“Müsəlman xalqları içərisində Avropa demokratiyasına ən yaxın ölkə Türkiyədir”
“Gizli qüvvələrin ictimai rəy üzərində təsir imkanı mövcuddur”
ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzetinə Türkiyə və Azərbaycan gündəmini məşğul olan bir çox məsələ ilə bağlı müsahibə verib. Moderator.az həmin müsahibəni oxuculara təqdim edir.
- Sərdar bəy, Türkiyədə bələdiyyə seçkilərinə ciddi hazırlıq gedir. Maraqlıdır, Azərbaycanda əksəriyyətin etinadsız yanaşdığı bu seçkilərin Türkiyədə müstəsna əhəmiyyət kəsb etməsinin səbəbi nədir?
- Türkiyədə prezident və parlament seçkiləri bələdiyyəı seçkiləri qədər önəm daşımır.Azərbaycanda isə tərsinədir. Azərbaycanda bələdiyyə seçkilərinə heç kim əhəmiyyət vermir. Bu, onu göstərir ki, Türkiyə həqiqətən də demokratikləşib. Demokratiya odur ki, xalqa ən yaxın olan hakimiyyət ən böyük nüfuza malikdir. Xalqdan uzaq olan hakimiyyət isə bir o qədər də önəm kəsb etmir. Bələdiyyələr bilavasitə xalqın içindədir, xalqdan təşkil olunur və xalqın problemlərinin həlli ilə məşğul olur. Bələdiyyə seçkiləri ondan sonrakı siyasi işin qurulması baxımından da önəmlidir. Əgər siz bələdiyyə seçkilərində qalib gəlmisinizsə, ölkənin idarə edilməsində də iştirak edə bilərsiniz. Valiliklərdən fərqli olaraq bələdiyyələr partiya rəhbərlərinə tabedir və mənsub olduğu partiyanın proqramına, dəyərlərinə uyğun siyasət həyata keçirir. Amma valillərin belə bir ixtiyarı yoxdur. Valiləri baş nazir təyin edir və bütün ölkə üzrə onlar baş nazirin vəzifələrini yerinə yetirirlər. Türkiyə nümunəsini əsas götürüb Azərbaycanda da bələdiyyələrin statusunun qaldırılması zəruridir.
Türkiyədə seçkilərə münasibət də Azərbaycanda fərqlidir. Türkiyədə bütün vətəndaşlar seçkidə iştirak edir, öz mövqeyini ortaya qoyur. Dövlət isə seçki zamanı qanun pozuntusuna yol verən şəxsləri ağır şəkildə cəzalandırmaqla seçkilərin obyektiv keçirilməsinin qayğısına qalır. Türkiyədə bir şəxsin iki dəfə səs verməyə cəhd etməsi, adi qutunun yerinin belə qanunsuz dəyişdirilməsi 4-8 illik həbslə cəzalandırılır. Azərbaycanda isə bir dənə də olsun məntəqədə qutular MSK-nin təlimatına uyğun şəkildə yerləşdirilmir. Türkiyədə seçki saxtakarlığına görə ən yüngül cəza 4 ildən başlayır. Bu, dövlətin seçkiyə olan münasibətidir. Xalq seçkilərə gəlir və dövlət də bu seçkiyə haram qatan şəxsləri cəzalandırır.
- 30 mart seçkisinin nəticəsi ilə bağlı fikirləriniz nədən ibarətdir? Sizcə bu nəticələr Ərdoğan üçün nə dərəcədə arzuedilən olacaq?
- Hər şeydən əvvəl deməliyəm ki, bu seçkilərin Türkiyə üçün əhəmiyyəti böyükdür. Nəticə nə olursa-olsun, bu, qardaş Türkiyə xalqının seçimi olacaq. Biz bu seçkilərə və onun nəticəsinə hörmətlə yanaşırıq. Türkiyə bütün türk-müslman ölkələri üçün demokratiya baxımından örnək olan bir dövlətdir. Etiraf etməliyik ki, müsəlman xalqları içərisində Avropa demokratiyasına ən yaxın olan ölkə Türkiyədir. Bu baxımdan, Türkiyədəki seçkilər mühüm əhəmiyyət kəsb edir.
- Bəzi siyasilər hesab edir ki, barəsindəki məlum korrupsiya ittihamlarından sonra Ərdoğanın siyasi lider kimi mövqeyini qoruyub saxlaması mümkünsüzdür və proseslər onun hakimiyyətdən getməsi ilə nəticələnəcək. Sizcə doğrudanmı korrupsiya ittihamları Ərdoğanın gedişi baxımından başlıca rol oynayacaq?
- Türkiyədə hər zaman növbədənkənar parlament seçkiləri olub. Hökumət koalisyon olub və s. Türkiyənin son tarixində ilk hadisədir ki, Ərdoğan dəfəlrlə hakimiyyətdə qalıb. Bu məsələdə üç faktor rol oynayırdı. Birincisi, Ərdoğanı Fətullah Gülən camaatı dəstəkləyirdi. Hansı ki, onların sayının Türkiyədə 10 milyon olduğu ehtimal edilir. İkincisi, Ərdoğan vətəndaşların dini inancları üzərində siyasət qurmuşdu, hicabı dəstəkləyirdi. Üçüncü amil isə demokratik açılımla bağlı idi. Lakin bu kartların üçü də artıq Ərdoğanın əlindən çıxıb. Onun Fətullah Gülənlə ciddi konfilikti var. Bu, o deməkdir ki, camaat ona səs verməyəcək. AKP-nin hicabla bağlı mövqeyinə gəlincə MHP və CHP də hicabı müdafiə edir və bu kart da AKP üçün işləmir. Demokratiyanın özünü tənzimləmə mexanizmi mövcuddur. Hətta ən ideal insanlar belə uzun müddət hakimiyyətdə qalanda demokratiya bu insanları kənara atmağı tələb edir və atır da. Bu gün Ərdoğana qarşı korrupsiya ittihamları səslənməsəydi belə, əgər Türkiyədə həqiqətən də demokratiya varsa, onun üçüncü dəfə qalib gəlməsi mümkün olmayacaq. Amerika nümunəsinə nəzər salın. Bu ölkədəki partiyaların heç biri korrupsiyada ittiham olunmur. Baxın, iki seçkidən artıq Amerikada heç bir partiya qalib gələ bilmir. Elə bir partiya yoxdur ki, 3-4 dəfə ardıcıl qalib gəlsin. Demokratiya o qədər yüksək inkişaf edib ki, bu məsələni özü tənzimləyir. AKP-nin məğlubiyyəti ilə bağlı gözləntilər Ərdoğana qarşı korrupsiya ittihamı ilə bağlı deyil. Bu, demokratiyanın tələbidir. Demokratiya ortaya yeni qüvvə çıxmasını tələb edir. Əsas səbəb budur. Təbii ki, ola bilsin ki, korrupsiya itihamları müəyyən bir kəsimin Ərdoğanla bağlı fikrinin dəyişməsinə səbəb olsun. Lakin Ərdoğan nə dərəcədə korrupsiyada ittiham edilirsə, özünü bir o qədər də müdafiə edir. Türkiyədə bu və digər partiyalar da mütəlif dövrlərdə korrupsiya ilə ittiham olunub. Buna görə də, korrupsiyadan daha önəmlisi demokratiyanın məhdudiyyət prinsipidir. Insanlar təhtəlşüur olaraq AKP-yə səs verməyəcək. Burada AKP-nin yaxşı və ya pis olması rol oynamayacaq. Sadəcə, Ərdoğan uzun müddət hakimiyyətdə qaldığı üçün getməli olacaq. Ola bilsin ki, bələdiyyə seçkilərində 26 partiya iştirak etdiyi üçün səslər həddindən artıq dağınıq olsun. Yəqin ki, belə də olacaq. Bu baxımdan ola bilsin ki, AKP bu 26 partiya ilə müqayisədə daha artıq səs toplasın. Çünki AKP əleyhinə olan səslər 25 yerə bölünəcək. Əgər bu seçkilərdə 26 deyil, iki partiya mübarizə aparsaydı, o zaman yüzdəyüz AKP-nin uduzacağını iddia etmək olardı. Lakin ümumi səslərlə müqayisədə yəqin ki, AKP 50% səs toplaya bilməyəcək.
- Belə bir fikir də var ki, Ərdoğan Qərbin Türkiyə ilə bağlı siyasətinə əngəllər yaratdığı üçün onun gedişi Qərb dünyasının da marağındadır və onların da qarşıdakı “yola salma mərasimi”ndə xidməti olacaq...
- Bu barədə səslənn fikirlər əsassızdır. Əslində, Ərdoğan Amerikanın Yaxın Şərq siyasətində çox önəmli bir rol alıb və mənə elə gəlir ki, bu on il ərzində öz rolunu çox gözəl icra edib. Iraq, Suriya, İran, Krım məsələlərində buna şahid olmaq mümkündür. Təbii ki, Türkiyədən bu hadislərdə ABŞ və ya hansısa Qərb dövləti kimi iştirak etmək tələb olunmur. Türkiyədə lazımi məqamlarda vasitəçilik tələb olunur. İranla Qərb arasındakı məsələdə Türkiyənin vasitəçiliyini gördük. Yaxın Şərq ölkələrində baş verən krizlərdə də buna şahid olduq. Bu gün də Ukrayna məsələsində əsas aktyorlardan biri Türkiyədir. Bu baxımdan hesab edirm ki, Qərb də, ABŞ da Ərdoğandan bir o qədr də narazı qalmamalıdır. Ərdoğam kifayət qədər radikal, müstəqil siyasət aparır. Əgər o, belə bir siyasət aprmasa, o zaman heç vaxt Amerika və Qrbin bölgədəki siyasətində aparıcı fiqur rolu oynaya bilməz. Davosda Ərdoğanın İsrail prezidentinə sərt şəkildə etirazı hər kəsin yadındadır. O çıxışdan sonra Ərdoğanı bütün ərəb dövlətləri avtoritet kimi qəbul etdi. Bu gün bəziləri yanlış olaraq iddia edir ki, guya Ərdoğan yəhudilərə bu cür münasibət sərgilədiyi üçün indiki çətin vəziyyətə düşüb. Əslində isə Ədoğanın bu addımı onu Şərqin müsəlman xalqlarının təmsilçisi roluna gətirdi. Çünki yalnız bundan sonra Ədoğan Qərblə islam ölkələri arasında körpü rolunda çıxış edə bilərdi. Hesab edirm ki, indiki halda Ərdoğanın hakimiyyətdən getməsi Türkiyəyə bir o qədər də yaxşı şey vəd etmir. Türkiyədə koalisyon hökumət yaratmağa meyl zəifdir. Bu baxımdan mümkündür ki, AKP bələdiyyə seçkilərində müəyyən uğur qazansın. Müxalifət dağınıqdır və habelə Ərdoğanın 10 ildə apardığı siyastət kifayət qədər divident gətirib.
- Demək belə çıxır ki, korrupsiya ittihamları Ərdoğanın hakimiyyətdən getməsi məsələsində aparıcı amil deyil?
- Korrupsiya hakimiyyətlərin xəstəliyidir və ona bütün ölkələrdə rast gəlmək mümkündür. Bu, hakimiyyətdən getmək üçün ciddi səbəb olmur. Berluskoni hətta mafiya idi, lakin buna baxmayaraq uzun müddət İtaliyaya rəhbərlik etdi. Prinsipcə, gərək onu heç hakimiyyətə yaxın qoymayaydılar. Nyu-Yorkun meri var idi ki, o, narkotik maddələrdən istifadəyə görə həbsxanaya düşmüşdü və çıxandan sonra mer seçildi. Daha sonra yenə də narkotiklərdən istifadəyə görə həbs olundu. Xalqların müəyyən şəxslərə səs verməsi bəzən neqativ amillərə görə olur. Bu baxımdan Ərdoğanın hakimiyyətdən getməsi məsələsində korrupsiya faktorunun mühüm önəm kəsb etdiyini düşünmürəm. Seçkilərin nəticəsinə Ərdoğanın xarici siyasəti, iqtisaiyyatda əldə etdiyi uğur və uğursuzluqlar təsir göstərəcək. Türkiyədə korrupsiya Azərbaycanda olduğu kimi A-dan B-yə qədər deyil. Tutaq ki, 20 nazir var və bunun üçü korrupsiyada ittiham olunur. Bu, seçkiyə ciddi təsir göstərən arqument deyil.
- Türkiyədəki bələdiyyə seçkilərinin Azərbaycan birbaşa və ya dolayısı ilə hər hansı bir təsiri olacaqmı?
