Moderator.az xəbər verir ki, Milli Şura Kəmalə Bənənyarlı ilə bağlı bəynat yayıb. Bəyanatda deyilir:
“NİDA vətəndaş hərəkatının 8 nəfər gənc üzvünə qarsı çıxarılan qanunsuz, əsassız və vicdansız məhkəmə hökmünə dinc şəraitdə etiraz etmək və NİDA-çı gənclərə öz dəstəyini ifadə etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısına toplaşan ictimai-siyasi fəallara, gənclərə, valideynlərə və hətta jurnalistlərə qarşı polis zorakılığının qurbanları arasında AXCP fəalı, iki övlad anası Kəmalə Bənənyarlı da var. Kəmalə xanıma münasibətdə Azərbaycan iqtidarı bütün əxlaq və mənəviyyat normalarını aşmış, tez-tez müdafiəsinə sığındığı milli mentaliteti ayaqlar altına atmış, özünün anti-milli və anti-insanı mahiyyətini bir daha ortaya qoymuşdur.
Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdən sonrakı 23 il ərzində heç bir qadına 30 sutka inzibatı həbs cəzası tətbiq edilməmişdi. Kəmalə Bənənyarlıya münasibətdə ilk dəfə bu ən sərt inzibatı cəza növü seçildi. Lakin hakimiyyətin Azərbaycan qadınına və anasına qarşı mənəviyyatsız davranışı bununla bitmir. İlham Əliyev hakimiyyəti daha bir "analoqsuz uğura" imza atdı. Belə ki, saxlandığı Nəsimi rayon polis idarəsində Kəmalə Bənənyarlıya dəhşətli işgəncələr verilmiş və vəhşicəsinə döyülmüşdür. Kəmalə Bənənyarlının Nəsimi rayon məhkəməsində vəkillə təmin olunması əngəllənmiş və məqsədli şəkildə onunla ünsiyyət imkanının qarşısı alınmışdır.
Azərbaycan Konstitusiyasına görə xalqa qarşı ən ağır cinayət sayılan dövlət hakimiyyətinin mənimsənilməsində iştirak etmiş, rəsmən dələduzluq cinayəti törətməkdə suçlanan və vurduğu bir milyon dollar dəyərində maddi ziyanı ödəməyən Gülər Əhmədovanın qadın və ana olması faktından geninə-boluna istifadə etməklə onu azadlığa buraxan hakimiyyətin bu "humanistliyi", nədənsə, başqa bir qadına və anaya şamil olunmadı. Nəticədə, öz cinayət ortağına münasibətdə insanpərvərlik nümayiş etdirən YAP iqtidarı Kəmalə Bənənyarlıya onun insan və qadın ləyaqətini aşağılayan işgəncələr verməklə Azərbaycan qadınına və anasıına olan gerçək münasibətini ortaya qoydu.
Milli Şura olaraq biz bu əməli YAP hakimiyyətinin əxlaq pasportu kimi dəyərləndiririk və bu mənəviyyatsızlığı hazırkı iqtidarın çirkin əməli kimi qiymətləndiririk. Kəmalə Bənənyarlının hüquqi müdafiəsi ilə bağlı bütün zəruri addımlar atılacaq və bu ləyaqətsiz əməl öz hüquqi qiymətini alacaq. Ancaq heç şübhəsiz ki, bütün qırmızı xətləri keçmiş, bütün əxlaq və mənəviyyat sədlərini aşaraq və bütün müqəddəs dəyərlərimizi tapdalayaraq Azərbaycan qadınına və anasına əl qaldıran, ona amansız işgəncə verən hakimiyyətə ən sərt sözünü Azərbaycan xalqı özü deyəcəkdir”.































































































