“Xalqın dəyişikliklərin baş verəcəyinə inamı azdır”

Hazırda oxunan: “Xalqın dəyişikliklərin baş verəcəyinə inamı azdır”

40517
Sabiq daxili işlər naziri, Azərbaycan Milliyyətçi Demokrat (Boz Qurd) Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri İsgəndər Həmidov yanvarın 23-də “Yeni Müsavat” qəzetinin qonağı olub və qəzet əməkdaşlarının suallarını cavablandırıb.

Moderator.az İ.Həmidovun olduqca maraqlı açıqlamalarla zəngin müsahibəsinin üçüncü-sonuncu hissəsini təqdim edir.


- Xalq niyə ortaya çıxmır, Milli Şuraya, mitinqlərə qoşulmur?

- Xalqın inamı aşağıdır, dəyişikliyin baş verəcəyinə inam azdı. Xalqın inamını öldürənlər var. Bax, müxalifət arasındakı bugünkü deyişmələr, savaş, sabah isə yenə dişlərini ağardıb birlikdə şəkil çəkdirmələr, sonra yenidən bir-birini söymək xalqın içində çox böyük inamsızlığa gətirib çıxarıb. Həbsdən çıxdığım 10 ildir. Qeyd etdiyim vəziyyəti 10 ildə 10 dəfə görmüşəm. Xalqın içində çaşqınlıq yaranır. Ayrı-ayılıqda insanların İsa Qəmbərə, Əli Kərimliyə hörməti var. Amma xalq görür və deyir ki, siz bacara bilmirsiniz. Məhəmməd Əmin Rəsulzadəyə atası deyir ki, bu xalq səni sabah satacaq. Məhəmməd Əmin deyir ki, ata, biz xalqa nə vermişik ki, xalqdan nəsə umaq. İndi gəlin görək biz nə vermişik bu xalqa ki, ondan nə isə də umaq. Bu rejimi də xalqa biz sırımışıq...
- Niyə ki, xalqa bayraq vermisiniz, dövlət vermisiniz...

- Bunu xalqla bir yerdə qazanmışıq. İkincisi, xalqa bayraq və dövlət qazandırdığımızı Rauf Arifoğlu, Etibar Seyidağa, Səfər Hümbətov başa düşür. Xalq isə bilirsən indi nə deyir, hər şeyə necə yanaşır? Danışırsan, deyir “çörək olacaq?”.

Mən bilirsiniz, niyə xalqın içinə çıxmağın vacibliyini deyirəm. Lenin partiya yaratmamışdan qabaq Rusiyada xalqçılar hərəkatı olub. Xalqçılar hərəkatının sayəsində Lenin böyük partiya yarada bildi. Xalqçılar hərəkatını yaradıb xalqın içində olmaq lazımdır. Yalnız bu yolla xalqın ortaya çıxmasına nail olmaq mümkündür. Azərbaycan Xal Cəbhəsinin-AXCP-nin yox, AXC-nin gücü nədə idi? Xalqla bir yerdə olmağında. İndi maşallah hərəmiz bir kostyum geyinib,  qalstuk taxıb beş dənə “peredaxnitellə” gəzirik. Mən onlara cangüdən demirəm “peredaxnitel” deyirəm. Çünki bu hakimiyyət nə vaxt səni öldürmək istəsə öldürəcək. Tək də olsan öldürəcək, 50 nəfərlə olsan da öldürəcək. Bax, bu “peredaxnitelli” görüntü də artıq xalqda ikrah hissi yaradır. Xalq, millət məndən ötrü birinci yerdədirsə, onun içinə mən niyə cangüdənlə getməliyəm, hüzrə mən niyə cangüdənlə getməliyəm. Yaxşı olmazmı dostlarla, qardaşlarla gedək.

“2015-ci il seçkiləri üçün artıq Müsavat Partiyası ilə ilkin anlaşmalarımız var” 

Bu gün “Yeni Müsavat”ı sağdan da, soldan da vurmaq olar, ona qara da yaxmaq olar, tənqid etmək olar. Amma bu gün istəsək də, istəməsək də bir reallıq var - “Yeni Müsavat” ən oxunan, xalqın özünə ən yaxın bildiyi qəzetdir. Bunu sizin əlinizdən heç kəs ala bilməz. İstəyirsən mən olum, istəyirsən digər siyasətçilər bu üstünlüyü sizin əlinizdən heç kim ala bilməz. Sizə qarşı qısqanclıq da müşahidə olunur. Birdən söhbət olur, deyirlər ki, necə olur ey qəzeti necə yaxşı saxlaya bilirlər? Deyirəm ki, acından ölsünlər? Onlar öləndə, məhv olanda sənə bir xeyri olacaq? Deyir ki, yox. Deyirəm ki, bəs onda nə istəyirsən. Ölkədə hər bir vətəndaşın böyük imkanlarının olması ən vacib məsələlərdəndir. Çünki fərd azad deyilsə, vətən azad deyil. Hər şey fərdin azadlığından keçir. Xalqda bu rəyi yaratmaq olmaz ki, gəlin seçkiyə səs verin hər şey yaxşı olacaq. Xalqa demək lazımdır ki, gəlin səs verin, amma hər şey yaxşı olmayacaq, mübarizə aparmaq lazımdır. Belə bir xəstəlik yaranıb. İllərdir eyni şeyi deyirik - korrupsioner, rüşvətxor, tayfabaz hakimiyyət, totalitar rejim. Xalq bu sözləri illərdir eşidir və belə olduğunu yaxşı bilir və həmin sözləri eşitməkdən də bezib. Sən o dediyin rejimdən qurtulmağın yolunu xalqa göstərməlisən, xalqa alternativ təqdim etməlisən. Totalitar rejimdən qurtulmaq üçün iki yol var. Birinci seçki yolu. İkincisi xalqın ayağa qalxması. ABŞ nə vaxt demokratiya qurdu? O zaman ki, Amerika xalqı ayağa qalxdı vətəndaş müharibəsindən keçdi və demokratiya qurdu. Həmin prosesi Fransa da, İngiltərə də, Almaniya da keçib. Yüz dəfə Hitleri söymək olar, amma 1933-cü ilə qədər Almaniyada 1 milyon alman markası 1 dollar idi. Almaniyada məhv olub gedirdi. Hitler faşistdir, qaniçəndir, amma alman xalqının mənliyini özünə qaytardı və Almaniya iqtisadiyyatı 1939-cu ildə Avropanın birincisi oldu.

- Azərbaycan türklərində o milli özünü dərki və kimliyi özünə qaytarmaq biraz çətin görünmür? Sanki bu xalqda millətçilik damarı Türkiyədə olduğu kimi yoxdur. Vahid Azərbaycançılıq daha yüksəkdir, amma türkçülüyü, millətçiliyi siyasətə gətirmək həvəsi yoxdur...

- Azərbaycanda avtoritar rejimin dəyişməsi üçün iki böyük amil rol oynaya bilər. Biri millətçilik, digəri dinçilik. Türkçülük də elə bir millətçilikdir ki, heç vaxt dinçiliyi inkar eləməyib. Osmanlı imperiyası dinə söykənəndə Avropanı aldı ayağının altına. Mən azəri türkləri sözünü heç vaxt qəbul eləmirəm. Mənim üçün vahid türk var. Mən illər öncə sizə müsahibəmdə demişdim ki, məndən ötrü türk qaqauz xristian müsəlman ərəbdən irəlidir. Azərbaycanda 1988-1992-ci ildə bir türkçülük dalğası qalxdı. Türkçülük dalğasının başında birinci rəhmətlik Əbülfəz Elçibəy dururdu. 1980-ci illərin əvvəllərində küçədə birinə “türk oğlu necəsən” deyəndə söyüş kimi qəbul edirdi və deyirdi ki, “türk sənin dədəndir, nənəndir”. SSRİ Cinayət Məcəlləsində pantürkizm maddəsi var idi. Mənə deyəndə ki, sən pantürkistsən, mən deyirdim ki, mən türkəm, bəs bu “pan” sözü hardan çıxdı. Bir dəfə SSRİ KQB-sindən Azərbaycana gəlmişdilər, birlikdə reyd keçirirdik. KQB-nin Ustinski familiyalı pod-polkovniki var idi. Onunla Lənkərana gedəndə yolda dedi ki, Azərbaycanda rüşvətxorluq çoxdur. Dedim ki, Lenindən ağıllı deyilsiniz? Dedi ki, yox. Dedim Lenin “Bir addım irəli, iki addım geri” əsərində yazır ki, rus şovinizmdən və rus rüşvətxorluğundan xalqları qoruyun. Dedim rüşvəti də, şovinizmi də siz bura gətirmisiniz, biz türkük. Bundan sonra “delo”ma “pantürkist” yazmışdılar. Buna görə 6-7 il mənə vəzifə verilmədi. Yəni türkçülük dalğasını məhrumiyyətlərə rəğmən qaldırdıq. Çox adam anlamadan, türkçülüyün mahiyyətini bilmədən dedi mən türkəm. 1993-cü ildə milli hakimiyyət yıxılan kimi o yalançı türklər oldular azərbaycanlılar. Heydər Əliyevin məşhur “biz azərbaycanlıyıq” fikrini xatırlayırsınız yəqin. Dili də dəyişib Azərbaycan dili qoydular, millətin həqiqi adı-türk tədricən yadlaşdırılmağa başlandı. İndi talış qardaşlarımız özünə talış deyə bilir, ləzgilər “ləzgiyəm” deyə bilir, Azərbaycanda digər azsaylı millətlər də həmçinin. Ancaq biz türklər deyə bilmirik ki, bizim dilimiz türk dilidir. Bu millətin dili türk deyilsə, deməli, belə çıxır ki, türk deyil. Xalqın dilinin adını qəsdən dəyişdirdilər ki, türkçülük də sıradan çıxsın. Elə bir vəziyyət yaradıblar ki, sanki Azərbaycanda türk olmaq qəbahətdir. Əgər belə getsə, 5 ildən sonra sən Rauf Arifoğlu Azərbaycanda türkləri müdafiə komitəsi yaratmalı olacaqsan. Ancaq mən sizə əminliklə deyim ki, bugünkü türkçülük qabaqkı türkçülükdən güclüdür. Çünki bugünkü türk bütün mahiyyəti ilə bilir ki, türkdür. Bax, bu türkçülük özünü  mütləq göstərəcək.


