Moderator.az tanınmış hərbi ekspert Üzeyir Cəfərovun prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə şok müraciətini olduğu kimi təqdim edir:
"Bu müraciəti ilk növbədə Dövlət başçısı cənab İlham Əliyevə ünvanlamaq istəyirəm. Bu müraciətdə xeyli ciddi məqamlar var. Düşünürəm ki, əlaqədar qurumlar üzərinə düşən vəzifənin öhdəsindən lazımınca gələcək və lazım olan addımları atacaq.
Hörmətli Cənab Prezident!
Bu müraciəti Sizə sosial şəbəkə vasitəsiylə ona görə ünvanladım ki, böyük əminliklə inanıram ki, ünvanınıza yazılan çoxsaylı və Sizin üçün son dərəcə vacib olan məktublardan biri kimi Sizə gəlib çatmayacaqdı. Ona görə də, hesab edirəm ki, Sizə çatdırılması vacib olan məqamların xeyli hissəsini bu müraciətimdə göstərə biləcəyəm və Siz əlavə məlumata ehtiyac duyarsınızsa, onlar da Sizə həm mənim, həm də digər əlaqədar dövlət və hökumət qurumları tərəfindən çatdırılacaqdır.
Müraciətimi 1994-cü ildəki məlum bir müşavirədəki çıxışımla başlamaq istərdim. O vaxt mərhum eks-prezident Heydər Əliyev döyüş bölgəsinə gəlmişdi və mən də Füzuli döyüş briqadasının şəxsi heyətlə iş üzrə müavini kimi cəbhə bölgəsində keçirilən müşavirədə iştrak edirdim. Mayor rütbəsində olan cavan zabit kimi mən Silahlı Qüvvələrdə olan çoxsaylı problem və həlli vacib məsələlərlə, o cümlədən o vaxtkı sabiq müdafiə naziri Məmmədrəfi Məmmədovun fəaliyyəti ilə bağlı Prezidentə qısa zaman kəsiyində ətraflı məlumat verdim. Və Tanrıma da minnətdaram ki, o vaxt mərhum Prezident söylədiklərimə son dərəcə diqqətlə qulaq asdı və müvafiq göstərişlər verdi. Doğrudur, sonradan mənə qarşı dəfələrlə şantaj və hədə-qorxu dolu addımlar atıldı, amma bu məni əsla tutduğum yoldan çəkindirmədi. Çünki dövlət başçısı kimi, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi, cənab Heydər Əliyevə söylədiklərim şəxsi problemlərim deyil, dövləti maraqlardan irəli gələn məsələlər idi. Yəqin ki, Prezident Adminstrasiyasının arxivində mənim çıxışımın mətni və söylədiklərimə cənab Ali Baş Komandanın verdiyi qiymət anlarını əks etdirən videogörüntülər də var. Və həmən görüşün canlı iştrakçıları olan xeyli insan bu gün də Sizin ətrafınızdadır. Onlar bunu təsdiq edə bilərlər.
İndi isə keçirəm əsas məsələyə.
Ötən ilin oktyabrında Müdafiə Nazirliyi sistemində nazir dəyişikliyi həyata keçiriləndən sonra, çoxları düşünürdü ki, qısa zaman kəsimində yeni müdafiə naziri cənab Zakir Həsənov, o cümlədən onun müavinləri, idarə və şöbə rəisləri Sizin onlara göstərdiyiniz etimadı doğrultmaq üçün əllərindən gələni edəcək və bu da Azərbaycan cəmiyyətində rəğbətlə qarşılanacaqdır.
Doğrusu bilmirəm Sizə MN sistemində aparılan işlərlə bağlı necə və hansı formada məruzə edilir, amma mən istərdim ki, burada qeyd edəcəyim məlumatlardan Sizin də Ali Baş Komandan kimi məlumatınız olsun və inanıram ki, Siz çox qısa zamanda ən sərt tədbirləri görəcəksiniz. Və tam məsuliyyətimlə demək istəyirəm ki, yazacağım faktlara görə, əgər hansısa yanlışlığa və ya qeyri-dəqiqliyə yol verəcəyəmsə, Azərbaycan dövlətinin Qanunları qarşısında cavab verməyə hazıram. Onu da qeyd etmək istəyirəm ki, Sizin ətrafınızda olan bir sıra məmurlar, xüsusən də bir sıra generallar öz məsuliyyət hisslərini itiriblər.
Sizin məsələlərə təcili müdaxilə etməniz tələb olunur. Və belə davam edərsə, çox qısa zaman kəsiyində ortaya ağlasığmaz bir mənzərənin çıxacağına əmin ola bilərsiniz. İndiyə qədər söylədiyiniz və bütün çıxışlarınızda davamlı şəkildə qeyd etdiyiniz güclü ordu ilə bağlı fikirlərinizi bir qrup şəxs gecə-gündüz qəbul etdikləri vandal xarakterli, əcaib qərar və əmrlərlə darmadağın etməklə məşğuldurlar. Sizi əmin edirəm ki, iş o yerə çatıb ki, cəmiyyətdə Müdafiə Nazirliyi ilə bağlı çox böyük narahatçılıqlar və hətta bəzən çoxsaylı narazılıqlar da baş alıb getməkdədir.