- Bələdiyyə seçiləri ancaq yerli siyasətlə bağlıdır. Bu baxımdan bələdiyyə seçkilərinin xarici ölkələrə hər hansı təsiri yoxdur. Sadəcə, parlament və prezident seçkiləri uğurunda mübarizə bələdiyyə seçkilərindən asılıdır. Yəni bələdiyyələr kimin əlindədirsə, həmin partiyalar bu imkandan istifadə edib müəyyən iş aparacaq, nüfuz qazanacaq, xalqın iradəsinə təsir edə biləcəklər. Bələdiyyə seçkilərinin bu baxımdan təsiri mövcuddur. Bələdiyyəlrədə qalib gələn partiyanın parlament və prezident seçkilərində də qalib gəlmək şansı var. Bir sözlə, bələdiyyə seçkilərinin birbaşa xarici siyasətə təsir etmək imkanı yoxdur. Çünki xarici siyasəti bələdiyyələr müəyyənləşdirmir.
- Türkiyədə anti-nurçu kampaniyasına start veriləndən sonra Azərbaycanda da nurçularla bağlı müəyyən adımlar atıldı, habelə ölkə KİV-də onların dövlətçilik üçün təhdid mənbəyinə çevrilməsi ilə bağlı silsilə yazılar dərce dildi. Nurçuluğu Azərbaycan üçün təhlükə hesab edirsinizmi?
- Mən nurçuluğu Azərbaycan üçün təhlükə hesab eləmirəm. Islamda müxtəlif təriqətlər var. Bunlar İslamın müxtəlif dəyərlərini önə çəkirlər. Vəhabilərə və ya digər təriqətlərə baxanda nurçular daha mütərəqqi təriqətdir. Çünki bu təriqətin əsas silahı elmdir. Təbii ki, nurçular da islam dövləti qurmaq istəyir. Öz liderini ilahiləşdirir. Digər təriqətlərdə olan qüsurlar nurçularda da var. Amma əsas məsələ ondan ibarətdir ki, onlar öz məqsədlərinə elm və mədəniyyət vasitəsi ilə çatmağa çalışırlar. Cəmiyyət elmi banxımdan nə qədər inkişaf edib savadlanarsa, həmin təriqətdən gələn təhlükələr bir o qədər az olacaq. Nurçuların yaradacağı şəritə dövləti də İran və ya Pakistandakı şəriət dövlətləri ilə müqayisə edilə bilməz. Bu baxımdan mən nurçularla bağlı məxsusi təhlükə görmürəm. Ərdoğanı hakimiyyətə nurçular gətirmişdi. Lakin indi onların arasında ixtilaf yaranıb deyə Azərbaycandakı nurçular məsələsi aktuallaşıb. Əslinə baxanda Azərbaycanda nurçu təriqətinə məxsus olduğu iddia edilən şəxslərin Milli Məclisə, müxtəlif vəzifələrə gətirilməsi Ərdoğanın, Türkiyə rəsmi dairələrinin təsiri ilə baş tutub. F.Gülən gəlib Azəıbaycanda kiməsə deməyib ki, filankəsə deputat mandatı ver. Əsas məsələ bu deyil. Əsas məsələ budur ki, necə olur ki, başqa bir dövlətdə mövcud olan qruplar dövlətə sıza bilir? Nurçuların kadrları dövlət vəziflərinə, Prezident Administrasiyasına necə, kimlərin vasitəsi ilə yerləşdirilir? Türkiyədə baş verənləri başa düşmək olar. Çünki Türkiyədə nurçular Ərdoğanı hakimiyyətə gətirmişdilər. Onların deputatları, nazirləri və s. var idi. Azərbaycanda isə nurçular İ.Əliyevin hakimiyyətə gəlməsində tol oynamayıb. O yerdə ki, idarəçilik prinsipi dövlətçilik prinsiplərinə əsaslanmır, qohumluğa, dostluğa, şəxsi maraqlara əsaslanır, o zaman kənar meyillərin inkişafı üçün əlverişli fürsət yaranır. Yəni hər hansı bir qrup müxtəlif yollarla öz təmsilçilərini müəyyən vəzifələrdə yerləşdirə bilir. Nurçuların da övlət orqanlarında yüksək vəzifələrə sızmasının arxasında ölkədəki mövcud durum ”“ rüşvətxorluq və anti-demokratiya dayanır. Demokratiya boğulduğu üçün məqsədə anti-demokratik yollarla çatmaq imkanı yaranır. Anti-demokratik yollar isə qapalı, şübhəli, naməlum, qeyri-şəffaf yollardır. Məsələn, biri var ki, demokratik şəkildə parlament seçkiləri keçirilsin və kimlərsə bu seçkilərdə qalib gəlsin. Bir də var ki, parlamentdə konkret siyahı əsasında müəyyən şəxslər təmsil olunsun və onların hansı maraqlara xidmət etdiyi, erməniyəmi, rusamı çalışdığı bilinməsin. Anti-demokratik yollarla vəzifəyə gələndə bunu bilmək olmur. Çünki vəzifəyə gəlmək yolunun özü qeyri-şəffaf olur. Qeyri-şəffaf cəmiyyətlərdə bu tendensiya yüksək inkişaf edib. Azərbaycanda nurçuluğun inkişafının səbəbini burada axtarmaq lazımdır.
