Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin növbəti iclasında “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Moderator.az-ın Gün.Az-a istinadən verdiyi məlumata görə, sözügedən komitənin sədri, birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan terrorizmə qarşı mübarizə ilə bağlı 15-dək beynəlxalq konvensiyaya qoşulub.
Onun sözlərinə görə, həmçinin, bu məsələ ilə bağlı MM-də bir sıra müvafiq qanunvericilik aktları qəbul olunub.
“Müxtəlif dövlətlərdən insanların müharibə gedən xarici ölkələrə aparılması, terrora çağırış, terrorun maliyyələşdirilməsi kimi hallar bəşəri problemə çevrilib.
Bu proseslər bizim də milli maraqlarımıza ziyan gətirir. Ümumiyyətlə, Azərbaycan vətəndaşının və vətəndaşlığı olmayan azərbaycanlıların xarici ökələrdə hansısa döyüşlərə, mütəşəkkil cinayətkar qruplara qoşulması yolverilməzdir.
Bu kimi hallar Azərbaycan qanunvericiliyinə ziddir. Qanunda edilmiş dəyişikliklərin əsas məqsədi də terrorçuluqla mübarizədə görülən tədbirlərin effektivliyinin artırılmasıdır. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, hökumət öz vətəndaşının təhlükəsizliyini təmin edir”, - deyə, Z.Əsgərov qeyd edib.
Çıxış edən komitə üzvləri də qanuna təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildirib və qeyd ediblər ki, xarici ölkələrdə hansısa hərbi, dini və yaxud terror qruplaşmalarına qoşulan hər hansı bir vətəndaş Azərbaycana qayıtdıqdan sonra ölkə üçün böyük bəlaya çevrilirlər.
Millət vəkillərinin fikrincə, həmin şəxslər maddi maraqlarına görə bu bəlaya düçar olurlar, ona görə bu kimi halların qarşısının vaxtında alınması üçün profilaktik tədbirlərin gücləndirilməsi vacibdir.
Z.Əsgərov da öz növbəsində deyib ki, Azərbaycanın təhlükəsizlik orqanları vəziyyətə nəzarət edirlər.
“Bu nəzarətin mükəmməl olması üçün hüquqi əsas yox idi. Lakin sözügedən qanuna edilən dəyişiklik həmin əsası yaradacaq və təhlükəsizlik orqanlarının səmərəli fəaliyyətini təmin edəcək”, - deyə, o, bildirib.
Qanun layihəsi sonda MM-in plenar iclasına tövsiyə olunub.



































































































