Bu gün musavat.com-da adı bizə bəlli olsa da bəlli səbəblərdən adətinə uyğun olaraq həmişə kod adlar altında yuxuyozmalarla, öncəgörmələrlə çıxış edən həmkarımız bu dəfə qırmızı-qırmızı Moderator.az saytına sataşıb. Onun qənaətinə görə hakimiyyət Kəlbəcərdən deputat seçilmiş “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanova mediaholdinq yaratmaq həvalə edibmiş, deputat da öz həmyerlilərinə bu barədə tapşırıq da veribmiş.Sonradan guya siyasi hakimiyyətin müdaxiləsi ilə bu layihəyə icazə verilməyib və belə bir mediaholdinq yaratmaq təşəbbüsü bu dəfə növbədə gözləyən nəqliyyat naziri Ziya Məmmədova verilib.
Təbii ki, həmkarımızın iddiası tam əsassızdır
və büsbütün qərəzə söykənir. Bəllidir ki, burada əsas hədəf heç də Moderator.az
saytı deyil, illərə söykənən soğan yanığıdır. Bu barədə təfsilatlı açıqlama
verib onsuz da gərgin olan gündəmi tozanağa bürümək istəmirik. Həmkarımıza və
bütün həmkarlarımıza qəti şəkildə bəyan edirik ki, indiki həssas dönəmdə yüz
yox, min ölçüb bir yazsınlar və kimə satşadıqılarının fərqinə varsınlar. Əks
halda dəymişləri dura-dura kallarını tökəcəyimizə kimsənin şübhəsi olmasın. Biz
bəzi bəlli insanlardan fərqli olaraq heç vaxt kimsənin tapşırığı və sifarişi ilə
oturub-durmadıq, günortadan qabaq müxalifətçilik, günortadan sonra hakimiyyətyanlılıq
etmədik. Başqaları kimi heç vaxt pencəyimizin yaxası deputat mandatı üçün də
alışıb-yanmadı. Hakimiyyətin də Moderator.az saytı ilə hər hansı problemi
olsaydı bu layihəni əngəlləmək onun əlində su içmək qədər asan idi. Üstəlik, əgər
bu fəaliyyətə “Stop” deyilibsə niyə Pərviz Həşimlinin həbsindən sonra saytın fəaliyyəi
az qala 25 dəfə genişlənib və oxucu sayı rekord vurmaqda? Kommersiya sirri olsa
da zəhmət çəkib İP girişləriylə bunu görə bilərlər. Halbuki bu məslədə Cavid
Qurbanovun heç bir zəhməti və ya maliyyə təminatı olmayıb. Bunu hakimiyyət və
bu iddiaları ortaya atanlar da gözəl bilir. Biz dişimizlə-dırnağımızla kimsənin
bacarmadığı bir iş gördük və görməkdə davam edirik. Özü də 2- nəfərlə və mənzilimizdə
oturaraq. Halbuki bizi yamsılamaq isəyənlər bu işi nəhəng kollektivlərlə və
sanballı maliyyə ilə görməyə cəhd edirlər.
Ziya Məmmədova gəldikdə isə onun da heç vaxt
hakimiyyətin ən üst qatında olanlarla heç vaxt problemi olmadığını iddia etmək
üçün nə münəccim olmağa gərək var,nə analitik. Görünən odur ki, ona və oğlu
Anar Məmmədova bütün müstəvilərdə hər zaman yaşıl işıq yandırılıb və istəsəydilər
hətta illər öncədən telekanal da aça bilərdilər. Odur ki, qaranlıq otaqda
olmayan pişiyi axtarıb özünüzü gülünc duruma salmamağınızı tövsiyyə edirik.
Bir
daha həmkarlarımızı könül bulandırmamağa və ehtiyatlı olmağa səsləyirik. Ümid
edirik ki, körpüləri yandırmaq mərəzindən xilas olmaq üçün indidən siyasi
terapiyaya baş vuracaqlar...

































































































