Əbülfəz Elçibəyin yaxınlarından Fəzail Ağamalıya əks-ittiham

Hazırda oxunan: Əbülfəz Elçibəyin yaxınlarından Fəzail Ağamalıya əks-ittiham

48397

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Etatist.com-a müsahibəsində Azərbaycanın milli-azadlıq hərəkatının lideri, mərhum president Əbülfəz Elçibəylə görüşü, onunla aralarındakı söhbət haqqında bəzi fikirlər səsləndirib. F.Ağamalının sözlərinə görə, 1994-cü ilin oktyabr ayında Naxçıvanın Kələki kəndinə səfər edərək Ə.Elçibəylə görüşüb və real vəziyyəti onun diqqətinə çatdırsa da, o, Bakıya qayıtmaqdan imtina edib: “Oktyabrın axırında Kələkiyə getdim və Elçibəylə görüşdüm. Bir saatdan çox söhbətimiz oldu. Mən dedim ki, Əbülfəz bəy oturmusuz Kələkidə deyirsiz mən Azərbaycanın prezidentiyəm. Ayaz Mütəlibov Moskvada oturub deyir, mən Azərbaycanın prezidentiyəm. Heydər Əliyev xalqın iradəsinə söykənib prezident seçilib və defakto Azərbaycanın prezidentidir. Mən ona dedim ki, Bakıya qayıdın, Heydər Əliyevin prezidentliyini qəbul edin, bəyanat verin ki, Heydər Əliyevi prezident kimi qəbul edirsiz və müxalifət qüvvələrini yığın ətrafınıza, bir cinah da müxalifət olsun, ölkə demokratik prinsiplərə uyğun olaraq irəliyə getsin. Dedi ki, "yox qayıtmıram. Qayıtmaq istəmirəm, mənim orda hüquqlarım pozulub". Soruşdum ki, hansı hüquq? Dedi, "referendumda mənim hüquqlarım nəzərə alınmayıb". Dedim, yadınıza gəlirsə iyun ayının 4-də Surət Hüseynov qiyam edərkən iyunun 5-dən 15-nə qədər 10 gün ərzində 100-150 adam prezident sarayının qarşısına toplaşıb sizi müdafiə etmədi. Baxmayaraq ki, Bakı şəhərinin bütün idarələri Xalq Cəbhəsi tərəfindən idarə olunurdu, onlar nə qədər cəhd etsələr də 10 gün ərzində 100-150 adamı Prezident Sarayının qarşısına yığa bilmədilər. 10 gün ərzində 100 adam yığa bilməyən siz və sizin tərəfdarlarınız referendumda hansı səsi toplaya bilərdiniz? Referendum obyektiv keçib və sizi prezidentlikdən məhrum etmək kimi bir missiyanı yerinə yetirib. İkinci bir tərəfdən Heydər Əliyev seçkilərə getdi, hüquq normalarına uyğun olaraq gəlib, orda iştirak edərdiniz. Etmədiniz. Oturmusunuz burda, bəyanatlar verirsiniz. Ona görə də düşünürəm ki, sizin arqumentləriniz əsaslı deyil. Bakıya qayıtmalısınız. Dedi "qayıtmayacağam, mənim öz prinsiplərim var".

"Hürriyyət" qəzetinə açıqlamasında F.Ağamalının məlum müsahibədəki fikirlərinə etiraz edən Ə.Elçibəyin qardaşı yoldaşı Firuzə Qasımova millət vəkilinin bir çox epizodları “unutduğu” qənaətindədir. Ə.Elçibəyin F.Ağamalı ilə görüşmək istəmədiyinə diqqət çəkən F.Qasımova AVP sədrinin əsl həqiqətləri təhrif etdiyi qənaətindədir: “F.Ağamalının Kələkidə bəylə görüşü yadımdadır . Səhər tezdən idi. Qapı döyüldü. Baxıb gördüm ki, gələn Fəzaildir. Onu içəri buraxmadım. Bildirdim ki, nəyə gəlmisən, burada nə işin var? Səsə yoldaşım Murad bəy çıxdı və qonaq olduğu üçün, övladı yanında olduğu üçün qapını onun üzünə açıb. Mən isə Fəzailə bildirdim ki, sən bizim çörəyimizi yemisən, bu evdə böyümüsən, indi də gedib bəyə qarşı bu cür ikiüzlülük edirsən. Fəzail bildirdi ki, bəylə görüşmək istəyir. Bəy isə onunla görüşmək istəmədi. Sonra yoldaşım bəydən xahiş etdi ki, Fəzaillə görüş, gör bir nə deyir. Nəhayət ki, bəy üç gündən sonra Fəzaili qəbul edir. Hər şey belə olub. Lakin bu gün Fəzail utanmadan başqa şeylər danışır”.

Ə.Elçibəyin qardaşı oğlu Ədalət Əliyev də F.Ağamalının məlum görüşlə bağlı obyektiv fikirlər səsləndirmədiyini qeyd etdi:

“Təbii ki, həmin vaxt onu bəyin yanına Heydər Əliyev göndərmişdi. F.Ağamalı Namiq Həsənovun maşınında gəlmişdi. Oğlu da yanında idi. Bir neçə gün bəy onunla görüşmədi. Lakin sonra onunla görüşə razı oldu. Bəyin onu qəbul etməsində oğlu ilə gəlməsi mühüm rol oynadı. F.Ağamalı bəyə H.Əliyevin təkliflərini çatdırdı. Təklif isə bu idi ki, gəl müxalifətə rəhbərlik elə. Qəzetə də bir şey buraxdı ki, akademiyanın prezidenti olsun və s.

 Bəyin mövqeyi isə bundan ibarət oldu ki, mən H.Əliyevi tanımıram, qanuni prezidentəm və bu təkliflərin heç biri ilə razı deyil. Bəy referendumu necə keçirdiyi, necə təşkil etdiyi və s. məsələləri də açıqladı”.  

Ə.Əliyev F.Ağamalıya keçmişi unutmamağı da tövsiyyə etdi:

“Keçmişlə bağlı elə şeylər var ki, F.Ağamalı bunları yadından çıxartmasa yaxşıdır. Madam ki, hər şey həqiqətən F.Ağamalının dediyi kimi idi, niyə bunları bəyin sağlığında yox, onun ölümündən illər sonra dilə gətirir? Hesab edirəm ki, bu cür şeyləri gündəmdə qalmaq üçün tez-tez ortaya atacaqlar. Fəzail bəy bilsin ki, KQB-yə verdiyi ifadələrin hamısı bizdə də var. Bu ifadələrin hamısı rus dilində yazılıb. Elə bilməsin ki, bütün bunlar unudulib və sadəcə arxivdə qalıb. Bu ifadələr bizdə də var, hansı ki, biz indiki məqamda bunları gündəmə gətirmək istəmirik”.

 

 Seymur Əliyev

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin