Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə insan alveri və məcburi əmək cinayətində ittiham olunan Aynur Mehdiyevanın işi üzrə məhkəmə prosesi keçirildi.
Qeyd edək, Mehdiyeva Aynur Lətif qızı Cinayət Məcəlləsinin 19 aprel 2013-cü ilədək qüvvədə olmuş 144-1.2.8 və 144-2.1-ci maddələri ilə təqsirləndirilir. Həmin cinayət işi 25 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanıb. Cinayət işinin başlanmasına əsas və səbəb Filippin Respublikasının vətəndaşı Lianto Fe Diazın 11 iyun 2013-cü il tarixdə idarəyə ərizə ilə müraciət edərək ona fiziki və psixi zor tətbiq olunduğunu, azadlığının məhdudlaşdırıldığını, iradəsi əleyhinə digər xidmətlərin yerinə yetirilməsinə məcbur edildiyini, pasportunun alınaraq ölkəsinə qayıtmasının qarşısının alındığını göstərməsi faktı olub.
Qeyd edək ki, ictimaiyyət nümayəndələri və zərərçəkmiş tərəf məhkəmə zalına daxil olarkən, məlum oldu ki, zaldakı oturacaqlar Mehdiyevanın qardaşı Mahmud Mehdiyev tərəfindən gətirilmiş idmançılar tərəfindən tutulub. İdmançılar hakimlərin məhkəmə zalına daxil olduqları qapıdan giriblər. İctimaiyyət nümayəndlərinin məhkəmə katibinə etirazından sonra idmançılar yer verdilər.
Məhkəmə iclası şahidlərin ifadəsi ilə başladı. Qeyd edək ki, ittiham aktında şahidlərin sayı 6 nəfər olaraq göstərilib. Hər biri iclasda ifadə verdilər. Şahidlərdən "Təmiz Dünya " Qadınlara Yardım İctimai Birliyində sosial işçi vəzifəsində çalışan Baxışeva Sevinc Vaqif qızı ifadə verdi. O istintaq müdətində verdiyi ifadəsini təsdiqlədi. S.Baxşıyeva dedi ki, o Fe Diazla söhbəti zamanı zərərçəkmiş döyüldüyünü və təhqir olunduğunu deyib: “Onun bədənində xəsarət izləri var idi. Fedən bunun kim tərəfindən edildiyini soruşduqda Aynur Mehdiyevanın adını çəkdi”.
Şahid qismində ifadə verən Səfərov İlham Qurbanəli oğlu bildirdi ki, Baş Pasport və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir.
“Bizə verilən məlumata əsasən Nərimanov rayonu, Sabit Rəhmanov küçəsi ev 35-in yaxınlığına gəldik. Küçədə uşaqla gəzən Feyə özümüzü təqdim etdik. O üzərində pasportunun olmadığını bildirdi və uşağı Aynur Mehdiyevanın qulluqçusuna təhvil verib bizimlə idarəyə gəldi. Fe bizə bildirdi ki, dəfələrlə Aynur xanım tərfindən döyülüb, təhqir olunub, psixoloji təzyiqə məruz qalıb”.
Şahid qismində ifadə verən Qocayev Şahin Musa oğlu isə bildirdi ki, 11 iyun 2013-cü ildə DİN Baş Pasport və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsi Filippin Respublikasının vətəndaşı Fenin insan alveri qurbanı olmaqda şübhəli bilindiyinə görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim edilib. O istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Bildirdi ki, Fe polisə ifadəsində döyüldüyünü və təhqir oldunduğunu deyib.
Şahid qismində ifadə verən Əliyev Fuad Ənvər oğlu isə dedi ki, o İnsan Alverinə Qarşı Mübarizə İdarəsində insan qurbanları ilə işin təşkili şöbəsində xüsusi ilə mühüm işlər üzrə baş əməliyyatçı işləyir. “Fenin pasportunu mənə Aynur Mehdiyeva verib. O polisə demişdi ki, pasportu əlindən alınıb. Biz şahidi olduq ki, Fenin bədənində xəsarətlər var. Sol çiynində qayçı izinin olduğunu bildirdi. O bizə döyüldüyünü, təhqir olunduğunu dedi. Həmişə nəzarətdə olduğunu vurğuladı.
Məhkəmə aprelin 14-ü saat 14.00-a təxirə salındı.
































































































