Bu gün müasir Azərbaycanın ən parlaq simalarından birinin, Milli Azadlıq Hərəkatının öncüllərindən olan tanınmış hüquqşünas Qurban Məmmədovun doğum günüdür və o 55 illik yubileyini zindanda keçirməyə məhkum edilib. Qurban bəyin həmkarı Namizəd Səfərov Moderator.az-a bir təbrik və ittiham dolu məktub göndərib, onu təqdim edirik:
"Çox böyük təəssüf hissi və ürəkarğısı ilə qeyd etmək istəyirəm ki, Qurban Məmmədov kimi dəyərli bir insanın, savadlı hüquqşünasın əvəzsiz xidmətlərindən bu gün Azərbaycanda qanunçuluq və hüquq sisteminin formalaşması prosesində istifadə olunması əvəzinə ömrü həbsxanada çürüdülür. Ona qarşı hakimiyyətin sifarişi ilə irəli sürülmüş ittihamların qondarma olduğu bütün respublika hüquq ictimaiyyətinə məlum olduğu kimi, ona qarşı bu ittihamların sifarişini vermiş və irəli sürmüş şəxslərə də məlumdur. İnsanların qəddarlığı məni təəccübləndirir. Bu gün Qurban Məmmədovun 55 yaşı tamam olur. Bu yaşda insanı siyasi baxışlarına görə bu cür qanunsuz həbsə almaq, məhrumiyyətlərə düçar etmək yalnız qəddarlıq kimi qiymətləndirilə bilər. Azərbaycan dövlətinin siyasi məhbusların sayını günü-gündən artırmaqla nə əldə edə biləcəyini başa düşmək çətindir. Dövlətin nüfuzuna beynəlxalq aləmdə belə ağır ləkə gətirən şəxslər nə düşünürlər? Ourban Məmmədovu demək olar ki,bütün demokratik dünya tanıyır. Əksər beynəlxalq İnsan Hüquqları təşkilatları birmənalı şəkildə onu vicdan məhbusu kimi tanıyır."































































































