Son günlər özünü İraq Şam İslam Dövləti (İŞİD) adlandıran terror təşkilatının İraq ərazisində həyata keçirdiyi qətliamlar bütün dünyanın diqqətini yenidən bu ölkəyə cəlb edib. Öz amansızlıqları və kütləvi qırğın səhnələri ilə gtündəmə gələn terror təşkilatının hələlik hansı güclər tərəfindən idarə olunduğu bilinməsə də, bu təşkilatın aşkar şəkildə İraq idarəçiliyini ələ keçirməyə can atdığı ortadadır.
İŞİD ABŞ-ın əsəridirmi?
Bəzi siyasi ekspertlər İŞİD-in ABŞ tərəfindən yaradıldığı ehtimalını irəli sürsə də, bu ehtimal bir çox baxımdan özünü doğrultmur. Ən azından ona görə ki, mövcud İraq hakimiyyəti məhz ABŞ-ın xeyir-duası ilə formalaşıb və Ağ Ev İraq, yaxud regionla bağlı hansısa məqsədinə çatmaq istəsəydi, bunu milyonlar hesabına formalaşan terror təşkilatının deyil, amerikan diplomatiyasının köməyi ilə daha asanlıqla həyata keçirə bilərdi. Bundan başqa, İraqda stabilliyin pozulması və ölkənin yenidən irimiqyaslı hərbi əməliyyatlar meydanına çevrilməsi Qərbin, eləcə də ABŞ-ın bu ölkədəki iqtisadi maraqlarının təhlükəsizliyi baxımından da arzuedilməzdir. Odur ki, terror təşkilatlarının yaradılması və idarə edilməsində zəngin təcrübəyə malik ABŞ-ın İŞİD-in əsas himayədarı olması ideyası o qədər də məntiqli görünmür.
Türkiyə -İŞİD anlaşması mümkündürmü?
Türkiyənin İraqda baş verən qətliamlara hansısa formada müdaxilə etməməsi və sırf seyrçi mövqeyindən çıxış etməsi də siyasi ekspertlərin diqqətini çəkən başlıca məqamlardan biri hesab olunur. Bəzi siyasilər hesab edir ki, istər Fələstin, istərsə də Suriya məsələsində ortaya sərt mövqe qoyan və lazımi məqamlarda ciddi diplomatik addımlar atan Ankaranın İŞİD məsələsində səssiz qalması anlaşılan deyil. Halbuki, İŞİD-in həyata keçirdiyi terrorların Mosul və Kərkük şəhərindəki türkmənlərin həyatı baxımından da ciddi təhlükə vəd etdiyi ortadadır. Hansı ki, həmin insanların müdafiəsi ilə bağlı mənəvi məsuliyyət İraq hökuməti ilə yanaşı həm də Türkiyənin üzərinə düşür. Fəqət buna baxmayaraq, rəsmi Ankara nəinki İraqa türk qoşunlarının yeridilməsi ilə bağlı təklifləri nəzərdən keçirməyə tələsmir, hətta bundan heç bir narahatlıq duymur ki, bu da Türkiyə hakimiyyətinin İŞİD-lə anlaşma içində olması ilə bağlı şübhələrə yol açır. İŞİD-in adının Türkiyə tərəfindən terrorçu təşkilatlar siyahısından çıxarılması, türk mətbuatına İŞİD-lə bağlı yazılara qadağa qoyulması və s. də İŞİD-Türkiyə anlaşmasının mövcudluğu ilə bağlı şübhələrə yol açan məqamlardandır. Fəqət bəzi ekspertlər İŞİD və Türkiyə hökumətinin bəzi məsələlərdə anlaşa biləcəyini istisna etməsə də, bu terror təşkilatının Ankara ilə dərin bağlılığını istisna edir. Onların fikrincə, PKK problemindən hələ də əziyyət çəkən və bu gün başı daha çox daxili siyasi mübarizə qarışan Ankara, hətta istəsə belə regionla bağlı bu cür mürəkkəb və təhlükəli oyunda yer ala bilməz.
