Ziya Məmmədovun oğlu ayının, qardaşı oğlu jurnalistin ətini sevir...

Hazırda oxunan: Ziya Məmmədovun oğlu ayının, qardaşı oğlu jurnalistin ətini sevir...

48143

“İstintaqın gücü çatmır ki, Aynar Məmmədovu həbs etsin”; Rauf Arifoğlu Fərahim İlqaroğluna qarşı sui-qəsdlə bağlı prezidentə müraciət hazırlayıb; jurnalistin vəkili işi Avropa Məhkəməsinə göndərəcək

“Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğluna qarşı sui-qəsdin nə az, nə çox - təxminən düz iki ayı tamam olmaq üzrədir. Aprelin 25-də yaşadığı binanın qarşısında sui-qəsdə uğrayan müxbirimizin istintaqı isə uzadılır. Reportyorumuzu döyən Feyruz Termişi adlı şəxs həbs edilsə də, hadisənin təşkilində və sifarişində rol alan əsas fiqurlar azadlıqda gəzirlər. 



Sui-qəsdin ikinci ayı...

Söhbət F.Termişinin istintaqa ilkin ifadəsində jurnalisti döymək əmrini kikboksinq üzrə yeni yaradılmış qeyri-leqal federasiyanın üzvü Tural Bayramovdan aldığını etiraf etməsindən gedir. T.Bayramov peşəkar idmançıdır, beynəlxalq yarışlarda iştirak edir.
İdmançının jurnalisti öz qərarı ilə döydürməsi isə ağlabatan deyil. İlk gündən araşdırmalar zamanı aydın oldu ki, jurnalistlə idmançı arasında hadisəyə qədər nə tanışlıq, nə konflikt olub. Elə bu əsnada üzə çıxdı ki, T.Bayramov heç də jurnalisti döydürməyə özbaşına qərar verməyib. 

Onun nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlanları - Aynar və Elnurla dost olması faktı aşkarlandı. “Yeni Müsavat”ın etibarlı mənbədən aldığı bu faktı təsdiqlətmək çətin olmadı. Hər iki idmançı Aynar Məmmədovun yaratdığı kikboksinq federasiyasının əməkdaşları çıxdılar; üstəlik, Tural Bayramovun hər iki qardaşla səmimi pozlarda şəkilləri üzə çıxdı.


Qəzetin israrlı kampaniyası nəticəsində T. Bayramov 20 günlük həbs olundu. Aynar Məmmədovu isə xaricə gedən məqamda hava limanında saxladılar və daha sonra DİN-ə gətirərək, ondan ifadə aldılar. İctimaiyyətdən, zərərçəkəndən və onun vəkilindən gizli aparılan bu prosesi də “Yeni Müsavat” de-şifrə etdi; istintaq, daha sonra isə nazir Ziya Məmmədov təsdiqləmək məcburiyyətində qaldılar. 


Lakin proses qəfildən dayandırıldı. 20 gün sonra Tural Bayramov buraxıldı; Aynar Məmmədov barədə “günahsızdır” bəyanatı verildi. Məsələ aydın idi -  bir nazirin qardaşı oğlunun həbsinə siyasi qərar verilmədi. Ölkə rəhbərliyi traktorçu İlqar kişinin oğlu Fərahimin oliqarx-deputatın oğlu Aynar tərəfindən 3 nəfər idmançıya döydürülməsinin müstəhəb olması barədə qərara gəlibmiş. İstintaq Aynarın həbsini əsaslandıracaq sübutlar hazırlasa da, siyasi hakimiyyət belə bir addıma getmədi. 

Məmmədovlar klanı ədalətdən güclü çıxdılar və onun anasını ağlatdılar. Lakin artıq bütün ölkə ictimaiyyəti bilir ki, Ziya Məmmədovun oğlu Anar Məmmədovun Aynar adında qoçaq bir əmisi oğlu var. O, jurnalist ətinə daha çox üstünlük verir.  

Elçin Sadıqov: “Aynarı məsuliyyətə cəlb etməyə istintaqın cəsarəti yoxdur” 


F.İlqaroğlu özü isə istintaqın uzadılmasından narazıdır. Jurnalistin sözlərinə görə, iyunun 16-da müstəntiq Mikayıl Qüdrətovla əlaqə saxlayıb. Müstəntiq ona deyib ki, istintaq gedir və yenilik olacağı halda məlumat veriləcək. 

