Dekabrın 23-də Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycana ilk rəsmi səfərə gələcək. Diplomatik mənbələrdən verilən məlumata görə, gürcü prezidentin Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq, regiondakı vəziyyət qiymətləndiriləcək.
Bir müddət öncə Gürcüstana səfərimiz, xüsusilə də Borçalıda yaşayan soydaşlarımızın durumu ilə bağlı bəzi təəssüratlarımızı, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə vəziyyətin xüsusilə ağır olduğu barədə faktların bir qismini “Yeni Müsavat”da dərc etmişdik. Ancaq toxunmadığımız, yaxud tam əhatə etmədiyimiz bəzi məqamları məhz Gürcüstan prezidentinin Azərbaycana səfəri ərəfəsində o ümidlə ictimailəşdirmək istəyirik ki, bəlkə burdakı problemlər ikitərəfli danışıqların predmetinə çevrildi. Bir halda ki, söhbət on minlərlə azərbaycanlının taleyindən, onları narahat edən məsələlərdən gedir, şübhəsiz ki, bütün dünyada yaşayan azərbaycanlıların dövləti bu məsələlərə laqeyd qala bilməz.
Qonşu ölkədəki soydaşlarımızın rahatlığına haram qatan erməni təhdidi - Ermənistan ordu hissələrinin Sadaxlı istiqamətdə Gürcüstanın içərilərinə doğru soxulub azərbaycanlılara məxsus ərazilərdə hərbi kazarmalar tikmələri barədə yazmışdıq.
Hesab edirik ki, bu məsələ Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə Gürcüstan rəhbərliyinin nəzərinə çatdırılarsa, rəsmi Tiflis delimitasiya olunmayan Ermənistanla sərhədin bu ərazisindəki təhlükəli durumun aradan qaldırılması üçün, nəhayət, hərəkətə keçər. Əks təqdirdə Sadaxlı torpaqlarında möhkəmlənən işğalçı ölkənin həyasızlığı Azərbaycanın başında çatlaya bilər.
Başqa bir təhlükə də var. Ancaq bu təhlükə Gürcüstanın özündən gəlir. Belə ki, azərbaycanlıların kompakt yaşadığı digər bir bölgənin - Bolnisi rayonunun Zolgiyəş və Aragöl kəndlərində qızıl yataqlarının tapılması səbəbindən əhalinin köçürülməsi planı işə salınıb. Belə rəy var ki, gürcü hökuməti tarixən azərbaycanlılara məxsus olan bu ərazilərin yeraltı-yerüstü sərvətlərini istismar etməklə yanaşı, soydaşlarımızı da yer-yurdundan didərgin salmaq qərarındadır.
Hesab edirik ki, Ermənistanın Gürcüstan sərhədləri daxilində yaşayan azərbaycanlılara qarşı təhdidləri, törətdikləri cinayətlər də Bakıda müzakirə mövzusu olmalıdır. Borçalıda yaşayan hüquq müdafiəçisi Azər Mehtiyev deyir ki, sovet hökuməti dağılandan bu günə qədər Sadaxlı zonasında - Ermənistanla sərhəddə 8 nəfər güllələnib, 4 nəfər - Molla Qara, Niyaz, İlyas və digər bir nəfər - yoxa çıxıb, nə ölüsü, nə dirisi barədə xəbər yoxdur. 100-dən artıq adam oğurlanıb, tutulub Ermənistana aparılıb, dövlətin müdaxiləsi ilə azad edilib. 1000-dən çox mal-qara aparıb yeyiblər. Bütün bunlar isə yüksək səviyyədə dövləti müdaxilə tələb edir.
“701 min azərbaycanlıdan 284 mini qalıb”
Sadaxlı kənd orta məktəbinin direktoru Səyyad Xəlilov da “Yeni Müsavat”a onu narahat edən məsələlərdən danışmışdı. S.Xəlilov artıq 20 ildir ki, 735 şagirdi olan bu məktəbə rəhbərlik edir. Məktəb direktoru Azərbaycan hökumətindən gözləntilərini də bölüşmüşdü və ikitərəfli danışıqlarda bu məsələlərin də unudulmaması zəruridir: “Burada azərbaycanlıların sayı getdikcə azalır. İş yerləri yoxdur. Məlumata görə, Gürcüstanda 284 min azərbaycanlı qalıb. Hansı ki, statistikaya görə, burada 1981-ci ildə 701 min azərbaycanlı yaşayıb. Bu mənada problemlərlə dövlət səviyyəsində məşğul olmaq lazımdır ki, azərbaycanlılar köçüb getməsinlər. Ən çox Rusiya, Türkiyə və Azərbaycanın özünə köçüb gedirlər. Son zamanlar Gürcüstan vətəndaşlığından çıxıb Rusiyaya gedənlər həddindən artıq çoxdur”. Göründüyü kimi, Azərbaycan ziyalısı yerli azərbaycanlıların sayının kəskin şəkildə azalmasından narahatlığını bölüşür və Gürcüstan hökumətinin laqeydliklə seyr etdiyi bu situasiyaya Bakının müdaxiləsi zəruridir.
“Sadaxlo” olan Sadaxlı
Azərbaycanlıların yaşadığı tarixi yer adlarının dəyişdirilməsi barədə uzun illərdir danışılsa da, Qamsaxurdiyanın vaxtından başlayan bu problem Saakaşvili zamanında da həllini tapmayıb.
Adlar daha çox Bolnisi rayonunda dəyişilib. S.Xəlilov deyir ki, bir zaman Gürcüstanın ən böyük kəndi olan Sadaxlının adını gürcüləşdirib “Qokiçixe” qoymaq istəyiblər: “Allah rəhmət eləsin, İmran Kərimov kimi gözəl ziyalımız və kolxoz sədrimiz var idi. O, məktub yazdı, əhaliyə də qol çəkdirdi və Nazirlər Sovetinə göndərdi ki, bu tarixi adı bizim babalarımız qoyub, burda nə pis bir şey var ki, onu dəyişdirirsiniz? Nəticədə prosesi dayandırdı və Sadaxlıya toxunulmadı. Ancaq Tiflisin böyründə Soğanlıq kəndi var, adını dəyişib Poniçala qoydular”. Ancaq sonda Sadaxlının adını dəyişib “Sadaxlo” qoyublar. Digər kənd və yer adları da ucdantutma gürcüləşdirlib. Məsələn, Marneiulinin Qasımlı kəndi “Kasumlo” adlandırılıb. Ağamməmmədli “Aqamamedlo”, Qaçağan kəndinə “Qaçaqani”, Qızılhacılıya isə “Keçilauri” adını qoyublar. Özü də adlar hamısı kəndlərin girişində ilk öncə gürcücə yazılır.
Sadaxlı 2 saylı məktəbinin müəllimi Adil Şərifov deyir əsas problem su ilə bağlıdır: “Bizim içməli su və suvarma ehtiyatımızın qarşısı ermənilər tərəfindən kəsilib. Biz dağ ətəyində yerləşirik, dağlar isə Ermənistanın nəzarəti altındadır. On görə də bizə qarşı süni surətdə su problemi yaradırlar. Hər cür maneçilik törədirlər ki, su bizim kəndlərə gəlməsin. Elə vəziyyət yaradıblar ki, evimizdən çıxıb iki addım irəli atan kimi ”gəlməyin, bura Ermənistanındır" deyirlər. Gürcü hərbçilər də ara-sıra yol üstündə dururlar, ancaq məsələyə qarışmırlar və deyirlər ki, sərhədlər müəyyənləşənədək o tərəflərə getməyin. Hesab edin ki, 50-60 km-lik məsafədə Ermənistanla sərhəd müəyyən olunmayıb. Bu da kənd əhalisi üçün çox böyük çətinlik yaradır. Sadaxlının özünün 9480 nəfər əhalisi var. Sadaxlıdan törəyən digər 4 kəndi də əlavə edəndə burada 14 min əhali yaşayır".
Ali məktəb istəyi, təmirsiz məktəbin dərdi
Gürcüstanda Azərbaycan dilində bir dənə də olsun ali məktəbin olmaması ciddi problemdir. Söhbət yüz minlərlə azərbaycanlının yaşadığı ərazidən gedirsə, bu ölkədə heç olmasa bir türk dilində ali məktəbin, texnikumun olması zəruri sayılır. Ancaq məsələnin dövlət səviyyəsində həlli tələb olunur.
Əbülhəsən Əzizov danışır ki, yaşadığı və məktəbində direktor kimi çalışdığı Zob kəndi Gürcüstanın qədim yaşayış məskənlərindən biri, unikal bir məkandır. Vaxtilə bu kəndin əhalisinin 70 faizi erməni, 30 faizi azərbaycanlı idisə, bu gün 500 nəfərlik kəndin 80 faizi azərbaycanlıdır, cəmi 20 faiz erməni qalıb. Borçalı Marneulidən boşalmır, bizim kənd kimi ucqarlardan boşalır, bunun qarşısını almaq lazımdır. Mənim böyük ümidim var ki, bizim məktəb təmir olunacaq, ARDNŞ də söz verib. Yox, əgər təmir olunmasa, gələn il Zob məktəbi olmayacaq. Məktəbin olmaması da kəndin dağılması deməkdir. Bu fəlakətin qarşısının alınması üçün ciddi kömək lazımdır. Mənim ürəyim yanır, özümün normal dolanışığım var, amma məktəbə görə ürəyim yanır, onu qorumaq lazımdır".
Erməni uşaqlara gələn hədiyyələr...
Bir ürək ağrıdan faktı da eşitdik. Erməni diasporu gətirib erməni şagirdlərin oxuduğu siniflərə təzə stol-stul paylayıb, azərbaycanlı şagirdlər isə sınıq-salxaq partalarda otururmuş. Bunu eşidən Borçalı məktəblərindən birinin rəhbəri 12 azərbaycanlı şagird üçün parta alıb göndərib ki, uşaqlarımız ermənilərin yanında pərt olmasınlar. “Bir də görürsən ermənilər gətirib kitab-dəftər paylayır ki, uşaqlar, bunları sizinçün Yerevandan göndəriblər. Təsəvvür edin ki, bu, bizə necə pis təsir edir”. Bu sözlərin müəllifi Əbülhəsən Əzizov deyir ki, hər il erməni diasporu Yeni il münasibətilə məktəbdə oxuyan ermənilərin sayı qədər “posılka”lar göndərir. Azərbaycanlı uşaqlar isə kənardan baxa-baxa qalır, adama pis təsir edir. Mənim ixtiyarım yoxdur ki, onların paylanmasına qarşı çıxım, mən Gürcüstan vətəndaşıyam. Azərbaycan sizinlə bərabər bizim də dövlətimizdir". “Biz Ərdoğanın gələcək türkündür sözlərini eşidəndə, türk xalqları ilə keçirilən tədbirlərinə baxanda uşaq kimi gözlərimiz dolur. Təkcə dünyada 50 milyon Azərbaycan türkü varsa, biz niyə bu gündə yaşamalıyıq?” Bunu da bu Əbülhəsən müəllim deyir.
Borçalı sakinlərinin işlə təmin olunmaması da fəlakətli durum yaradıb. Heç olmasa Azərbaycanın həyata keçirdiyi layihələrdə soydaşlarımızla bağlı kvotanın nəzərdə tutulması istənilir. İşsizlikdən bir çoxları Bakıya axışır və... Xuludərə kəndindəki yarımsökülü mənzilin sahibi 42 yaşlı Şakir Abdullayev Bakıda tikintidə yıxılıb, başından ciddi zədə alıb. “Koroğlu” metrostansiyası yaxınlığındakı tikintidən yıxılıb. “3 aydır müalicə olunuram, hələ bir nəticəsi yoxdur” deyir ağır durumda olan 2 uşaq atası. Təbii ki, əmək müqaviləsi olmadan işlədiyindən heç kimin yaxasından yapışa bilməyib. 4-cü sinif şagirdi Şəlalə və balaca bacısı Şəhanə ağır xəsarət almış atalarına elə sığınmışdılar ki, adamın ürəyi ağrıyırdı. Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehtiyev vaxtaşırı bu ailəyə yardım etməyi də unutmur, dövlətdən isə bir lari də yardım yoxdur. Belə ağır durumda olanlar var Borçalıda...
Müsəlman türk yurdunda “əkilmiş” xaçlar
Gürcüstanda narahatlıq doğuran başqa bir məqam da var. Ölkəboyu harda yüksəklik varsa, azərbaycanlı kəndləri, Borçalı zonası da daxil, orada nəhəng xaç abidələri qoyulub. Bu xaçlara fosforlar yerləşdirilib və gecələr də xeyli uzaqdan diqqət çəkir. Azərbaycanlı əhali buna etiraz etsə də, faydası olmayıb, hətta xaça toxunanların başına müsibətlər açılır. Hər halda gürcü hökuməti tarixən azərbaycanlıların, etnik türk-müsəlmanların yaşadığı ərazilərdə xristian nişanələrini basdırmaqla yüz minlərlə əhalinin dini inancına və tarixinə sayğısızlıq etmiş olur.
Qəribəsi odur ki, Gürcüstan boyu harda təpəlik varsa, orda ya kilsə ucaldılıb, ya da xaç işarəsi qoyulub. Azərbaycan kəndləri, Borçalı ərazisində də müşahidə olunan bu vəziyyət soydaşlarımızın haqlı narazılığına səbəb olur. Borçalıda deyirlər ki, ermənilər də vaxtilə bizim əraziləri bu sayaq özününküləşdirirdilər, nəticəsi də bəllidir...
Borçalıda deyirdilər ki, Azərbaycanın qazı sayəsində ağ günə çıxan Gürcüstan yeri gələndə Ermənistanla daha səmimi münasibətdə olur, nəinki Azərbaycanla. “Vaxt var idi Tiflisin mərkəzində dövlət qurumlarının yanındaca qışda yandırmaq üçün odun satırdılar. İndi Azərbaycanın qazı Tiflis başda olmaqla Gürcüstanın bir çox ərazilərini donmaqdan və odun yandırmaqdan xilas edib”. “Əvvəllər avtobuslar yolların bərbad olması səbəbindən Qırmızı körpüyədək olan 30 km-lik yolu zorla gəldiyi halda, SOCAR-ın çəkdiyi yüksək standartlara uyğun yol sayəsində bu problem həllini tapıb. Heç olmasa bunun qarşılığında Gürcüstan hökuməti azərbaycanlılara hörmət qoysun”-deyə, bir soydaşımız gileylənir.
Borçalıda deyirlər ki, Gürcüstan parlamentində azərbaycanlıları 3 deputat - Əli Məmmədov, Mahir Dərziyev və Azər Süleymanov təmsil etsə də, onlar obyektiv səbəblərdən bir çox məsələlərə aktiv müdaxilə edə bilmirlər. Hesab olunur ki, bu səbəblərdən güvəndikləri Azərbaycan dövləti elektrik enerjisi, qazla təmin etdiyi Gürcüstanda layihələr həyata keçirəndə azərbaycanlıların məsələsini prioritet olaraq önə çəkməlidir. Əks təqdirdə Borçalı boşalmaqda davam edəcək.
Yeri gəlmişkən, Borçalıda, xüsusilə də 14 mindən çox azərbaycanlının yaşadığı Sadaxlı bölgəsində millət vəkili Qənirə Paşayevanın fəaliyyətindən çox razılıq edirlər. Deyirlər ki, Azərbaycanın aidiyyəti təşkilatları Borçalının problemlərinə Q.Paşayeva qədər həssas yanaşsaydı, Gürcüstanın müvafiq qurumları ilə təmaslarda zəruri məsələləri qaldırsaydı, vəziyyət indiki kimi acınacaqlı olmazdı. Məhz xanım deputatın təşəbbüsləri sayəsində bir sıra Azərbaycan kəndlərinə qaz çəkilib, həmçinin Azərbaycan kəndlərinin yol, digər infrastruktur problemləri aradan qaldırılıb. Ancaq əsas problem işsizlik və bir sıra hallarda insanlarımızın hüquqlarının tapdanmasıdır ki, bütün bunlar daha ciddi müdaxilə tələb edir. Eyni zamanda Azərbaycan məktəblərinin vəziyyəti də narahatlıq yaradır. Ümid edək ki, cənab Marqvelaşvili ilə dostluq və qardaşlıqdan danışılanda Gürcüstandakı yüz minlərlə azərbaycanlının taleyindən də söhbət açılacaq...








































































































