları sıradan çıxarmaq olub. Çünki milli güc rus imperiyasını dağıdır, fars şovinizminin tikdiyi bölücü məftilləri sökür, hakimiyyətə gəlib rus qoşununu öz ərazisindən çıxardır, ciddi demokratik islahatlar apara bilir, insanlara milli ovqat verir, öz milli ordusunu yaradır, işğalçı ermənini ölkədən qovur.
Deməli, bu təşkilat hədəfə çatacaq. Bunu düşmənlər görür və bizi hədəflərimizdən sapdırmaq üçün birləşirlər. Beləliklə, fars və rus şovinizminin əsas hədəfləri bəlli olur. Bunlar: AXC-nin strukturlarını dağıtmaq, AXC-dən yaranmış siyasi qüvvələri üz-üzə qoymaq, bir-birinə düşmən etmək, AXC-ni hakimiyyətdən devirmək, milli lider Əbülfəz Elçibəyi siyasi səhnədən sıxışdırmaq - milli gücü lidersizləşdirmək, nəticə etibarı ilə “parçala, hökm sür” siyasətini həyata keçirmək.
Elçibəy fars rejimi və rus imperializminin mahiyyətinin antitürk, antiazərbaycan olduğunu bildiyindən müxtəlif modellərlə milli qüvvələri təşkilatlandırmağa çalışırdı. Demkonqres, Milli Müqavimət Hərəkatı, Aydınlar Birliyi, BAB bu qəbildən idi. Fars-rus şovinizminin hiylələri və daxili naqisliklərə rəğmən Elçibəy milli gücü hərəkatdan doğulmuşları və yoğrulmuşları bir çətir altında saxlaya bildi.
Təsadüfi deyil ki, Elçibəyin dünyasını dəyişməsi anından düşmənin bütün rıçaqları işə düşdü: AXCP parçalandı və milli güc mərkəzi iki yerə dağıldı. Demokratik Konqres dağıldı. Sonra alayarımçıq “Bizim Azərbaycan” bloku yarandı və o da dağıdıldı. Azərbaycan milli düşərgəsi iki yerə bölündü. Burada milli güclərin pərakəndəliyini və yanlışlıqlarını qeyd etmək zərurəti yaranır. Nəticə - acı məğlubiyyət! Hərə öz oyununu oynadı, millət yaddan çıxdı...
Unudulmamalıdır ki, nə zaman millətimiz bir yerdə olub, nə zaman gücə çevirilmişik, dövlət qurmuşuq, yüksəlmişik. Nə zaman parçalanmışıq, tənəzzül olub. Qənaətimcə, Bəyin ruhu bizlərdən AXC bazalı təşkilatların yenidən bir araya gəlməsi üçün nə fədakarlıq varsa, onu edəcəyimizi istəyirdi. Ümid var ki, uzun ayrılıqdan sonra Müsavat, KXCP, AXCP bir araya gəlib funksional əməkdaşlığı üzvi birliyə çevirəcəklər. KXCP bu təmərküzləşmənin gerçəkləşməsi istiqamətində mərkəzdə olub öz töhfəsini verməlidir. Bəyin müasirləri sadə həqiqəti ambisiyalarının əsarətindən çıxarmalıdırlar.
Bizlər milli gücü sarsıdan amilləri aradan qaldırmalı, milli gücü səfərbər etməliyik. Bununla Azərbaycan cəmiyyətini yenidən hərəkətə gətirəcəyik. Bundan ötrü:
1.Partiyanın içində səmimi, monolit birlik yaratmalıyıq.
Elçibəy hər zaman milli birliyin, milli bütovlüyün, siyasi uzlaşmanın tərəfdarı olub. Bizim partiyanın içərisində birlik və bərabərliyin təməli Elçibəy fəlsəfəsi və müsavatçılıq ideologiyasını düzgün dərk edib, onu tətbiq etməkdən keçir. Ona görə ki, orada ideallarımız var.
2. Cəmiyyətdə birlik, cəmiyyətdə bərabərliyə nail olmalıyıq:
a) Cəmiyyətdə birliyin fəlsəfəsini düz tapmalı, onu gerçəkdən ciddi siyasi prosesə çevirməliyik;
b) Dağlıq Qarabağın heç zaman olmadığı qədər təhlükə ilə üz-üzə qalmasının ciddiliyini qəbul etməliyik. Bizi təhdid edirlər, xalqımızın iradəsinə zidd olaraq Qarabağı Azərbaycandan qoparmaq istəyirlər. Bu psixoloji təcavüzləri dəf etmək daha geniş birlik dediyimiz, o vaxt Elçibəy tərəfindən yaradılmış Milli Müqavimət Hərəkatını (MMH) bərpa etməkdən keçir. Qeyd etməyi zəruri sayıram ki, MMH daxili siyasi münasibətləri ayırd etmək üçün yox, məhz Qarabağ və milli təhlükəsizliyimizin təmini üçün ölkədaxili və xarici milli resurslarımızı təmərküzləşdirmə rolunu oynamalıdır.
3. İdeoloji və siyasi bloklaşmanı təmin etməliyik.
Ciddi təhlildən sonra gəldiyimiz qənaət budur ki, AXC bazalı müxalifət siyasi və seçki blokunun nüvəsini təşkil etməlidir. Müsavat, KXCP, AXCP və digər milli təşkilatlar arasında üzvi əməkdaşlıq modeli tapılmalıdır. Seçkilərə hesablanmış qələbə modeli budur və bizim alternativ variantımız yoxdur. Demkonqresin bərpasını günün tələbinə çevirməyi bacarmalıyıq.
YEKUN
Vəziyyəti dəyişmək, fars-rus şovinizminin milli və dövlət maraqlarımızı sarsıtma planlarını dəf etmək, milli yüksəlişə yetişmək üçün, qənaətimcə, çox enerji və vaxt itkisinə ehtiyac yoxdur. Səmimi şəkildə M.Ə.Rəsulzadənin layiqli müasiri Elçibəyə bir daha müraciət etmək, onun qoyduğu yola gəlmək, onun qurduğu, düşmənlərin isə dağıtdıqlarını bir daha bərpa etmək yetərlidir.



































































































