Nurəddin Zülfüqarlı Rasim Məmmədova haqq qazandırdı...

Hazırda oxunan: Nurəddin Zülfüqarlı Rasim Məmmədova haqq qazandırdı...

46341

Bir neçə gün öncə keçmiş deputat Nazim Məmmədova məxsus “Atahan Dəmir-Sənaye” şirkətinə ölkənin dəmir sənayesinin inhisarçısı kimi tanınan “Baku Steel Kompany”nin rəhbəri Rasim Məmmədovun qoçu dəstəsinin hücum etməsi cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Eks-deputat başına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına və pezidentə də müraciət edərək bu özbaşınalığa son qoyulmasını tələb etmişdi.

Xatırladaq ki, daha bir məhşur iş adamı Nurəddin Zülfüqarlı da bir neçə il öncə Rasim Məmmədovla münaqişə yaşamışdı və hətta əlində olan dəmir sənayesi profilli müəssisələrini dəyər-dəyməzinə verməklə canını həbsdən qurtarmışdı. Həmin vaxtdan ölkədən perik düşərək Türkiyədə yaşayan N. Zülfüqarlı müəssisələrini geri qaytarmaq üçün günü bu gün də hüquqi müstəvidə dava aparır, ancaq bəlli səbəblərdən hələ ki, bu cəhdlər bir fayda vermir...

Moderator.az Nazim Məmmədovun başına gələnlərlə bağlı Nurəddin Zülfüqarlının mövqeyini öyrənib. Müsahibimiz nə qədər qəribə səslənsə də Rasim Məmmədovun qoçuluğuna haqq qazandırıb:

 “Rasim Məmmədov əgər elə bir iş edibsə, düz edib. Səbəbini də deyim. Çünki vaxtilə ilk dəfə Rasim Məmmədovun qoçuluğu ilə üzləşərkən mən məsələni ictimailəşdirəndə Nazim Məmmədov belə bir şərh vermişdi ki, guya biz o müəssisələri zamanında düzgün almamışıq, hansısa əyri yollardan keçmişik, ona görə bu problemləri yaşayırıq. Bir sözlə, o vaxt o dolayısıyla da olsa Rasim Məmmədovun əməllərinə bəraət qazandırmşıdı. Amma indi artıq onunla da Rasimin arası dəyib və əslində bu, gözlənilən idi.  Nazim vaxtında bizim başımıza gətirilənlərə düzgün reaksiya versəydi, özü də o vaxt cəmiyyətdə kifayət qədər tanınmış, deputat olan bir şəxs idi, o vaxt tərəf saxlamasaydı, mən də bu gün onun tərəfində olmağa tələsərdim. Bilirsiniz  bu gün Rasim Məmmədov niyə belə  at oynadır? Ona görə ki, bu gün Nazim Məmmədovlar çoxdur cəmiyyətdə. Nurəddin Zülfüqarlılar çox olsaydı, hər kəs haqqını tələb etsəydi, hamı haqqını tələb edənin yanında olsaydı, Rasim kimilər də bu gün at oynatmazdı. İndi növbə Nazim Məmmədovlara da çatıb. Halbuki o işi açarkən də mən Nazimə kömək eləmişəm, bu gün onun işləri də vaxtilə mənim ona verdiyim çörəkdir. O vaxt o nə deputat idi, nə də cəmiyyətdə tanınan bir adam. Amma o çörəyə xəyanət elədi. Ona görə də o bu gün öz əkdiyini biçir.”

Sahibkardan “bəs Rasim Məmmədova nə vaxt sıra catacaq” sualına cavab istədik. Bildirdi ki, ona çoxdan sıra çatıb: “O təpədən dırnağınadək cinayətin içərisindədir və o özü də bunu yaxşı bilir, ona görə də müqavimət göstərir.  Amma məncə ona da tezliklə sıra çatacaq.”

N. Zülfüqarlıdan Rasim Məmmədovla aralarında davam edən məhkəmə çəkişmələrinin taleyi barədə də soruşduq. Bildirdi ki, məhkəmələr davam edir, ancaq heç bir yenilik yoxdur və Azərbaycan məhkəmələri sifarişlə işlədiklərindən acizliklərinin nümayişini davam etdirirlər: “Hüquqi yolla mücadiləmizi davam etdiririk. Ancaq etiraf edim ki, heç bir irəliləyiş yoxdur. “

Sonda didərgin sahibkardan bir suala da cavab istədik ki, hüquqi müstəvidən başqa onunla Rasim Məmmədov arasındakı münaqişənin hansısa yolla çözümü  və dil tapılması barədə söz-söhbət olmayıb ki?

Müsahibimiz bildirdi ki, əvvəllər belə vasitəçilk cəhdləri olub və sonda bəlli olub ki, bunlar səmimi istək deyilmiş və vaxt qazanmağa xidmət edirmiş: “İndi də müəyyən fikirlər olur, hərə bir şey deyir. Amma real olaraq ortada bir şey yoxdur.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin