NİDA-çıların aclıq edən valideynlərinin səhhəti pisləşdi - YENİLƏNİB, FOTOLAR

Hazırda oxunan: NİDA-çıların aclıq edən valideynlərinin səhhəti pisləşdi - YENİLƏNİB, FOTOLAR

44810
Həbsdəki NİDA-çıların artıq iki gündür ki, aclıq edən valideynlərin səhhətində problemlər yaranmağa başlayıb. NİDA-çı gənc Zaur Qurbanlının anası Səkinə Qurbanlının bu gün səhər saatlarına vəziyyəti pisləşib.  Buna səbəb onun təzyiqinin kəskin aşağı düşməsi olub.  Təcili tibbi yardım çağırıldıqdan və müəyyən müayinədən sonra onun səhhəti bir qədər düzəlib.
 
Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirən NİDA-çı gənclərin valideynlərini davamlı olaraq ölkə müxalifətinin təmsilçiləri, media nümayəndələri ziyarət edirlər. Dünən gün ərzində Müsavat, AXP, Ümid  Partiyasının nümayəndələri,  gənclər təşkilatlarının üzvləri  onlara baş çəkiblər.
  
“Yeni Müsavat”a danışan Səkinə Qurbanlı, eləcə də digər valideynlər səhhətləri getdikcə pisləşdiyindən məhkəmədə iştirak edə bilməyəcklərini dedilər: “Bizim səhhətimizdə indidən problemlər yaranıb. Ayaq üstə durmağa taqətimiz qalmayıb. Bu halda da gedə bilməyəcəyik. Onlar gəncdirlər, dözə bilirlər, ancaq biz yaşlıyıq, bizə aclıq tez təsir edir”.

Valideynlər aprelin 22-də keçiriləcək məhkəmədən ədalətli qərar gözləmədiklərini bildirdilər: “Noyabrın 5-də oxunan ittiham aktı elə olduğu kimi də aprelin 17-də bir də təkrar oxundu. Elə bil heç məhkəmə keçirilməyib. Yəni bu uşaqlar bu qədərmi dəhşətli cinayət törədiblər ki, prokuror bu qədər iş istəyir. Prokuror bu işi istəyəndə, gərək öz vicdanaının səsinə qulaq asardı. Öz övladlarını gözünün qarşısına gətirərdi, öz anasını düşünərdi. Özünü heç olmasa, bir anlığa bizim yerimizə qoysun. Fikirləşsin ki, biz 1 il 2 aydır ki, buna dözürük. Artıq dözməyə gücümüz yoxdur. Qərara almışıq ki, uşaqlarımız içəridə aclıq aksiyası keçirir, biz də onlara dəstək olaraq, ölənə qədər aclıq edəcəyik. Heç kəs bizi bu aksiyada əvəz etməsin, o vaxta kimi ki, o günahsız gənclər həbsdən qeyd-şərtsiz azad edilsin. Bunun başqa yolu yoxdur”.

Həbsdəki NİDA-çı gənc Şahin Novruzlunun anası Mehparə Novruzlu hələ də, ümidlərini itirmədiklərini dedi: “Prokurorun bu qədər haqsızlıq etməyi biz valideynlərə çox pis təsir etdi. Elə bil ki, bu uşaqlar ağır bir cinayət işlədiblər. Heç adam öldürənə bu qədər iş vermirlər. Biz də isə tam tərsinədir. Heç bir günahı olmayan, savadlı gəncləri şərləyib həbs ediblər. Baxmayaraq ki, məhkəmə heç nəyi sübuta yetirə bilmədi, aylar əvvəl oxunan ittihamı yenə təkrar oxudular”. 

AXP sədri Pənah Hüseyn aclıq edən NİDA-çı gənclərin valideynlərini ziyarət edərkən onlara təsəlli verdi və onların bu kimi aksiyaya qatılmaqlarına üzüldüyünü dedi: “Mən dəfələrlə NİDA-çı gənclərin məhkəməsində olmuşam. Tamamilə haqsız, ədalətsiz, cəmiyyəti qorxutmaq üçün atılan addımdır. Amma onu deyim ki, elə hesab etməyin ki, gəmclərin həbsdə yatması tamamilə faydasız olub. Bu millət naminə görülən böyük bir işdir. Belə övladlar böyütdüyünüzə görə sizə təşəkkür edirəm. Bu gənclər bir eyib iş görüməyib, insanın başını aşağı edən əməl törətməyiblər. İnşallah tezliklə gənclər azadlığa çıxar. Bizdən nə asılıdır, mənsub olduğumuz təşkilatlardan nə asılıdırsa edəcəyik. Lazım olsa, biz də sizinlə aclıq edərik. Mən anaları heç aclıq edən görmək istəmirəm. Mənim anam bu yaxında vəfat etdi. Təsəvvür etməzdim ki, anam vəfat edəndə mən  o qədər ağlayacam. İndi də gənclər də yəqin həbsdə sizə görə narahtdırlar. Lazım olsa, bizlər gəlib sizin yerinizə aclıq edərik. Biz anaların əziyyəıt çəkməsini istəməzdik. Siz onsuz da kifayət qədər əziyyət çəkmisiniz”. 

Daha sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər, Divan üzvləri - Arzu Səmədbəyli, Nüşabə Sadıxlı, Tural Abbaslı, Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədova aclıq edən valideynləri ziyarət etdi.

Divan üzvü Nüşabə Sadıxlı NİDA-çıların valideynlərinə öz övladları ilə fəxr etməli olduqlarını dedi: “Bu durumu hamımız görürük, hamımız qəzəblənirik. Əlimizdən gələni edəcəyik. Təəssüflər olsun ki, bu iqtidar getməyənə qədər bu vəziyyət davam edəcək. Bir xalq olaraq, hamımız ayaqda olmalıyıq.  Düşünürəm ki, bu NİDA-çı gənclərimizin həyatında  yazılan ən şərəfli tarixdir. Düzdür, çətindir, amma şərəflidir”.

Müsavat Məclisinin üzvü Başxanım Abbaslı müsavatçı xanımların bu yaxında aclıq aksiyasına qoşulacaqlarını dedi: “Bu hakimiyyət bizim bu cür övladlarımızı illərlə oğurlayır. Bu birinci dəfə deyil. Əgər bu rejim davam edəcəksə, bu sonuncu həbslər olmayacaq. Biz müsavatçı xanımlar olaraq, aclıq aksiyasında işştirak edəcəyik”.

Xatırladaq ki, aprelin 17-də NIDA-çıların məhkəməsində dövlət ittihamçısının gənclərə 6 ildən 8 il 6 aya qədər iş istəməsinə etiraz olaraq gənc vicdan məhbusları həbsxanada aclıq aksiyasına başlayıblar. Həm məhkəməyə etiraz olaraq, həm də gənclərə dəstək olaraq valideynlər də aprelin 20-dən müddətsiz aclıq aksiyasına başlayıblar. 



Elşad Allahverdiyev








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin