“Səhiyyə Nazirliyi jurnalist Sahib İslamovun səhəti ilə yaxından maraqlanacaq”.
Bunu AzNews.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.
A.Qədirli deyib ki, xəstənin hansı halda evə yazılması, müalicəyə davam etdirilməsi, yaxudda reanimasiyada saxlanılması kliniki protokola əsasən aparılır: “Əks halda həkim cəzalandırıla bilər. Bütün bunlara uyğun olaraq, şəxsən mən özüm jurnalist Sahib İslamovun səhhəti ilə yaxından tanış olacağam və bu barədə ətraflı məlumat veriləcək”.
Xatırladaq ki, bu gün bir qrup jurnalist prezident İlham Əliyevə müraciət edərək Sahib İslamovun müalicəsinə yardım göstərilməsi üçün kömək istəyiblər.
Məlumat üçün bildirək ki, Avropa.info saytının əməkdaşı, jurnalist Sahib İslamov 1 noyabr 2013-cü il tarixində səhər evdən çıxıb işə gedərkən avtomobil qəzasına düşüb. Jurnalist yolun kənarında ”“ dayanacaqda avtobus gözləyərkən maşın onu vurub. Qeyd edək ki, Sahib İslamov qəzaya düşdüyü gündən indiyədək koma vəziyyətindədir.































































































