Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu DİN Baş Cinayət Axtarış İdarəsinin rəis müavini Arzu Daşdəmirova və İsmayıllı RPŞ-nin rəisi Nizami Qocayevə müraciət edib. Moderator.az onun müraciətini təqdim edir:
“Hörmətli polis məmurları! 2013-cü ilin yanvar ayının 24-də saat təxminən 16:20-də İsmayıllı şəhərinə gəlmişəm. Əməkdaşı olduğum ”Yeni Müsavat" qəzeti tərəfindən bir gün əvvəl baş vermiş hadisələr haqqında reportaj hazırlamaq üçün ezam edilmişdim. Mən ora çatanda şəhərin mərkəzi XTPT tərəfindən mühasirəyə alınmışdı. Jurnalist vəsiqəmi təqdim edərək, polis kordonundan keçib İH-in qabağındakı meydana çıxdım. Tam sakitlik idi, heç bir gərginlik, kütləvi aksiya yox idi. Mənim meydana girdiyimi çoxlu sayda jurnalistlər görüb, foto və videoçəkilişlər ediblər. Həmin meydanda telefonumla bir neçə şəkil çəkdikdən sonra jurnalistlərin yanına qayıtmışam. Bu, maksimum 10 dəqiqə çəkib. Bu zaman mülki geyimli polislər yaxınlaşaraq RPŞ-nin rəisinin mənimlə görüşmək istədiyini deyiblər. Heç nə demədən onlarla birlikdə RPŞ-yə gəlmişəm. Məni RPŞ-nin rəis müavini Şöhrət Kərimovun otağına gətirdilər. Məndən sonra həmin otağa Mehman Kərimli və Elçin adlı digər jurnalistləri də dəvət etdilər. Daha sonra siz də həmin otağa daxil oldunuz. Biz həmin otaqda təxminən 40 dəqiqə olduq. Bu müddət ərzində siz və digər polis zabitləri ancaq bir şey haqda danışdınız: “Şəhərdə tam sakitlikdir, hər şey nəzarət altındadır və Bakıya qayıdıb gördüklərinizi yazın...” Biz RPŞ-də olanda İsmayıllının keçmiş icra başçısı da meydandakı jurnalistlərə açıqlama verərək bildirmişdi ki, şəhərdə tam sakitlik bərpa olunub, hər şey nəzarət altındadır.
Hələ Şöhrət Kərimovun otağında olduğumuz müddətdə artıq bir çox saytlar mənim RPŞ-yə aparıldığım haqda məlumat yaymışdılar. Nəhayət, biz Bakıya qayıtmağa razılaşandan sonra RPŞ-ni tərk etdik və DYP maşınının müşayiəti altında paytaxta geri döndük. Lakin bunun üstündən bir neçə gün keçəndən sonra DİN və Respublika Prokurorluğu birgə məlumat yayaraq bildirdilər ki, guya mən REAL hərəkatının sədri İlqar Məmmədovla birlikdə 24.01.2013 tarixində İsmayıllı şəhərində iğtişaşlar təşkil etmişik. Fevral ayının 4-də isə ikimizi də həbs etdilər. Bu qədər aydın şəraitdə baş vermiş İsmayıllı səfərimin hüquq-mühafizə orqanları tərəfindən belə dəyərləndirilməsi həm rəzalət, həm də dəhşətdir.
Artıq bir ildir ki, nahaq yerə həbsdəyəm və saxta cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi gedir. Dəfələrlə vəsatət verməyimə baxmayaraq, hakim sizin adlarınızı müdafiə tərəfinin şahidləri siyahısına daxil etmir və hiss olunur ki, etməyəcək də. Ona görə də sizə müraciət edirəm. İşin hüquqi tərəfini bir kənara qoyuram. Məsələyə ləyaqət, vicdan, qeyrət, şərəf və kişilik prizmasından yanaşaraq, sizdən xahiş edirəm. Heç olmasa mətbuat vasitəsilə həqiqəti deyin. Əks təqdirdə, sizin də yalandan şahidlik edərək üzümə duran polislərdən heç nə ilə fərqlənmədiyinizi düşünməyə məcbur olacam. Xüsusən də nəzərə alsaq ki, hörmətli Nizami Qocayev də bir vaxtlar böhtanın qurbanı olaraq məhkumluq həyatı yaşayıb, onda müraciətimin müsbət nəticə verəcəyinə inamım bir qədər də artır.
Hörmətlə: Tofiq Yaqublu
Şəki Ağır Cinayətlər Məhkəməsi
21 yanvar 2014-cü il".































































































