Hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Elşən Həsənov Səbayel rayon məhkəməsinin hökmü ilə sutkalıq həbs cəzaları almış müxalifətçi gənclərin saxlandığı təcridxanaya gedib. E. Həsənov müxbirimizə deyib ki, onun məqsədi gənclərlə, xüsusi ilə də işgəncələrə məruz qaldığı iddia edilən Orxan Eyyubzadə ilə görüşmək olub. Lakin təcridxana rəhbərliyi buna şərait yaratmayıb. Hüquq müdafiəçisinə deyilib ki, həbsdəki gənclər, eləcə də Orxan Eyyubzadə yaxşıdır, heç bir şikayətləri yoxdur. Məlum olub ki, “Qaziləri yandırmayın” aksiyasında iştirak etdiklərinə görə həbs olunan 6 gənc (Müsavat partiyasının üzvləri Cavid Hacıbəyli 16, Tural Sadıqlı 17, AXCP üzvləri Türkel Əlisoy 15, Orxan Carçı 15, bitərəf gənc Orxan Eyyubzadə 18, Samir Poladov 17 sutka həbs cəzası almışdılar.) təcridxanaya gətirildikləri andan aclıq aksiyasına başlamışdılar. Onlar yaxınları vasitəsi ilə aclıq aksiyasının tələblərini də ictimaiyyətə çatdırmışdılar. Belə məlum olmuşdu ki, gənclərdən birinə - Orxan Eyyubzadəyə təcridxanada işgəncə verilib. Digər arestantlar da buna etiraz edərək, aclığa əl atmışdılar. 1 yanvarda gənclər valideynlərinin təkidli xahişi ilə aksiyanı saxlayıblar. Orxan Eyyubzadə üçünsə təcili yardım maşını çağırılıb.
Hüquq müdafiəçisi Elşən Həsənov müsavat.com-a deyib ki, gənclərə ərzaq məhsulları buraxmırlar. Lakin qeyri-ərzaq tipli sovqatlar ötürmək mümkündür.
Moderator.az
Moderator.az

































































































