Milli Qvardiyanın keçmiş komandanı, Birinci Qarabağ savaşının qəhrəmanlarından olan polkovnik Əzizağa Süleymanov Moderator.az-a açıqlamasında silahlı qüvvələrimizin döyüş hazırlığına münasibət bildirib:
"Bu gün silahlı qüvvələrimiz doğrudan da tam muasir, mükəmməl ordu kimi formalaşıb, lakin silahlı qüvvələrimizin döyüş təcürbəsi yoxdur. Nə olsun ki, müasir texnika ilə təmin edilib, lakin hərbi təlimlər "quş qoymaq" xatirinə zəif keçirilir. Müharibəyə hazırlaşan ordu güclü təlim görməlidir. Əsas məsələ budur. Düşmən da buna fikir verir. Ermənilər rus ordusunun tərkibində təlimlər keçirirlər. Birinci Qarabağ savaşını üfüqdəki ikinci Qarabağ müharibəsi ilə müqayisə etmək məncə doğru deyil. O vaxt indiki kimi müasir silahlarla təchizat yox idi. Əsgərlər heç bir təlim görmədən cəbhəyə göndərilirdi. Amma bu gün silah-sursat, texnika baxımından heç bir korluğumuz yoxdur. Yeganə korluğumuz əsgər və zabitin döyüş ruhunun Birinci Qarabağ savaşındakı kimi yüksək olmamasıdı. Bunun da bəlli səbəbləri var. Müharibəyə hazırlaşan silahlı qüvvələrdə silah-sursatdan önəmli bir məsələ də var- döyüş ruhunun mövcud olması və cəmiyyətin yumruq kimi birləşərək cəbhəyə köklənməsi. Bu gün səngərdə dayanan əsgəri vətənpərvərlik ruhunda hazırlamaq lazımdır. Orduda ümumiyyətlə rüşvət və korrupsiya olmamalıdır. Şəhid əsgəri şərəflə, adına layiq dəfn etmək lazımdır. Müqayisəyə gəldikdə isə demək olar ki, əlbəttə, bu günkü ordu daha güclüdür, bu dəqiqdir. Əgər ilk toquşmada düşmənin zərbəsini dəf edə bilsək ordumuz qısa zamanda Göyçə gölünə çıxacaq. Buna mənim şübhəm yoxdu."































































































