Nobel sülh mükafatına çox böyük hörmət və ehtiramım var.
Həyatlarını dünyada sülhün, əmin-amanlığın, insan azadlıqlarının və bəşəriyyətin səadəti uğrunda mübarizəyə həsr edən bu insanlar daim xatırlanmağa, yad edilməyə, sevilməyə layiqdirlər.
Bunu Gün.Az-a açıqlamasında millət vəkili Tahir Rzayev yazıcı Əkrəm Əylislinin bir qrup ictimai xadim tərəfindən Nobel sülh mükafatına namizəd göstərilməsinə münasibətini bildirərkən dilə gətirib.
Millət vəkili deyib ki, ancaq şeytan əməlləri ilə millətləri və xalqları bir-birinə qarşı qoyan, on minlərlə insanın - uşağın, qocanın qətlinə imkan yaradan, yüzlərlə şəhərin, kəndin xarabazarlıqlara çevrilməsinə, milyonlarla adamın dilənçi kökündə yaşamasına, elindən-obasından didərgin düşməsinə səbəbkar olan, Azərbaycanda, Gürcüstanda, Özbəkistanda, Moldovada, Baltikyanı ölkələrdə, Çeçenistanda, Qazaxıstanda, Dağıstanda qanlı qətllər törədilməsinə bilavasitə rəvac verən keçmiş SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçova Nobel sülh mükafatı veriləndə onun nəzərlərində bu mükafat tamamilə öz dəyərini itirib.
“Bir daha inandım ki, dünya ikili standartlarla idarə olunduğu kimi, Nobel sülh mükafatı da ikili standartlarla verilir. Dünyanın bir sıra ictimai xadimlərinin azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstərmələri xəbərini eşidəndə isə bir daha sarsıldım.
Guya bu ictimai xadimlər Əkrəmi Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyinə görə bu mükafata namizəd göstəriblər. Çox gülməlidir!
Məgər öz xalqını təhqir etmək, aşağılamaq, cəllad, qaniçən obrazında göstərmək, olmamışları - hər cür şəri, yalanı, böhtanı, öz nəslinin-kökünün, xalqının, millətinin adına yazmaq, tarixi reallıqları danmaq, düşmənə mələk donu geyindirmək, qaniçəni, qan tökəni, qatili ideallaşdırmaq, mərhəmət, ağıl, mədəniyyət sahibi kimi qələmə vermək mərdlikdirmi? Düşmənçiliyi aradan qaldırmağa təşəbbüs göstərməkdirmi, azərbaycanlılara dəstəkdirmi? Yalandan ermənilərə qarşı qırğınlar törətməkdə xalqını günahlandırmaq xalqa xidmətdirmi?
Yox! Bu, xalqlara xidmət deyil, reallıqları düzgün əks etdirməməklə, haqlını-haqsızın ayağına verməklə, tarixi hadisələri təhrif etməklə aranı qızışdırmaqdır, düşmənçiliyi dərinləşdirməkdir. Məgər Əkrəm Əylislinin xalqının başına gətirilənlərdən xəbəri yoxdur?
Ona yaşından əvvəli demirəm, ona nağıl kimi danışılanları xatırlatmıram, axı, Xocalı soyqırımını, Cəmilli, Qaradağlı, Meşəli, Ağdaban, Bağanis-Ayrım, Qarakənd faciələrini, azərbaycanlıların başına gətirilən müsibətləri o, öz gözləri ilə görüb, minlərlə insanın ah-naləsini, fəryadını öz qulaqları ilə eşidib, qətllərin, metro, qatar, avtobus, dəniz limanı terrorlarının, ölümlərin canlı şahidi olub...
Tutaq ki, Əkrəmi bu mükafata təqdim edənlər bu faciələrin çoxundan xəbərsizdirlər, yaxud nəyinsə xatirinə bu addımı atıblar. Axı, Əkrəm həqiqətləri yaxşı bilir, hadisələri yaxşı görür, ancaq o yenə xalqına xəyanət edir. Mən çox təəssüf edirəm ki, bu ictimai xadimlərin imzaları arasında bizim yazıçımız Çingiz Hüseynovun oğlunun da imzası var.
O, bu yola getməməliydi, xalqının taleyinə - ermənilər tərəfindən başımıza gətirilən faciələri, bəlaları göz önünə gətirməliydi, dərindən düşünməliydi, düşmənlərimizi təbliğ edən, öz xalqına xəyanət yolu tutan bir yazıçının mövqeyində dayanmamalıydı!
Bizim hər birimiz başa düşüb dərk etməliyik ki, haqq nahaqqa satılanda, əyri düzü kəsəndə, cinayətkar cəzasız qalanda, xalqını-vətənini satana, xainə Nobel sülh mükafatı veriləndə dünya dağılmağa, insanlıq məhvə məhkumdur!” - deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.
Xatırladaq ki, bir qrup əcnəbi vətəndaş Azərbaycanda kəskin etiraza səbəb olan “Daş yuxular” əsərinin müəllifi Əkrəm Əylislinin namizədliyini Nobel Sülh mükafatına irəli sürüblər.



































































































