"İsmayıllı işi"ndə məhkəmə prosesi nahar fasiləsindən sonra yenə də şahidlərin dindirilməsi ilə davam etdirilib. İlk olaraq, şahid qismində jurnalistlərdən Nicat Məlikov, Natiq Cəfərov ifadə verib.
Daha sonra İsmayıllı rayon sakini Rövşən Novruzov şahid qismində ifadə vermək üçün gəlib. T.Yaqublu bu şahidin öyrədilmiş şəxs olduğunu, dindirilmə zamanı yalan danışaraq, onların üzünə durduğunu bildirib.
R.Novruzov isə ifadəsində təqsirləndirilənlərdən yalnız iki nəfəri T.Yaqublu və İ.Məmmədovu tanıdığını və hər iki şəxsin insanları qızışdırdığını deyib.
Bu zaman İ.Məmmədov əsəbiləşərək, şahidin yalan danışdığını və bu şəxsin yalanına görə həbs olunduğunu deyib: “Mənim 10 yaşlı qızım bir ildir ki, "Atam evə gəlsin" deyib, ağlayır. Bunun kimi insanların üzəduranlığına görə mənim qızım göz yaşı tökür. Gün gələcək, qızımın göz yaşlarının hesabını verəcəksiniz”.
T.Yaqublu da şahidin yalan danışmasına görə əsəbiləşib: “Bu qədər də olmaz! Ayıbdır! Mənim ailəm bunun kimi şərəfsizlərə görə qəza keçirib. Bunun kimi üzəduranların yalan ifadəsi olmasaydı, mən həbs olunmayacaqdım və ailəmdə Şəkiyə gəlmək məcburiyyətində qalmayacaqdı”.
Bundan sonra prokuror Fuad Musayev üzünü T.Yaqublu və İ.Məmmədova tutaraq, onlardan kobud ifadələr işlətməməyi tələb edib.
T.Yaqublu yalançı şahidin onu heç tanımadığını deyib: “İsmayıllı hadisələri zamanı polis bölməsində olarkən, bu şəxs içəri gəldi. İçəridə heç kim yox idi. Dedim ki, sən Tofiq Yaqublunu görsən, tanıyarsan? Dedi ki, hə tanıyıram. Prokuror içəri girəndə və bu mənim Tofiq Yaqublu olduğumu bildikdə özünü itirdi”.
Sual-cavab zamanı hakim T.Yaqubluya tez-tez müdaxilə etməsinə görə irad bildirib. Cabaındasa, T.Yaqublu təkrar suallar vermədiyini bildirdərək "Mənim sual verməyimə imkan yaratmırsınız, çünki ifşa olunursunuz" deyib.
İ.Məmmədov şahid qismində ifadə verən R.Novruzovun hadisə günü saat 12:00-dan 16:00-dək prokurorla gəzdiyini, saat 16:00-dan sonra isə prokuroluqda oturub, ifadə yazdığını vurğulayıb. İ.Məmmədov bu şəxsin onları görmədiyini, ümumiyyətlə, orada olmadığını bildirib. İ.Məmmədov bunu sənədlərə əsasən sübut etdiyini deyib.
Sonda T.Yaqublu və İ.Məmmədov məhkəmədən R.Novruzovun yalan ifadə verdiyinə görə həbs olunmasını tələb etsələr də, buna məhəl qoyulmadı.
Hakim R.Hüseynov REAL-ın İdarə Heyətinin üzvü Rəsul Cəfərovun məhkəməyə qarşı hörmətsizlik edərək, yerindən replika atdığını, məhkəməni təhqir etdiyini bildirərək ona qarşı cinayət işinin açılmasını tələb edib və zaldan çıxartdırıb.
Daha sonra şahid qismində ifadə verən İsrafil Verdiyev də T.Yaqublu və İ.Məmmədovun üzünə duraraq, hər iki şəxsin hadisələri qızışdırdığını iddia edib.
Bu şahidə sual verən T.Yaqublu bu adamın oğlunun həmin oteldə işlədiyini və onun cinayət hadisələrində adının hallandığını qeyd edib. T.Yaqublunun "Sizi oğlunuzu bu cinayətə qatmamaq üçün mənim üzümə durdururlar" sualına şahid "yox" cavabını verib.
Şahid İ.Verdiyev ona verilən suallara dəqiq cavablar verə bilməyib.
Növbəti məhkəmə prosesi yanvarın 27, 28 və 29-da saat 10:00-da keçiriləcək.


































































