“Bu gün istəsək də istəməsək də bir reallıq var - “Yeni Müsavat” ən oxunan, xalqın özünə ən yaxın bildiyi qəzetdir”

- İsgəndər bəy, gənclik gəlir siyasətə. Amma belə sezilir ki, kosmopolit uşaqlar daha çox gəlir, nəinki millətçi, türkçü gənclik...

- Bizim vaxtımızda gənclər siz (üzünü Rauf Arifoğluna tutaraq) idiniz. O gənclik möhtəşəm idi. Biz müxalifətin indi günahı, səhvi ondan ibarətdir ki, bax o kosmopolitləri özümüzə əl çaldırmaqdan ötrü dartırıq partiyaya. Bu günlərdə eşitdim ki, seksual azlığın bir gənc nümayəndəsi özün öldürüb. Dedim Allah sənə min şükür. Biz bilməliyik ki, kosmopolit millətçi ola bilməz.

- Milliyyətçi gənclik gəlirmi siyasətə?

- Çox gözəl milliyyətçi gənclər var.

- Onların hörgütlənməsi necə həyata keçirilir?

- İş gedir. Allahın köməkliyi ilə bu istiqamətdə ilk böyük bir toplantı yanvarın 26-da (bu gün  - red.) keçiriləcək.

- Yanvarın 26-da hansı toplantı olacaq?

- Bir qrup gənclər özü yığışıb bir təşkilat yaradıb bizimlə əməkdaşlıq eləmək istəyirlər. Bir dəstəsi ayrı yerdə var gəlmək istəyirlər. Hamısı türkçü gənclərdir.

- Azərbaycan Milliyyətçi Demokrat Partiyasının bu istiqamətdə təşkilatlanması nə yerdədir?

- Təşkilatlanma gedir. Biz millətçilərin təşkilatlanma sarıdan ən çətin yerimiz həmişə şimal bölgəmiz olub. Artıq şimalda təşəbbüs qruplarımız yaranıb və təşkilatlanma gedir. Cənubda da yaranıb. O biri bölgələrimizdə isə təşkilatlanma gedib. Biz heç kimə gedib demirik ki, sən türksən. Deyirik ki, türksən gəl vətəninə sahib ol, bu vətən sənindir. Biz Azərbaycandakı bütün millətlərə hörmətlə yanaşırıq, onların hüquqlarını tanıyırıq, amma bu vətən bizimdir. Ona görə də türkə deyirik ki, bu vətənə sahib çıx.

- Partiyanız 2015-ci il parlament seçkilərinə gedəcək?

- Bəli partiya seçkidə iştirak etməyi düşünür. Hətta 2015-ci il parlament seçkiləri ilə bağlı artıq Müsavat Partiyası ilə ilkin anlaşmalarımız da var.

- Necə hesab edirsiniz, müxalifət parlamentə düşə biləcəkmi? Parlamentdə üstünlüyü ələ ala bilərmi?

- Azacıq normal seçkilər şəraitində bizim qələbə çalmağımız şəksizdir. Seçki şəraiti hazırkı vəziyyətdə qalsa belə, biz partiyamızın ideologiyasını yaymaq nöqteyi-nəzərindən seçkidə iştirak edəcəyik. Bu rejimin demokratik seçkilər keçirəcəyinə inanmıram. Parlamentə uzağı 10-15 nəfər müxalifətçi düşə bilər. Lakin bu da az ehtimal olunur. Parlamentə uzağı 3-4 nəfər buraxılacaq. Bunu da beynəlxalq təşkilatlara “parlamentdə müxalifət var” demək üçün edəcəklər. Lakin seçkini hakimiyyət öz axarına buraxsa müxalifətdən parlamentə azı 25 nəfər düşə bilər.

- Hakimiyyətin ssenarisini dəyişmək üçün nə etmək lazımdır?

- Avtoritar rejimlərdə demokratik seçkilər ancaq o zaman keçirilə bilir ki, meydanlar xalqın, müxalifətin əlində olur. Rejim real gücün qarşısında geri çəkilir. Bu vəziyyət yaranmayınca demokratik seçki keçirilməyəcək.

- Ölkənin gələcəyinə ümidlisinizmi?

- Əgər bircə gün mən ümidimi üzsəm həmin gün ölərəm. Hər dəfə namaz da qılanda Prezident Administrasiyasını, başda da bizimkilərin oturmağını görürəm. Ölkəmin gələcəyinə ümidim heç vaxt üzülməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin