Parlamentin ötən iclasında ”žXəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında“ Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında“ Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin səsə qoyulması zamanı gözlənilmədən iclası aparan vitse-spiker Ziyafət Əsgərovdan söz alan xalq artisti Zeynəb Xanlarova hamını şoka salan açıqlama ilə çıxış etdi. Elə çıxış ki, hətta Ziyafət Əsgərov belə adətinə xilaf çıxaraq susmağa üstünlük verdi və xalq artisti çıxışını bitirəndən sonra da zala bir neçə saniyəlik ağır sükut çökdü. Moderator.az ölkə KİV-ləri içərisində yeganə olaraq xalq artistinin bu çıxışını sinxron olaraq oxuculara təqdim edir, eyni zamanda yaranmış ajiotajı nəzərə alaraq, onun fikirlərini redaktə etmədən, üslubuna toxunmadan çatdırılmasını məqsəduyğun hesab edir:
”žHəvəsdən saldız məni. Mən ildə bir dəfə danışıram, amma yaxşı danışıram da, bilirsiniz. Mən əziz prezidentimizə də çatdırmışam Nardaran camaatının fikirlərini. Çünki mənim bağım da ordadır, bunların da şikayəti olanda daha əziyyət çəkib şəhərə gəlmirlər, gəlib mənə deyirlər. Nardaranın işığı və qazı barədə demişəm, sağ olsun prezidenti, saatlarla da olsa onlara verilir. Onlar da heç buna narazılıq eləmirlər, razılıq edirlər və deyirlər Allah bizim prezidentimizə cansağlığı versin. İndi mən ikinci məsələdən danışıram (dərindən köks ötürür)
Çox narahatdı çamaat.
Biz gərək camaatı qaldırmayaq. Bu hasar var ey. Özüm hər dəfə Binə yoluyla
Nardarandan gələndə evlər tikilib ey orda, dənizin qırağında, bilinmir, elə
hasara alınıb ki, mən dünyanı gəzirəm, gedib Amerikanın misal üçün Ağ Evini
görürük, Qabağında hasarı yox, zadı yox. Amma burda elə bir hasar çəkiblər ki,
camaat ağlayır ki, bizim əlimizdən hər şeyi alıblar, bu dənizi niyə alıblar
əlimizdən? Hasarı çəkmisən, səni gəlib oğurlamayacaqlar ki? Eləmisən
bəzək-düzək, hər şey eləmisən. Bilmirəm kimindi. Nə bilim İsgəndərindi, bilmirəm
Cahangirindi, axırı burda belə bir şey tikilib və dəxli yoxdur mənə. Tikib,
sağlıqlarına qismət olsun. Amma bu hasarı xalqın əlindən bu dənizi almaq olmaz.
Hasar nə qədər çəkilər? Bir var evin həndəvərinə çəkir, bir də var ki, dənizi
bütün alıblar hasara. Mənim heç özümə xoş gəlmir ordan keçəndə. Bu dənizi də
almaq olmaz axı. Allahın xalqa bəxş etdiyi bu dənizdi, bu hasarı niyə çəkiblər
orda? Onu istəyirlər ki, xalq qalxsın ayağa, gedib hasarı külünglərlə
sındırsınlar? Mən istəmirəm elə olsun axı. Camaatı güclə biz sakit edirik. Bu
dəniz məsələsində bilmirəm o kimin villasıdır, nələridir, tikiblər, qabaqların
da alıblar hasara. Bir var evin qabağın alasan hasarla, bir də var ki, bütün
dənizi tutasan. Hara gedib çıxır heç bilmirəm Maştağaya qədər. Açığını deyim
sizə ki, mən qorxuram ki, camaat qalxmasın ayağa. Çünki şikayətlərin mənə
eləyiblər. O Nardaran camaatı sən öləsən-mən öləsənə baxmır ey. Onlar
qalxdılar, uje qurtardı. Mən istəmirəm elə şey olsun. Mən çox xahiş edirəm, mən
bir qardaşım kimi Sizə müraciət edirəm, onu da bir nəzərə alsınlar ki, yaxşı
deyil. Mən bax əvvəldən deyirəm. sabah bir şey olsa, day sözümü mən dedim. Qoy
elə Nardaran camaatı da eşitsin ki, mən sözümü Milli Məclisdə dedim.“



































































































