Hüquq müdafiəçisi Akif Hüseynovun Milli Şuraya yeni üzvlərin qəbuluna etiraz edərək qurumu tərk etməsi dərhal ölkə mətbuatında “Milli Şuradan istefalara başlandı” qənaətini yaratdı. Xatırladaq ki, Akif Hüseynov qurumu tərk edərkən maraqlı açıqlamada da bulunmuşdu:
“Biz özümüz bu gün bir iş görə bilməmişik. Milli Şuraya yeni üzvlərinin qəbulun onun güclənməsinə yox, dağılmasına xidmət edəcək”.
Maraqlıdır ki, MŞ təkibində çevik qərarlar qəbul etmək məqsədiylə yaradılmış Koodinasiya Mərkəzinə düşə bilməyən bəzi üzvlər qurumdan incikdirlər. Onlar belə hesab edirlər ki, yenə də MŞ-da inhisarçılıq meylləri hakim kəsilməkdədir və fikirlərini, təkliflərini səsləndirməyə macal verilmir.
Ancaq MŞ Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal Moderator.az-a açıqlamasında bu cür düşünənlərin haqlı olmadığını deyir:
“Keflə deyil ki. Əsasnaməyə uygun olaraq KM-nə ildə bir dəfə seçkilər keçirilir və hər kəs sessiyalarda öz fikirlərini səsləndirib təkliflər irəli sürə bilər. Kim istəsə seçki vaxtı öz namizədliyini verə bilər. Akif Hüseynovun “bir iş görə bilməmişik” açıqlaması da qəbuledilməzdir. Hamı ötən dövr ərzində Milli Şuranın qeyri-bərabər şərtlər daxilində necə böyük inadkarlıq sərgilədiyini və ölkədəki repressiv mühiti dəyişmək üçün çalışdığını gördü.”
Vidadi bəydən daha bir suala cavab almaq istəyimizsə baş tutmadı:
Hal-hazırda MŞ-nın neçə üzvü var? Təxminən nə qədər adamın üzvlük üçün müraciəti daxil olub? Onlar içərisində məhşurlardan kimsə varmı?
Müsahibimiz bildirdi ki, bu barədə danışmaq istəmir:
“ Çünki o məsələ artıq gündəlikdən çıxarıldı. O məsələyə qayıdılsa deyərəm. İndi ad çəkmək həmin adamları pis vəziyyətdə qoya bilər.”





























































