“İŞİD-in güclü sponsorları var”
Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, İŞİD-in kimlər tərəfindən himayə olunduğu bəlli olmasa da, bu təşkilatın sərəncamında kifayət qədər maliyyə resursunun olduğu birmənalıdır:
“İŞİD-in kim tərəfindən yaradıldığı və hansı qüvvələr tərəfindən himayə olunduğunu söyləmək çox çətindir. Çünki bu gün dünyanın heç bir eksperti bu barədə konkret bir fikir yürüdə bilmir. Lakin bu da bir həqiqətdir ki, İŞİD-in meydana çıxması heç də yenilik deyil. Bu, 7-8 illik bir tarixə malik olan təşkilatdır. Təşkilatın fəaliyyətindən görünən odur ki, güclü sponsorlara malikdir. Əgər güclü sponsorları olmasaydı, o zaman bu qədər böyük bir ordu yarada bilməızdi. Bütöv bir dövləti ələ keçirmək kimi iddialı bir addım atmazdı”.
“İŞİD-i himayə edənlər, onu sona qədər idarə edə bilməyəcək”
Politoloq hesab edir ki, İŞİD-in İraqdakı əməliyyatları mərkəzi hakimiyyətin kifayət qədər möhkəm olmadığını göstərdi:
“Baş verənlər göstərdi ki, İraqın ABŞ və NATO tərəfindən işğalı zamanı yaradılan Nuri əl Maliki hökuməti dayanıqlılıq göstərə bilmədi. Məlum oldu ki, bu hökumət ciddi silahlı müqavimətlə üzləşən kimi iflasa uğradı”.
Politoloqun qənaətincə, hazırda İraq dövlətinin tamamilə terrorçuların nəzarəti altına keçmə təhlükəsi mövcuddur ki, bu da hər kəs üçün ciddi təhdid sayıla bilər:
“Bu gün İraq dövlətinin terrorçuların nəzarətinə keçməsi təhlükəsi var. Bu, yalnız İraq üçün deyil, hazırda bu terrorçuları idarə edənlər üçün ciddi təhdiddir. Maraqlıdır, bu gün həmin terror təşkilatını idarə edənlər həmin terrorçular dövləti ələ kçeirəndən sonra, yenə də onları idarə edə biləcəkmi? Çox böyük ehtimalla bunun mümkünsüz olduğunu hesab edirəm. Çünki bunu eləmək hələ heç kimə müəssər olmayıb. Istər Əfqanıstanda Talibanın hakimiyyətə gətirlməsi məsələsində, istərsə də digər buna bənzər hallarda belə bir idarəçiliyin mümklünlüyü özünü doğultmayıb. Krıminal, terrorçu rejimlərin hakimiyyətə gəlişi son dərəcədə təhlükəlidir. Ən azından ona görə ki, həmin qüvvələri bu mərhələdən sonra nəzarətdə saxlamaq mümkün olmur”.
“Türkiyənin başı öz daxili işlərinə qarışıb”
Ekspert hesab edir ki, bu gün Türkiyə olduqca mürəkkəb siyasi proseslər içərisində olduğu üçün İŞİD-lə mübarizə məsələsində qardaş dövlətin hansısa ciddi addımlar atması mümkün deyil: “Türkiyənin indiki məqamda hansı addım atıb-atmamasını söyləmək çətindir. Çünki Türkiyənin başı bu gün öz daxili işlərinə qarışıb. Mosul və ya Kərkükə bu ölkəninm edəcəyi müdaxilə özünü hökmən Türkiyənin daxili siyasi həyatında da hiss etdirəcək. Görünür elə bu səbəbdəndir ki, bu gün Ərdoğan bütün diqqətini prezident seçkilərinə yönəldib. Bu gün onlar üçün prioritet məsələ hakimiyyəti əldə saxlamaqdır. Türkiyənin kənar müdaxilələrə yol verməsi onun ciddi və uzunmüddətli problemlərlə üzləşməsinə səbəb ola bilər”.
Seymur Əliyev

































































































