“Heydər Əliyevin arzuladığı Azərbaycanda yalnız bir şey çatışmırdı...”

Hazırda oxunan: “Heydər Əliyevin arzuladığı Azərbaycanda yalnız bir şey çatışmırdı...”

48000

Sabah Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunacaq. 93-cü ilin 15 iyununda Heydər Əliyevin Milli Məclis sədrliyinə seçilməsi günü 1997-ci ildə parlamentin müvafiq qərarı ilə Milli Qurtuluş Günü kimi qəbul edilib və 17 ildir ki, rəsmi olaraq qeyd edilir.

Moderator.az bu Qurtuluşa töhfəsini verən adamlara müraciət edərək fikirlərini öyrənir. YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov da həmin çətin günlərdə sinəsini qabağa verən azsaylı ziyalılardan olub:

“Bir neçə gündü biz həmin günün əhəmiyyəti barədə tədbirlər keçirməkdəyik. Dünən də respublikanın gəncləri ilə belə bir görüş keçirdik.Qurtuluş günü doğrudan da tarixi bir gündür. Azərbaycan 91-ci ildə müstəqilliyini qazansa da çox şeyləri də itirdik. Təbii ki, birdən-birə sovet sisteminin çökməsi nəticəsində müttəfiq respublikalarda ağır vəziyyət yaranacağı başadüşülən idi. Azərbaycanda isə bu vəziyyəti daha da ağırlaşdıran müstəqilliyin ilk illərində hakimiyyəti zəbt edən səriştəsiz və bacarıqsız insanlar idi. Bu azmış kimi həmin bu səriştəsiz qüvvələrin də öz arasında qanlı didişmələr gedirdi, burda kreslo davası aparanlar Qarabağda rusların əliylə torpaqlarımızın bədnam qonşularımız tərəfindən işğal olunmasını sanki arxa plana keçirmişdilər. Bu qüvvələr hətta Azərbaycanın xəritəsini də öz aralarında bölərək məmləkəti parçalamağa hazır idilər. Biri cənub zonasını Talış-Muğan adlandırırdı, o birisi şimal bölgəsini Ləzgistan, üçüncülər də Qırmızı Kürdüstan, bir qrup da meydana atılaraq “Salyan-Bakı nefti bizim olsun” qışqıraraq Bakı qüberniyasının təşkilindən dəm vururdu. Yəni xaos içində inildəyən Azərbaycanın parçalanması tam real idi və bu başıpozuq qüvvələrə də müstəqilliyimizi həzm edə bilməyən xarici güclər süni nəfəs verərək onları şirnikləndirirdilər. Belə bir çətin durumda hamı üzünü Naxçıvana çevirərək böyük və müdrik şəxsiyyəti aradı ki, yalnız o bu məmləkəti parçalanmaqdan qurtara bilər. “91-lər” də o zaman meydana çıxdı və həmin insanlar Heydər Əliyevə müraciət etdilər. O dövrdə mən də “Heydər dağına kölgə salmaq olmaz” yazısıyla çıxış elədim. Çünki o dövrdə məkrli qüvvələr Azərbaycan cəmiyyətinə təlqin etmək istəyirdilər ki, Heydər Əliyev xalqın düşmənidir və onu nəinki hakimiyyətə gətirmək, fiziki məhv etmək lazımdır. Məhz buna görə mən öz fikrimi həmin yazıyla açıqladım və göstərdim ki, Heydər Əliyev böyük dövlətçilik təcrübəsi olan nadir şəxsiyyətdir. O nəinki Azərbaycan Respublikasının, bütövlükdə dünyadakı azərbaycanlıların milli sərvətidir. Qeyd etdim ki, Heydər Əliyev Allahın bizə ərməğan etdiyi ən böyük milli sərvətdir. Ona görə də məmləkətin faciəli gününə biganə qala bilməyən ziyalılar, xüsusən də mənim dərin hörmət bəslədiyim və bu gün də bir yerdə Heydər Əliyev irsinin qorunmasına çalışan Əli Nağıyev olmaqla görkəmli adamlar ayağa qalxdılar və millətin nicatının o kişidə olduğunu aləmə car çəkdilər. Biz Heydər Əliyevə müraciət etdik və o bu