- O zaman belə məlum olur ki, nurçuların dövlət orqanlarına yol tapması əsasənAzərbaycandakı qeyri-demokratik mühitlə bağlıdır?
- Şübhəsiz. Azərbaycanda dövlət vəzifələrində nurçuların təmsilçiliyi onların gücü ilə bağlı deyil. Sadəcə olaraq, Azərbaycandakı real vəziyyətlə bağlıdır. Bu ölkədə insanlar rüşvətlə, tanışlıqla, dostluqla deputat olur. Insanlar bu yolla vəzifələrə gətirilir. Halbuki, demokratiya insanlara vəzifələri onların dövlətin və millətin qarşısındakı xidmətlərinə mükafat olaraq verməyi zəruri sayır. Azərbaycanda millət qarşısında heç bir xidməti olmayan, əksinə millətin əleyhinə fəaliyyət göstərən insanlar vəzifəyə gətirilir, deputat və ya nazir olur. Bizdə hər şey tamam tərsinədir. Çünki ölkədə demokratik deyil, anti-demokratik prinsiplər işləyir. Vəhabilərin və digər təriqət mənsublarının dövlət orqanlarına yol tapmasının səbəbini bunda görürəm. Idarəçiliyin qeyri-dövlətçilik prinsipləri əsasında həyata keçirilməsi bu cür problemlərə yol açır. Biz hər dəfə seçkilərdə iştirak edirik, seçki saxtakarlığının qurbanı oluruq, bununla bağlı şikayət edirik, amma son nəticəsə kimlərsə parlamentdə oturur. Bunların arasında vəhabilərin də, ermənilərin də, rusların da kəşfiyyatına bağlı insanlar ola bilər. Rəbiyyət Aslanovanın Prezident Administrasiyasında şöbə müdiri vəzifəsindən azad edilən oğlunun fəaliyyətinə nəzər salın. Baxın görün, o, nə qədər set formalaşdırıb. Müxtəlif saytlar, qəzetlər yaradıb. Halbuki, Azərbaycanda söz və mətbuat azadlığı olsa, bu cür insnalar belə şeylər yarada bilməzlər. Prezident Administrasiyasında çalışdığı üçün o, imtiyaz əldə edib və istədiyi fəaliyyətin həyata keçirib. Onlar ictimai rəy üzərində hakimiyyət əldə etməyə çalışırlar. Dövlətin bu məsələyə reaksiyası da adekvat deyil. Şəxsləri işdən çıxartmaq kifayət deyil. Hakimiyyət bu şəxsləri məlum postlara gətirən adamlarla maraqlanmalıdır ki, bu insanlar kimlərdir. Onları bu vəzifələrə kimlər tövsiyyə edib. Onlar niyə, hansı xidmətlərinə, bacarıqlarına görə bu vəzifələrə təqdim olunub. Bu insanların bütün fəaliyyət dövrü də təftiş olunmalıdır. Araşdırılmalıdır ki, bu insanlar vəzifədə olduqları müddətdə hansı işlər görüblər. Bir sözlə, Azərbaycanın bu gün bu vəziyyətə düşməsinin səbəblərindən biri də müxtəlif gizli qüvvələrin ictimai rəy üzərində təsir imkanına malik olmasıdır.
Seymur Əliyev




























































