İllərlə formalaşdırılan vacib hərbi hissə və birləşmələrlə bağlı çox yanlış və yerində olmayan qərarlar qəbul edilib və hələ də edilməkdədir. Yəqin ki, Baş nazir cənab Artur Rəsizadə bu yaxınlarda MN-də keçirdiyi müşavirə ilə bağlı Sizə məlumat verib. Və mən inanıram ki, hökumət başçısına da orada real vəziyyəti düzgün çatdırmayıblar. Ən azından onu da aldatmağa cəhd ediblər. MN sistemində əcaib idarəetmə üsulu, orada bir qrup şəxsin atdıqları qanunazidd addımlar bütövlükdə Sizin söylədiyiniz məsələlərin üstündən xətt çəkir. MN sistemi bu gün bir növ qohum-əqraba, dost-tanış və ən qorxulusu isə təsadüfi adamlarla doldurulmağa başlayıb. Bu Azərbaycanın və xalqının güvənc yeri olan ən böyük güc strukturudur. Burada ən xırda səhvlər belə, sonradan dəhşətli faciələrə yol aça bilər.
Cənab Prezident!
Çox istərdim ki, cənab Zakir Həsənovun müdafiə naziri təyinatından sonra imzalanan rəhbər şəxslərlə bağlı əmr və göstərişlərin, həmçinin vəzifələrə təyinat almış şəxslərin avtobioqrafik məlumatları olan siyahi Sizə təqdim edilsin. Sizin inandığınız və Sizə doğru məlumat verə biləcək şəxslərdən soruşa bilərsiniz ki, bu qəbul edilən qərara və göstərişlər nə ilə bağlıdır. Adı uzun illər rüşvət və korrupsiyada hallanan, Respublika Hərbi Komissarlığının çağırış şöbəsinin rəisi olmuş və baş leytenant rütbəsindən polkovnik rütbəsinə kimi eyni vəzifədə xidmət keçmiş Hikmət Xalıqov Təşkilat Səfərbərlik İdarəsinin əvvəl rəis müavini, sonra isə rəisi vəzifəsinə təyin edilib. Bu azmış kimi, adı çəkilən şəxsin Daxili Qoşunlarda xidmət edən qardaşı, adı həmçinin çağırış sistemində çoxlu neqativ hallarda suçlanan Tahir Xalıqov Müdafiə Nazirliyi sisteminə transfer edilərək MN-nin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdir. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının yeni komandanı, bir vaxtlar Prezident Adminstrasiyasının hərbi şöbəsində çalışmış general-mayor Ramiz Tahirov doğma xalaoğlanları olan 2 nəfər şəxsi - Emin Şabanovu və Müşviq Şabanovu gətirib birini özünə müşavir, digərini isə HHQ və HHM qoşunlarına Maddi Texniki Təminat şöbəsinə rəis müavini postuna təyin edib. Müdafiə nazirinin özü bacanağı olan Elxan İbrahimovu MN-nin Hərbi Həkim Komissiyasının sədri vəzifəsinə təyin edərək, onu eyni zamanda yaradılmış MN-nin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsinə təyin edib. Azərbaycanda minlərlə peşəkar, savadlı və bacarıqlı hərbi həkim olduğu halda, MN-nin Mərkəzi Kliniki Hərbi Hospitalına (MKHH) ehtiyatdan baş leytenant rütbəsində, bir vaxtlar SQ-dən xəstəliklə ehtiyata buraxılmış Tofiq Tagıyev adlı şəxsi gətirərək ona mayor rütbəsini verərərk MKHH kimi strateji bir posta rəsi təyin edilmişdır. MN-nin Təchizat idarəsi yaradılmışdır. Ora isə dərman biznesi sahəsində böyük təcrübəsi olan, Sizinlə eyni adı, soyadı daşıyan bir mülki şəxs təyin edilərək, ona mayor rütbəsi verilmişdir. MN sistemində heç bir əsas olmadan onlarla general və digər vəzifələr yaradılmışdır. Absurdluğun dərəcəsi o həddə çatmışdır ki, adı rüşvət və korrupsiya əməllərində dəfələrlə hallanan polkovnik Elxan Məcidov general vəzifəsinə təyin edilib. Daha dəhşətlisi isə, bu şəxsin MN-nin dəhlizlərində belə rüşvətı qanuniləşdirməyə cəhd etməsidir. Təkcə bir fakt, dediklərimə əyani sübut ola bilər. Azərbaycanı uzun illər xaricdə təmsil etmiş, Akademik təhsilli polkovnik Baxış Ələkbərovun ordu sıralarından tərxis edilməsinin tarixçəsi isə əsil traqikomediyadır. MN-nin İşlər İdarəsinin büdcəsindən abadlıq və təmir işləri üçün götürülmüş 15 min manat pul üstündə ortalığa çıxan mübahisəyə görə təcrübəli bir zabiti ordudan uzaqlaşdırmaq nə dərəcədə doğrudur?
Cənab prezident!