müraciətə müsbət yanaşandan sonra artıq hərəkat başladı. Bizim Naxçıvanda Heydər Əliyevlə görüşlərimiz olurdu və bunları da Əli Nağıyev təşkil edirdi. Əli Nağıyevin burda rolu çox böyükdür, o Heydər Əliyevə hüsn-rəğbəti olan insanların əlaqələndirilməsi, bunların fikirlərinin yayılması istiqamətində çox iş gördü, elə günü bu gün də Əli Nağıyev Heydər Əliyev ideyalarının carçısı kimi çıxış edir. Deməyim odur ki, biz belə bir şəraitdə Heydər Əliyevin əvəzolunmaz bir şəxsiyyət olduğunu sübut edə bildik. Nəhayət, partiya yarandı və biz bu partiyanın adını da birlikdə düşündük, Ulu Öndərimizin özü təklif elədi ki, biz tamamilə yeni Azərbaycan qurmalıyıq, elə onda da partiyanın adının Yeni Azərbaycan olması ideyası gündəmə gəldi. Beləliklə, Heydər Əliyevin iştirakıyla Naxçıvanda bu partiyanı yaratdıq. Partiyanın yaradılması bu prosesə hədsiz təkan verdi və bu hərəkat çox genişlənərək bütün ölkəni əhatə elədi. Nəticədə “91-lər”in istəyi millətin istəyinə çevrildi və 93-cü ilin 15 iyununda Heydər Əliyevin Milli Məclisin sədri postuna gəlməsinə səbəb oldu. Ona yenə də işləməyə imkan verilmirdi və əl-qolunu bağlamaqdan ötrü cəbhəçi bəylər bacardıqları hər şeyi etdilər. Prezident dövləti o vəziyyətdə tərgidib doğulduğu kəndə getdi ki, guya ölkəni oradan idarə edəcək, bu birisilər də özləri demişkən, vəzifələrini dondurdular. Guya Heydər Əliyev bunların yerinə kadr tapmayacaqdı. Elə burdan bəlli olurdu ki, zavalllılar Heydər Əliyevi yaxşı tanımayan insanlar olub. Amma bunların istəkləri gözlərində qaldı və Heydər Əliyev məsələni qəti şəkildə qoyaraq böhrandan çıxış yolları tapıb prosesi nəzarətə götürə bildi. Artıq 93-cü ilin ortalarından başlayaraq ölkədə sabitlik bərpa olunmağa başladı. 96-cı ildən sonra isə dövlət çevrilişlərinə sinə gərərək Azərbaycan bütün böhranlardan çıxa bildi. Elə ona görə də biz 1997-ci ildə Milli Məclisdə xalqın da tələblərini nəzərə almaqla belə bir qərara gəldik ki, məhz 15 iyunu Milli Qurtuluş Günü elan edək. Bu gün Azərbaycanı nədən qurtardı? Ölkəni parçalanmaqdan, hakimiyyəti nadanlardan qurtardı. Nəticəsi də bax bu gün gördüyünüz Azərbaycandır. Başdan-başa quruculuq və inkişaf içində olan bir dövlət qoyub getdi Heydər Əliyev. Heydər Əliyevin arzuladığı Azərbaycanda yalnız bir şey çatışmırdı, o da ərazi bütövlüyümüzü təmin etmək idi. Heydər Əliyev məsələni belə qoymuşdu ki, müharibəsiz, qan tökülmədən, sülh yoluyla buna nail olaq. Bu siyasət bu gün də davam edir və bir neçə gün öncə Respublika Günü münasibətilə keçirilən bayram tədbirində cənab prezident İlham Əliyev də çıxışında bu barədə öz fikirlərini paylaşdı ki, Azərbaycan doğru yolla irəliləyir, beynəlxalq aləmdə söz sahibinə çevrilmişik, haqlı olduğumuzu artıq bütün dünya bilir və sülh yoluyla torpaqlarımızı işğaldan azad edəcəyimiz gün uzqda deyil. Möhtərəm prezident qeyd elədi ki, heç indi ermənilərə qarşı silah işlətməyə də ehtiyac yoxdur, sadəcə olaraq onları bir terrorçu dövlət kimi beynəlxalq aləmdən təcrid edərək işğal etdikləri torpaqlardan geri çəkilməyə məcbur edəcəyik.” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin