“Bizim onlardan gözləntimiz türk kimliyimizin rəncidə edilməməsi, onun yaşadılması uğrunda çalışmalarımıza hər hansı bir təpki göstərilməməsidir” |
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) genəl başqan müavini, millət vəkili Atilla Kaya və Avropa Türk Konfederasiyaları başqanı Camal Çətin dekabrın 25-də Bakıda olublarr. Onlar “Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə “Gürcüstan Türklərinin Həmrəylik Günü”, eyni zamanda akademik Zahid Xəlilov adına təsis edilmiş “Türklüyə Xidmət Mükafatı”nın təqdimat mərasiminə qatılıblar.
“Türklüyə Xidmət Mükafatı”nın təqdim olunacağı şəxslər sırasında onlar da təltif olunub. Bir günlük səfər sırasında qonaqlar "Yeni Müsavat" qəzetini də ziyarət ediblər, qəzetimizin əməkdaşlarına müsahibə veriblər.
C.Çətin Avropada yaşayan türklərin durumu, gördükləri işlərlə bağlı geniş məlumat verdi: “1960-cı illərin əvvəllərində iş dalınca Avropaya bir köç dalğası olmuşdu. Türkiyənin müxtəlif bölgələrindən insanlar qrup halında başda Almaniya olmaqla Avropanın bütün ölkələrinə işçi olaraq getdilər. Bu adamların əsas məqsədi para qazanmaq idi. Həmin zamanlar Türkiyədə müəyyən çətinliklər vardı, Avropa ölkələr isə xeyli zəngin idi. Onların işçiyə, bizim də paraya ehtiyacımız vardı. Bu vəsilə ilə insanlarımız vətənlərindən, dədə-baba yurdundan, ailəsindən ayrılaraq para qazanmaq məqsədilə qürbətə üz tutublar. Başlanğıcda məqsəd bu idi ki, 2-3 illiyə gedirlər, para qazanıb geri dönəcəklər. Amma təəssüflər olsun ki, həmin dönəmdə Türkiyədəki yaşam şərtlərinin yaxşılaşmaması səbəbindən insanlarımız Avropa dövlətlərində davamlı qalmağa məcbur oldular. Türkiyə Cümhuriyyəti və türklərin yaşadıqları Avropa ölkələri arasında insanlarımızın haqlarının qorunacağı ilə bağlı bir anlaşma, sənəd də imzalanmamışdı. Bu üzdən Avropaya köç edən türklərin vəziyyəti çox çətin idi. Həmin ölkədə türklər yabançıdırlar, dil bilmirlər, din, kültür tamam fərqlidir, ona görə ilk vaxtlar onların həmin ölkələrdə yaşaması o qədər asan deyildi. Bizim insanlarımız belə bir situasiya ilə üz-üzə qalmışdılar; bu gün bir yer göstərirdilər, səhəri gün ora işləməyə yollayırdılar. Belə bir durumda sosial və mədəni həyatı davam etdirmək üçün Alparslan Türkeşin rəhbərliyi altında orada türk işçi cəmiyyətləri qurulmağa başladı. Bu işçi cəmiyyətləri 1978-ci ilin iyun ayında bir araya gələrək, Avropa Demokratik Ülküçü Türk Dərnəkləri Federasiyasını yaratdılar. Bu qurumun məqsədi oradakı türklər arasında sosial və mədəni körpü qurmaq, insanların, mədəni, sosial yaşamını, dərd-sərini paylaşmaq üçün bir araya gəlməsinə nail olmaq idi. Eyni zamanda vətənimiz Türkiyə ilə olan bağlarımızın qopmaması, kimliyimizin, türk kültürünün Avropada yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün bu iş yapıldı. Bu çərçivə içərisində təbii ki, türk millətçiliyi davası aparan insanlar olaraq həm kəndi kimliyimizi qorumağa çalışdıq, həm də türk dünyası ilə çox yaxın əlaqələrdə olduq. Türk dünyasını əhatə edən insanlarla ilişkilərimiz oldu, bir-birimizə yardımçı olmağa çalışdıq”.
C.Çətin bildirdi ki, faktiki olaraq Avropa Türk Konfederasiyası türk dünyasının Avropadakı böyük elçiliyi kimi çalışır: ““Dəmir pərdə”nin götürülməsindən sonra Türk dünyası ilə yardımlaşma cəhdlərimiz, ziyarətlərimiz artdı. Bu çərçivə içərisində biz Qurban bayramları zamanı türk toplumlarında kampaniyalar təşkil etdik, sosial və mədəni fəaliyyətlərimizi türk dünyasına daşıdıq. Azərbaycan da bizim ayaq basmaq üçün özləmini çəkdiyimiz, onun üçün da mücadilə etdiyimiz bir türk yurdudur. Azərbaycandan olan soydaşlarımızla da zaman-zaman dialoqlar qurduq, Qurban bayramlarında bir araya gəldik. Hər il bizim arkadaşlarımız çeşidli vəsilələrlə Azərbaycana səfərlər ediblər. Bizim Konfederasiyanın fəalları eyni zamanda Krıma, Kərkükə, Kosovaya, Özbəkistana, Qırğızıstana, Pakistana, Əfqanıstana və digər türk toplumları olan yerlərə tez-tez gedirlər. Bu işləri bizim Konfederasiya təşkil edir”.
Avropa Türk Konfederasiyasının bu işləri görmək üçün vəsaitlərin mənbəyinin Avropada yaşayan, bu qurumda təmsil olunan insanlar tərəfindən toplandığını dedi: “Konfederasiyanın işləri türk insanlarının quruma göstərdiyi köməkliklər hesabınadır. İanələr yolu ilə bu vəsaitlər toplanır və təyinatı üzrə xərclənir. Türk dünyasının hansısa bir çətinliyi olduqda, yardımlaşma lazım gəldikdə, bizim soydaşlarımız vəsaitlər toplayaraq bu işlərin həyata keçirilməsi üçün yardım edirlər”.
Türkiyənin, türk dünyasının maraqları üçün Avropada siyasi yöndə çalışmalara ”“ qəzet televiziya açmaq məsələlərinə gəlincə, C.Çətin dedi ki, Türkiyədə olan kanallarla əməkdaşlıqlar edirlər: “Özəl olaraq radio açmağa Avropada, xüsusi ilə Almaniyada çox özəl bir şərtlərlə icazə verirlər. Belçikada, Hollandiyada daha rahat şərtlər buluruq. 50 ilə yaxındır Avropada yaşayan türk insanları arasında artıq çox iri iş adamları, söz sahibləri, 30 min nəfərdən artıq Avropa universitetlərində oxuyan tələbələrimiz var. Təxminən bu qədər də türk öyrəncisi Avropada təhsil almaq üçün hazırlaşdırılır. Hər məsləkdən insanımız var. Eyni zamanda Avropa dövlətlərində siyasətə girmiş insanlarımız çoxdur. Dolayısı ilə türklər Avropada artıq qalıcıdırlar, orada Avropa türklüyü formalaşdırıldı. Böyük türk millətinin ayrılmaz bir parçası da Avropada məskən saldı, biz ona Avropa türklüyü deyirik. Avropa Türk Konfederasiyası olaraq Avropanın 10 ölkəsində federasiyalarımız, qurumlarımız var. Dərnəklərin isə tam sayını demək mümkün deyil, çünki hər il, hər ay bunlar artmaqdadır. Ümumilikdə, təxminən 500 civarında dərnəyimiz var. Ötən həftənin sonunda mən Norveçdə idim, Osloda yeni bir dərnəyin alt yapısını hazırladıq, yönətimini qurduq”.
Türklərə, türk dünyasına bağlı toplumlarla, qurumlarla əlaqələrə gəlincə, Konfederasiya başqanı dedi ki, türk millətinə, soy-kökünə ehtiram bəsləyən bütün qurum və toplumlarla əməkdaşlıqları mövcuddur: “Bizə qarşı olanları demək olar heç görmürük. Biz çatışmaya qarşıyıq, buna imkan verməməyə çalışırıq. Amma bizə qarşı müxtəlif qısqanclıqlar, təhriklər də olur. 1991-ci ildən bu yana bizim 150-yə yaxın dərnəyimizə saldırılar olub. Bunların xeylisi bombalı, silahlı hücumlar olub. Bunların bir qismi Türkiyədəki terrorçu hörgütün ”“ PKK yandaşları tərəfindən edilib. Bir qismi də üzərində yaşadığımız Avropa dövlətlərinin əcnəbi düşmənləri tərəfindən yapılıb. Bizi təxribatlara çəkməyə bu kimi cəhdlər çox edildi. Biz isə özəlliklə bu təxribatlara uymayacağımızı, küçələrə çıxmayacağımız, qovğa yapmayacağımız, problemin hüquqi yollarla çözülməsinə çalışacağımızı bəyan etmişik. Amma nə yazıqlar olsun ki, 150 dərnəyə hücum edənlərin heç biri cəzalandırılmadısa, bu təəssüf doğurur. Bu üzdən də saldırıların artdığı müşahidə edilməkdədir. Son olaraq Almaniyada bir cinayət işləndi, bir saldırıda 10 nəfər öldürüldü, onların 8-i türkdür. Bu işin arxasında Almaniyanın xüsusi xidmət orqanlarının dayandığı iddiası var, hazırda işə Münhen məhkəməsində baxılır. Məhkəmənin isə obyektiv mövqe sərgilmədiyi müşahidə edilməkdədir. Biz özümüzü, türkləri, dərnəklərimizi qorumaq üçün məsələni ictimailəşdirməyə, rəsmi qurumlar tərəfindən bunların maksimum diqqətə alınması üçün işlər görürük. Avropada yabançı düşmənlər artmaqdadır. Küçələrdə də bununla rastlaşırıq, bəzi dövlət dairələrində, məktəblərdə də qarşılaşırıq. Əksər dairələrdə yabançı düşmənliyi bizim üzərimizdə vardır”.
Ç.Çətin “Avropa Türk Konfederasiyasının strateji hədəfləri içərisində Avropada yetişən türkləri iqtidara daşımaq, millət vəkili etmək, siyasətə gətirmək kimi planları, hədələri varmı, ümumiyyətlə, bu haqda nə düşünülür” sualına cavabında dedi: “Hazırda Almaniyada 2 milyon 900 min, bütövlükdə Avropada 4 milyondan çox türk yaşayır, çalışır, qalıcı olaraq orada məskən salıb. Təbii ki, bizim buna yönəlik planlarımız var. Türklərin Avropada qalıcı olduğu konkretdir, bizim soydaşlarımız yaşadıqları ölkələrin vətəndaşlığını alaraq bütün hüquq və haqlarını qorumaq, özlərini yüksək dairələrdə görmək üçün təbii olaraq çalışırlar. Bizim strateji hədəflərimizdə bunlar təbii var. Biz özəlliklə soydaşlarımızın Avropa universitetlərində mükəmməl təhsil almaları üçün çalışırıq. Daha yetkin bir türk toplumu formalaşdırmağa çalışırıq. Təbii ki, bu çərçivə içərisində dövlətin idarəçiliyi sisteminə də qatılmalıdırlar. Bizim bu yöndə də çalışmalarımız var. Federal parlamentdə türklərin daha çox təmsil olunması üçün işlərimiz davam edir. Təbii ki, biz hər zaman üzərində yaşadığımız dövlətlərin Ana Yasasına sayğı ilə yanaşırıq. Bizlər hansı ölkədə yaşayırıqsa, o ölkənin mədəni-milli ənənələrinə, qanun-qaydalarına, insanların dini inancına ciddi, sonsuz sayğı ilə yanaşırıq. Bu, biz türklərin amacıdır. Bizim də onlardan gözləntimiz ”“ bunun altını xüsusi ilə cızaraq deyirəm ”“ bizim türk kimliyimizin rəncidə edilməməsi, onun yaşadılması uğrunda çalışmalarımıza hər hansı bir təpki göstərilməməsidir. Bizim adət-ənənələrimizin yaşadılması, mədəni-sosial fəaliyyətimizin, özəlliklə Türkiyənin, türk toplumunun dəyərlərinin gələcək nəsillərə öyrədilməsi məsələsində əngəllər törədilməməsini, buna yardımçı olmalarını gözləyirik, istəyirik. Türklər hər zaman yaşadıqları ölkənin iqtisadiyyatına, yaşamına böyük faydalar veriblər, ictimai həyatında aktiv iştirak ediblər. Bundan sonra da yapacaqlar. Bizim hədəfimiz Avropada daha mükəmməl, mədəni, savadlı, geniş imkanlara malik yetkin türk toplumuna nail olmaqdır” .


























































