Azərbaycanı uzun illər NATO-da təmsil etmiş və Sizin də şəxsən tanıdığınız peşəkar zabitlər polkovnik Samir Musayevin, polkovnik Vidadi Əsgərovun, həmçinin xeyli sayda təcrübəli generallar, onların içərisində general-leytenant Yaşar Aydəmirovun, general-mayor Altay Mehtiyevin, polkovniklər Şəmsəddin Abuşevin, Rövşən Məhərrəmovun və yüzlərlə digər savadlı zabit və generalların günahı isə onların sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmində yüksək vəzifələrdə olmaqları olub.
Cənab Prezident!
Bütün bu sadaladığım və hələ sadalamadığım yüzlərlə faktlar mövcuddur ki, istərdim ki, Siz Ali Baş Komandan kimi bu məsələlərdən xəbərdar olasınız və təcili tədbirlər görəsiniz. Mən onu da başa düşürəm ki, indi bəzi məddahlar, yaltaqlar və yalançılar mənı az qala erməniyə işləyən cəsus kimi Sizə təqdim etməyə çalışacaqlar. Olsun. Məni bu cəhddə suçlamağa cəhd edənlər unutmasınlar ki, mənim Vətən qarşısında əvəzssiz xidmətlərim olub və bu gün də mən alnı-açıq və üzü ağ üzərimə düşən missiyanı vicdanla yerinə yetirirəm. Həyatıma və ailəmə qarşı olan real təhlükəni də görür və hiss edirəm. Hətta məni fiziki cəhətdən susdurmaq üçün planlar da cızanlar olub. Mən təvazökarlıqdan uzaq da olsa, qeyd etməyi özümə borc bilirəm ki, mən Azərbaycanın ilk diplomlu Hərbi jurnalist zabit kadrıyam. Təhsil aldığım Ukraynanın Lvov Ali Hərbi Siyasi Məktəbinin hərbi-siyası jurnalistika fakültəsinin məzunuyəm. İxtisasca hərbi jurnalist olsam da, Qarabağ savaşının ən ağır dönəmində, həm "Azərbaycan Ordusu" qəzetinin (İlk adı "Xalq Ordusu") yaradıcılarından biri və Baş redaktoru, Füzuli döyüş briqadasının komandir müavini, H.Z.Tağıyev qəsəbəsindəki əvvəl təlim, sonra isə döyüş hərbi hissəsinin komandir müavini, Prezident yanında İdarəçilik Akademiyasının humanitar silsilə rəisi, MN-nin Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqə və Məlumatın yayılması şöbəsinin rəisi və onlarla digər vəzifələrdə çalışmış vı xidmət keçmişəm.
Yəqin ki, Sizə Zakir Həsənovun müdafiə naziri postuna namizəd kimi təqdimatını verən şəxslər də bir qədər Sizə bu işdə kömək etsələr, Ali Baş Komandan kimi Sizə çox böyük köməkliklər göstərmiş olarlar.
Böyük ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, Sizin etimadınızdan sui-istifadə edən MN-nin rəhbərliyində təmsil olunan şəxslərin bir qrupu bu gün dəhşətli rüşvətə, korrupsiyaya, hətta əyyaşlığa belə qurşanmaqdan çəkinmirlər. Sizin dəfələrlə məmurlarla bağlı səsləndirdiyiniz fikirlər, nədənsə ordu generallarının qulağına çatmır. Ən utandırıcısı isə odur ki, böyük dövlət postu etibar edilən generallar özlərinə məşuqə, sevgili və sair adda "personalar" saxlayır, hətta onların mühafizəsini həyata keçirtdirir, onların əli ilə vəzifələrə təyinat və sairə çirkin əməllərlə məşğul olurlar. Bütün söylədiklərimi isə hansısa amorf adlara deyil, konkret ad və soyadları Sizə təqdim etməyə də hazıram. Mən istəmirəm ki, Sizin etimad etdiyiniz bir qrup şəxs, Sizin və hörmətli ailə üzvlərinizin,kürəkəniniz Səməd Qurbanovun, ölkənin tanınmış ictimai-siyası xadimi kimi Mehriban xanım Əliyevanın adından sui-istifadə etsinlər. Burada açıqlanması mümkün olmayan daha başqa ciddi faktlar və məqamlar mövcuddur.
Cənab Prezident!
İnanıram ki, bu müraciətimdən sonra Siz Silahlı Qüvvələrlə bağlı təsirli və təcili tədbirlərə göstəriş verəcəksiniz. Eyni zamanda Sizə müraciət etdiyimə və MN ilə bağlı çoxsaylı faktların cüzi bir hissəsini ictimailəşdirdiyimə görə həyatıma olan təhlküələri önləmək üçün müvafiq orqanlara lazım olan göstərişləri verəcəksiniz.
Hörmətlə,
ehtiyatda olan polkovnik-leytenant, Qarabağ müharibəsinin iştrakçısı və veteranı, SSRİ və Azərbaycan Jurnalistlər İttifaqının üzvü
ÜZEYİR ELDAR oğlu CƏFƏROV.
Bakı şəhəri, 09 fevral 2014-cü il.





































































































