İlqar Altay: “Rusiya ölkəmizdə seperatçılığı gücləndirir”

Hazırda oxunan: İlqar Altay: “Rusiya ölkəmizdə seperatçılığı gücləndirir”

44576

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay Moderator.az-a açıqlamasında yaranmış son Ukraynaətrafı vəziyyətlə bağlı maraqlı fikirlər səsləndirib. Ekspert baş verənlərin Azərbaycana təsir imkanlarını da xarakterizə edib:

“Ukraynada baş verən proseslər təəssüflər olsun ki, bütün regionu da ağuşuna almaqla partlayış, müharibə istiqamətinə yön alır. Hadisələrin gedişi göstərir ki, Rusiya hakim dairələri Ukraynadan Krımı qopartmaqla kifayətlənmək istəmir. Moskvanın əli ilə son günlər Ukraynanın cənub-şərqi, Xarkov, Donesk, Luqansk və s. kimi vilayətlərində də Krım ssenarisi tətbiq olunmaqla dövlətçiliyə qarşı qəsdlər edilir, “mitinqçi” və “etirazçılar”ın hərəkatı adı altında zorakılıqla hakimiyyət orqanları ələ keçirilir. Qanuni mərkəzi Ukrayna hakimiyyətinin məsələnin dinc yolla həlli üçün Kiyevdən göndətdiyi bütün təkliflər Moskvanın diqtəsi ilə yerlərdəki separatçılar tərəfindən iqnorə olunur. 

 

Nəticədə Ukrayna Təhlükəsizlik Şurası Silahlı Qüvvələrinin içtirakı ilə həmin qiyamçı bölgələrdə geniş miqyaslı anti-terror əməliyyatları keçirmək barədə qərar qəbul etmək məcburiyyətində qalıb. Ukrayna prezidentinin səlahiyyətlərini həyata keçirən Aleksandr Turçinov əməliyyatların artıq, yaxın saatlarda başlanacağı barədə bəyanat yayıb. Bölgələrdə hakimiyyəti ələ keçirmiş qiyamçıların kifayət qədər say çoxluğu, silahlı olması və hərtərəfli olaraq Moskva tərəfindən dəstəklənməsini nəzərə alsaq, bu artıq vətəndaş müharibəsinin başlanması deməkdir.

 

Həmin bəyanatdan dərhal sonra Rusiya Xarici İşlər Nazirliyinin antibəyanatla çıxış edərək Kiyevin bu addımını cinayətkar hərəkət adlandırması isə, Rusiyanın Ukraynaya müdaxilə edə biləcəyi və iki ölkə arasında müharibənin başlanma ehtimalının reallığa yaxınlaşmasından xəbər verir. Bu isə təbii ki, ən azı bütün ətraf regionda müharibə alovunun qığılcımı hesab oluna bilər.

 

İndi əsas suala yetişməliyik ki, regiondakı hadisələrin bu cür sərt inkişafı Azərbaycanı da ağuşuna ala bilərmi? Bunun cavabı birdir. Bəli, bütün bu baş verərənlər Azərbaycana az, ya çox dərəcədə təsirsiz ötüşməyəcək.

 

 Rəsmi Bakının BMT-də Krım məsələsində haqlı Ukrayna mövqeyi tutması, Azərbaycan vətəndaş cəmiyyətinin Ukrayna xalqı yanında olması Kremlin gözündən heç bir halda yayına bilməz. Bunsuz da, gərgin qarışıqlıq dövründə Rusiyanın Qafqazı tamamilə ələ keçirməsi istəyi aksiomadır, tarixən belə olub və deməli, Azərbaycanın da həmin konfliktin içində olması qaçılmazdır.

 

Belə ki, regional hərbi konflik halında Kremldəki müvafiq stollar üzərində Azərbaycana qarşı planlar artıq hazır olmamış deyil. Son günlər Rusiya Azərbaycana qarşı artıq tarixin gərgin anlarında sınaqdan çıxarmış əzəli Rusiya-Ermənistan-İran üçlüyü müttəfiqliyini işə salıb. Plan həminkidir, 90-cı illərin əvvəlindəki kimi.

 

Rusiya ölkəmizdə seperatçılığı gücləndirir, ictimai-siyasi qarışıqlıq yaradır və quru-dəniz sərhədlərimizdə hərbi manervrlər törətməklə qorxu xofu yaradır. Biz, artıq neçə gündür ki, Moskva və başqa Rusiya nöqtələrindən Rusiya ictimai-siyasi xadimlərinin, rəsmilərinin, hərbi generallarının ölkəmizə qarşı hədə-qorxu dolu cıxışlarının şahidiyik. Şimal və dəniz sərhədlərimiz yaxınlığında rus qoşunlarınin yığımı məlumatlarını eşidirik. Ölkəmizin xarici və daxilində separatçı çıxışların artmasını, daxilimizdə rusiyapərəst ictimai-siyasi fiqurların pozucu səslərini qaldırmasını açıq müşahidə edirik. 

 

Ermənilərin yenə Moskvadan “fas” komandası alması və cəbhə xəttində aktivliyinin, atışmaların güclənməsi də göz qabağındadır. Üstəlik, Ermənistanda dislokasiya olunmuş rus tanklarının artıq son günlərdə Laçına gətirilməsi də, gözlənilə biləcək erməni hücümüna açıq dəsdək deməkdir.

 

Iran isə, Moskva ssenarisində yenə həmişəki tarixi rolundadır. Azərbaycana qarşı bu cür həmlə  ərəfələrində münasibətlər ənənəvi olaraq, birdən-birə “istiləşir”. Bizim ölkə rəhbərlərimiz dəvət olunur, səmimi qonşuluq  səfərlərimizin əvəzində bizə nələr hazırlandığı sonradan məlum olur. Prezidentimizin yaxın günlərdəki xeyirxah qonşuluq səfərindən sonra dərhal müdafiə nazirimizin də Tehrana səfəri gözlənilir. Həmin 92-93-cü illərdəki oxşarlıq. Allah özü xeyir eləsin!

 

Mən artıq, KİV-də “Ümumilli birliyə hazır olaq” məqaləsi ilə çıxış edib, Azərbaycanımızı hansı təhlükələrin gözləyə biləcəyi və bununla əlaqədar nə etməli olduğumuzu imkanım daxilində, əlimdən gələn qədər həmvətənlərimizə çatdırmağa çalışmışam. Yenə təkrar edirəm. Qarşıda baş verə biləcək hadisələri real qiymətləndirmək, ölkədaxili bütün ictimai-siyasi mübahisələrə ara vermək, vahid dövlət və xalq birliyində diqqətimizi dovlət müstəqilliyimiz, vətən bütövlüyümüzə yarana biləcək hər hansı fövqəladə təhlükəli vəziyyətə hazır olmaq üçün cəmləşdirmək vacibdir. Bu gün, nəhayət silkələnib ayılmaq, birləşmək, gücləşmək lazımdır ki, sonra gec olmasın!”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin