Xəbər verdiyimiz kimi, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Gürcüstandakı fəal dəstəkçisi olduğu bildirilən Əsəd Əli oğlu Əliyev sərhəddə saxlanılaraq, Qazax rayon Polis Şöbəsinə aparılmışdı.
Musavat.com-un əməkdaşının bu məsələ ilə bağlı əldə etdiyi ilkin məlumatda Ə.Əliyevin Bakıya, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) aparılacağı bildirilirdi.
Ancaq musavat.com-un əməkdaşı Ə.Əliyevlə bağlı yeni məlumatlar əldə etməyə nail olub. Belə ki, son məlumatda bildirilir ki, Ə.Əliyevin Azərbaycandan Gürcüstana deportasiya edilməsinə qərar verilib. Ə.Əliyevin polis nəzarəti altında Azərbaycan-Gürcüstan sərhəddinə aparıldığı bildirilir.
Onu da qeyd edək ki, Ə.Əliyev Gürcüstan vətəndaşıdır.
*****
16:33
Gürcüstan-Azərbaycan sərhədini keçəndən dərhal sonra saxlanılaraq, Qazax Rayon Polis Şöbəsinə aparılan Əsəd Əli oğlu Əliyevi Bakıya, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) aparacaqlar. Bu haqda “Yeni Müsavat”a Qazax RPŞ-dəki etibarlı mənbədən məlumat verilib.
Qaynağımız deyib ki, Ə.Əliyevin saxlanılmasına göstəriş də BMCQMİ-dən verilib. Qaynağımız hazırda Ə.Əliyevin Qazax polisində olduğunu və Bakıdan onunla əlaqədar əmr gözlədiklərini də söyləyib.
Qazax RPŞ-nin rəisi Zöhrab İsmayılovla da əlaqə saxlamağa cəhd etdik. Lakin israrlı zənglərimiz cavabsız qaldı.
Aldığımız məlumata görə, Gürcüstan vətəndaşı olan Ə.Əliyev əvvəllər Bakıda yaşayıb.
Xatırladaq ki, ilkin məlumatlarda Ə.Əliyevin adı Asat Əliyev kimi qeyd edilirdi. Ə.Əliyev Gürcüstanın azərbaycanlı gənclərinin qurduğu Böyük Birlik təşkilatının rəhbəri, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Gürcüstandakı fəal dəstəkçisidir.
Musavat.com-un məlumatına görə, Ə.Əliyevi Gürcüstan-Azərbaycan sərhədini keçəndən dərhal sonra saxlayıblar və Qazax Rayon Polis Şöbəsinə aparıblar. Bundan sonra o, telefonuna cavab verməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən əməkdaşımıza Ə.Əliyevlə bağlı bir qədər sonra məlumat veriləcəyini bildiriblər.
müsavat.com
müsavat.com

































































































