Ukrayna prezidenti Pyotr Proşenkonun Rusiya prezidenti Vladimir Putini bu ölkənin istiqlal günü ilə bağlı təbrik etməsi ciddi marağa səbəb olub. Krımın Rusiya tərəfindən ilhaq edildiyi, Ukraynanın ərazi bütövlüyünün pozulduğu, ölkənin şərq hissəsində Kremlin dəstəyi ilə seperatçı qruplaşmaların aktiv hərbi əməliyyatlar keçirdiyi bir zamanda Proşenkonun Putini təbrik etməsi bəzi siyasilər tərəfindən anlaşılmazlıqla qarşılanmaqdadır. Fəqət siyasilərin bir çoxu hesab edir ki, Proşenkonun Rusiya-Ukrayna münasibətlərinin indiki gərgin anında belə Putinə təbrik ünvanlaması, yeni prezidentin böyük siyasi mədəniyyətə malik olduğunu göstərir.
Ekspertlər hesab edir ki, əslində Proşenkonun bu addımı həm də iki ölkə arasındakı münasibətlərin yenidən normallaşa biləcəyinə dəlaələt edən jest kimi qiymətləndirilə bilər. Siyasilərin fikrincə, Ukrayna-Rusiya münasibətlərinin gərgin olduğu bugünkü gündə məlum jest və bəyanatlar siyasi atmosferi yumşaldır, anlaşılmazlıqların siyasi-diplomatik müstəvidə həlli üçün yeni imkanlar açır.
Proşenkonun Putinə ünvanladığı təbrik məktubu digər bir məsələni də aktuallaşdırıb. Putin və Proşenko üçün keçərli olan bu jestlər Azərbaycan və Ermənistan prezidentləri üçün də keçərli hesab edilə bilərmi? Mümkündürmü ki, İ.Əliyev və S.Sərkisyan qarşılıqlı münasibətlər sisteminə bu yeniliyi gətirməklə Qarabağ probleminin həlli yönündəki danışıqlara fərqli bir ab-hava gətirsinlər?
Ekspertlər “yeni siyasi ünsiyyət mədəniyyəti”nin perspektivinə inanmır
Maraqlıdır ki, Ukrayna-Rusiya münasibətləri üçün keçərli olan “yeni siyasi ünsiyyət dili” bəzi siyasilər tərəfindən Azərbaycan-Ermənistan münasibətləri üçün mümkün və faydalı hesab edilmir. Siyasilərin fikrincə, Krım Rusiya, Qarabağ isə Ermənistan tərəfindən işğal edilsə də, sözügedən olayların bir-biri ilə eyniyyət təşkil etməsi anlamını daşımır. Politoloqların fikrincə, Qarabağ problemindən fərqli olaraq Krım problemi daha “cavandır”. Bu isə o deməkdir ki, Qarabağ problemi ilə müqayisədə Krım probleminin həlli perspektivi daha genişdir. Bundan başqa, problem yeni olduğu üçün Qarabağ problemi ilə bağlı mürəkkəblik və psixoloji keçilməzlik bariyeri Krım məsələsində yoxdur. Bütün bunlarla yanaşı iki problem arasında ən mühüm fərq Krımın ilhaqı prosesinin Rusiya tərəfindən qansız həyata keçirilməsi hesab olunur. Ekspertlər iddia edir ki, Qarabağın işğalından fərqli olaraq, Krımın ilhaqı zamanı ciddi insan itkilərinin yaşanmaması Ukrayna-Rusiya münasibətlərinin normallaşması üçün daha əlverişli situasiya formalaşdırır.
“Krımda bir nəfərin də qanı tökülməyib, Qarabağda isə..”
Moderator.az-a açıqlama verən konfiliktoloq Elxan Mehdiyev də hesab edir ki, Ukrayna-Rusiya münasibətlərini Azərbaycan-Ermənistan münasibəti ilə eyniləşdirmək olmaz. Ekspertin qənaətincə, Ukrayna-Rusiya münasibətindən fərqli olaraq, Azərbaycan-Ermənistan münasibətləri dərin düşmənçilik səviyyəsinə keçib və bu səbəbdən də “Proşenko-Putin danışıq dilini” İ.Əliyev-S.Sərkisyan dialoqunda tətbiq etmək mümkünsüzdür:
“Məsələ bundadır ki, Rusiya-Ukrayna arasındakı vəziyyət Azərbaycan-Ermənistan durumunda olduğu kimi deyil. Doğörudur, Rusiya müəyyən addımlar atıb, Krımı ilhaq edib. Lakin Krımda bir nəfərin də qanı tökülməyib. Bir nəfər də olsun insanı öz yerindən qovmayıblar. Başqa sözlə desək, nə ukraynalıların, nə də ki, rusların etnik baxımdan hüququ pozulmayıb. Bütövlükdə, ruslar Ukrayna proseslərində nə qədər aktivlik sərgiləsələr də, Ukrayna-Rusiya münasibətləri Azərbaycan-Ermənistan kimi dərin düşmənçiliyə keçməyib. Hər iki xalq arasındakı münasibətlər əvvəlki kimi normal haldadır. Dövlətlərarası münasibətlər də öz funksiyasını daşıyır. Buna görə də Ukrayna-Riusiya münasibətlərini Azərbaycan-Ermənistan münasibətləri ilə eyniəşdirmək olmaz”.
“Ermənistan rəhbərliyində hərbi canilər təmsil olunur”
E.Mehdiyevin sözlərinə görə, bu gün Ermənistan rəhbərliyində Qarabağ savaşında hərbi cinayətlər törədən şəxslər təmsil olunub. Hansı ki, onlar minlərlə insanın ölümünə görə məsuliyyət daşıyır:
“Ermənistanın rəhbərliyində dayanan şəxslər hərbi cinyətlər törədiblər. Onlar etnik təmizləmələr aparıblar. Onlar hərbi cinayətkarlardır. Onlar minlrələ insanın qanı bahasına hakimiyyət əldə edən şəxslərdir. Buna görə də burada hər hansı normal, mədəni münasibətdən söhbət gedə bilməz”.
Seymur Əliyev

































































