Müstəntiq F.Termişinin buraxılması haqda yayılan xəbəri isə şayiə adlandırıb. F.İlqaroğlunun vəkili Elçin Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Cinayət Prosessual qanunvericiliyə görə istintaqın yekununda sübutlara qiymət verilməlidir:

“Kimlərin barəsində şikayətlər varsa, onun əməlində cinayət tərkibinin olub-olmamasına hüquqi qiymət verilir. Lakin burada müstəntiq Aynarı dindirən kimi bəyanat yayıldı ki, Aynarın cinayətə heç bir aidiyyəti yoxdur. Bu o deməkdir ki, istintaq açıq-aşkar Aynarı məsuliyyətə cəlb etməyəcək, istintaq orqanının buna cəsarəti yoxdur. Bir də ki, bu ümumi tendensiyadır. Jurnalistlərə qarşı zorakılıq halları araşdırılmır. Bunu jurnalistləri daim qorxu və özünüsenzurada saxlaması üçün edirlər”. Vəkil qeyd etdi ki, bu işi Avropa Məhkəməsinə göndərməkdən başqa yol qalmır. 


F.İlqaroğlu deyir ki, əgər o, F.Termişi, T.Bayramov və A.Məmmədovdan birinə sillə vursaydı, nəsil-nəcabətini çoxdan həbs etmişdilər. Jurnalistin sözlərinə görə, növbəti dəfə ölkə başçısına müraciət edəcək: “Mənə qarşı sui-qəsddən iki ay keçməsinə baxmayaraq, aldığım zərbələr hələ də səhhətimdə problemlər yaradıb. İndi dişlərimi müalicə etdirməli olmuşam. Çənə sümüyümün zədələnməsi ilə bağlı qarşıdakı günlərdə həkimə müraciət edəcəyəm. Əgər növbəti dəfə istintaqa çağırılsam, təkrar tibbi ekspertiza üçün arayış tələb edəcəyəm”. 

Jurnalist deyir ki, müstəntiqlə tez-tez əlaqə saxlayır və hər dəfə eyni məlumatı alır: “İstintaq uzadılır. Müstəntiq hər dəfə deyir ki, iş gedir. Şikayət ərizəsində günahı olan şəxslərin adlarını çəkmişik. Onlardan bircə Feyruzun tutulduğu bizə məlumat verilib. Turala 20 sutka verilib. Aynarın isə ifadəsi alınıb, dərhal da təqsirsiz olması qənaətinə gəlinib”. 

Rauf Arifoğlu: “Biz qəzet olaraq hər şeyi açmışıq”


“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunu istintaqın davranışları qəti qane etmir. Baş yazarın sözlərinə görə, jurnalistin özü də istintaqdan narazıdır: “Fərahim məndən soruşur ki, daxili işlər naziri hörmətli Ramil Usubovla görüş oldu və niyə görüşdən sonra onu döyən, sifariş verən qüvvələr hələ də cəzalandırılmır? Doğrusu, bu suallara cavab vermək mənə çox çətindir. 

Bir tərəfdən də onun sağlıq durumu narahatedicidir. Aldığı təpik zərbələrindən Fərahimin qabaq və yan dişləri zədələnib, ön dişləri tökülüb. Ona protez qoyulmalıdır. Bu da həm əziyyətli, ağrılı yükdür, həm də bir jurnalistin büdcəsi üçün 20 diş əkdirmək, yaxud protez qoymaq çətindir. Gənc bir jurnalisti şikəst vəziyyətə salıblar. Bu baxımdan ikiqat əzab içindəyəm. Fərahimin mənə inanaraq verdiyi suallara cavab verə bilmirəm". 
R.Arifoğlu, bununla belə, cinayət işinin açıldığı qənaətindədir: “Biz bu işi açmışıq, hökumətin isə gücü çatmır ki, Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynarı həbs etsin. Bu, hökumət və dövlət üçün bir sınaqdır. Jurnalistika, ədalət, tarix naminə bu sınaqdan şərəflə çıxmalıdırlar”. 

Baş redaktor artıq prezident İlham Əliyevə müraciət hazırlayıb: “Heç istəməzdim ki, istintaqa görə prezidentə müraciət edim. Ancaq bu müraciət bizim istintaqa olan inamsızlığın nəticəsidir. Bir gün gözləyib, gecikdirməklə müraciəti göndərəcəyəm. Çünki ağır cinayət hadisəsi olub. İstərdik ki, ifşa prosesi hüquqi yekununu alsın. Biz qəzet olaraq hər şeyi açmışıq. Ancaq hüquq-mühafizə orqanları üzərinə düşəni həyata keçirmir. Biz isə sona qədər bu prosesin təqibində varıq”. 

musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin