İyunun 17-də Bakı Apellyasiya Məhkəməsi iş adamı Abdulla Abdullayevin həbs müddətinin uzadılmasından şikayətə baxıb. “Media forum” saytına danışan vəkil Əkbər Bağırov deyib ki, Binəqədi Rayon Məhkəməsinin həbs qətimkan tədbirini üç ay uzadan qərarı qüvvədə saxlanıb. Abdulla Abdullayev məhkəmədə iştirak etməyib.
Abdulla Abdullayev aprelin 4-də həbs edilib. Baş Prokurorluq onu 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun kənd təsərrüfatı və digər sahələrin inkişafına ayırdığı 3 milyon 397 min manat məbləğində vəsaiti rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanır. Binəqədi Rayon Məhkəməsi həbs müddətini iyunun 11-də artırıb.

































































































