"Mənim Abbas Abbasovun göstərişilə Milli Şuraya qoşulmağım və onun tapşırığı ilə İsa Qəmbəri Şuraya üzv olmağa razı salmağım barədə deyilənlər cəfəngiyatdır. Sonuncu dəfə Abbas Abbasovla 7-8 ay öncə Moskvada görüşmüşəm. Bizim münasibətlərimiz siyasi maraqlar üzərində qurulmayıb".
Moderator.az xəbər verir ki,bunu teleqraf.com-a açıqlamasında Müsavat Partiyası başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli "Yeni Müsavat" qəzetinin bugünkü sayında barəsində yazılanlara münasibət olaraq bildirib.
Qeyd edək ki, müəllifi mühacirətdə yaşayan Elbəyi Həsənli olan yazıda iddia olunur ki, İsa Qəmbər baş nazirin sabiq müavini Abbas Abbasovun istəyilə T.Hüseynli vasitəsilə Müsavat Partiyasının Milli Şuraya üzv olmasına razılıq verib: "Əvvəla onu deyim ki, müsavatçıların “Qara Tofiq” kimi tanıdığı bu şəxs İsa Qəmbərin ən çox etibar etdiyi dostlarından biridir...Milli Şura söhbəti ortaya atılanda Tofiq bəy qısa müddət birgə işlədiyi (Nazirlər Kabinetində) və yaxşı münasibətdə olduğu Abbas Abbasovu təmsilən Bakıya gəldi. Çünki Milli Şuranın əsas qurucusu üzdə Rüstəm İbrahimbəyov idisə, onun qədər, hətta bir az da artıq, Abbas Abbasov idi. İsa Qəmbərlə təmas üçün Abbas Abbasov “Qara Tofiqi” göndərdi Bakıya. İstəsələr təsdiq, ya da təkzib edərlər, lakin bu, faktı və gerçəyi dəyişməz: Müsavat başqanını Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynov dəvət edib və İsa Qəmbər həm də onun personasını zamin bilərək, razılaşıb”¦”
T.Hüseynli bildirdi ki, Milli Şuranın Abbas Abbasov tərəfindən yaradıldığını iddia edənlər yanılırlar: "Abbas Abbasov dəfələrlə bəyan edib ki, prezidentə sadiqdir, onun kursunu dəstəkləyir. Mənimlə söhbətində Abbas Abbasov təklif etdi ki, müxalif mövqeyimdən əl çəkim. Təklif etdi ki, Müsavatın sıralarını tərk edib. Mən də ona mədəni şəkildə dedim ki, gəl siyasi söhbətlərə son qoyaq. Amma o, mənimlə bu səpkili söhbətlərini davam etdirəcəyini bildirdi. Hamı bilir ki, mən anadangəlmə müsavatçıyam və müsavatçılıqdan heç vaxt imtina etmərəm. Barəmdə yazını yazanlar həm də İsa Qəmbərə qarşı çıxmış olublar. İsa bəy elə insan deyil ki, kiminsə xahişilə qərar qəbul etsin, siyasi birliyə qoşulsun və ya oradan çıxsın. Təsəvvür etməzdim ki, nə vaxtsa Müsavat Partiyasına yaxın bir qəzetdə barəmdə belə yazı yazıla".
T.Hüseynli qeyd etdi ki, cəbhə hakimiyyəti dövründə nazir olanda A.Abbasovla əlaqələri olmayıb, görüşməyib: "Mənim onunla təmasım ilk dəfə Moskvada olub. İsa Qəmbərin də Abbas Abbasovla əlaqəsinin olduğunu düşünmürəm"



































































































