Mərkəzi Klinikada matriarxal çevriliş

Hazırda oxunan: Mərkəzi Klinikada matriarxal çevriliş

47640

Bir müddət əvvəl mətbuatda Mərkəzi Klinikada kadr dəyişikliyi haqqında məlumat getmişdi. Azərbaycan oxucusu qısa cümlələrlə klinikanın baş direktoru Melikşah Acunerin öz vəzifəsindən uzaqlaşdırıldığını, yerinə Toğrul Adıgözəlovun gətirildiyini öyrəndi. İlk baxışdan ciddi heç bir məna ifadə etməyən, adi kadr dəyişikliyi təsiri bağışlayan bu hadisənin altında yatan bir çox mətləblər haqqında Moderator.az ilginc məlumatlar əldə edib.

Bizə ötürülən məlumata görə, sözügedən kadr dəyişikliyinin kökündə səhiyyə sisteminə hakim olmaq savaşı dayanır. Savaşın mərkəzində isə Prezident yanında xüsusi tibb xidmətinin maliyyə və təsərrüfat şobəsinin müdiri Ülkər Babayevanın adı çəkilir.

Məlumatda bildirilir ki, Ülkər Babayeva hakim dairələrə yaxın əlaqələrindən istifadə edərək bir çox səhiyyə ocaqları kimi Mərkəzi Klinikanı da tam nəzarət altına götürmək istəyir. Son kadr dəyişikliyi isə onun ilk addımı deyil. Hardasa ilyarım əvvəl Klinikanın bütün maliyyə sisteminə nəzarət etmək üçün onun baş mühasibi dəyişdirilmiş, yerinə Ülkər Babayevanın bacısı oğlu Fuad Sadıqov gətirilmişdi. Hələ o zaman belə həyata keçirilən bu dəyişiklik Klinikanın bütün kreditorlarını ciddi narahat etmiş, pul ödənişlərində axsamalar baş vermişdi. Müəssisədəki son dəyişikliklərlə isə bu narazılıq pik nöqtəyə çıxmışdır.

Maraqlıdır ki, mətbuatda gedən xəbərdən fərqli olaraq klinikanın bundan əvvəlki direktoru Melikşah Acuner də deyilmiş. Acuner son təyinatdan 12 gün qabaq Musa Abbasovla əvəz olunubmuş. Müəssisənin indiki rəhbəri Toğrul Adıgözəlov isə Musa Abbasovun yerinə təyin edilib. 12 gün ərzində iki direktor dəyişdirən klinikada həyata keçirilən son dəyişikliklər aparıcı həkimlərdən tutmuş xadimələrə qədər bütün personal arasında ciddi narahatlıq yaradıb, hər kəs yaxın günlərdə növbənin onlara da çatacağını düşündüyündən özlərinə yeni iş yeri tapmağa çalışırlar. Verilən məlumata görə müəssisənin kreditorları da bundan xeyli narahatdırlar və yatırdıqları sərmayəni geri çəkməyin yollarını axtarırlar.

Bütün klinika personalını narazı salan əsas amil Ülkər Babayevanın işçilərlə həddindən artıq kobud davranması və həyata keçirəcəyi ehtimal olunan maliyyə maxinasiyaları ilə əlaqədardır. Belə ki, Prezident yanında xüsusi tibb xidmətinin məsul işçisinin həkimlərdən yeganə tələbi onun iradəsinə tabe olmaqdır. Kim bu iradəyə boyun əyirsə, müəssisədə qalıb işləyə bilər. Kim ki, tabe olmağı bacarmırsa, dərhal ərizəsini yazmalıdır. Mənbəmiz klinikadakı vəziyyəti eynilə bu sözlərlə ifadə edir-Mərkəzi Klinikada matriarxal çevriliş.

Bəs, Mərkəzi Klinikanın yeni direktoru kimdir və hansı xüsusiyyətinə görə bu müəssisəyə rəhbər təyin olunub? Bildirildiyinə görə, yeni direktor Toğrul Adıgözəlov məşhur bəstəkar Tofiq Adıgözəlovun oğludur. Ziyalı ailəsində tərbiyyə alan bu adamın əslində çox gözəl xəsiyyətləri olsa da xarakteri idarəçilik üçün yaramır. Həddindən artıq həlim xəsiyyəti ilə seçilən Toğrul Adıgözəlovun indiki vəzifəyə gətirilməsi də əslində bununla bağlıdır. Məqsəd onun yumşaq təbiətindən istifadə edərək həqiqi idarəçiliyi ələ keçirməkdir. Məlumatlı şəxs ondan narahatdır ki, gələcəkdə klinikada baş verməsi ehtimal olunan maliyyə maxinasiyalarında Yusif Sərrac rolunu oynamaq üçün Toğrul Adıgözəlov kimi həlim xəsiyyətli adam bu vəzifəyə təyin olunub. Başqa sözlə, əslində müəssisəni başqaları idarə edəcək, məsuliyyətu isə baş direktor daşıyacaq.

P.S. Redaksiya ötürülən məlumatların nə qədər həqiqət olduğunu bilmirik. Mərkəzi Klinikanın bu gün ölkəmizin müasir standartlara uyğun nadir tibb ocaqlarından biri olduğunu və səhiyyəmizin indiki vəziyyətini nəzərə alıb məlumatı dərc etdik. İstərdik ki, əlaqədar qurumlar bu məsələyə ciddi diqqət yetirsin, yazıda ifadə olunan məqamlar yoxlanılsın. Əgər məlumatlar doğrudursa tibb sahəsində onsuz da xeyli geridə qaldığımız bir zamanda üzümüzü ağardan tək-tük müəssisələrdən birinin şüurlu şəkildə iflas edilməsinin qarşısı alınsın.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin