Bu gün eks-prezident Ayaz Mütəllibovun 76 yaşı tamam olur.
Ayaz Mütəllibov doğum gününü ailəsi ilə birlikdə, öz evində qeyd edəcək. Bunu virtualaz.org-a açıqlamasında A.Mütəllibov özü deyib.
Doğum gününü təmtərahlı qeyd etmədiyini deyən eks-prezident bu günlə bağlı geniş danışmaq istəmədyini söylədi.
A.Mütəllibov onu da qeyd etdi ki, yaxın qohumlarından və dostlarından başqa heç kim doğum günü ilə bağlı onu təbrik etməyib.
Ayaz Niyazi oğlu Mütəllibov 12 may, 1938”“ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girən A.Mütəllibov uzun müddətdən sonra zavodun direktoru vəzifəsinə təyin olunub. 1974-cü ildə isə “Bakelektromaş” İstehsalat Birliyinin baş direktoru təyin olunub.
A.Mütəllibov 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib. İki il sonra - 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub. 1982-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri, eyni zamanda Nazirlər Sovetinin sədr müavini vəzifələrini tutan A.Mütəllibov 1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olan A.Mütəllibov 1990-cı ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən Azərbaycan prezidenti seçilib.
1991”“ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il martın 6-da prezident vəzifəsindən istefa verib.
Qeyd edək ki, A.Mütəllibov Sosial Demokrat Partiyasının 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.




























































































