Süni şəkildə uzadılan siyasi məhkəmələr

Hazırda oxunan: Süni şəkildə uzadılan siyasi məhkəmələr

38517

Azərbaycanda siyasi motivli məhkəmə prosesləri böyük fasilələrlə davam edir və hələ ki heç birinin sonu görünmür. Bu isə həm siyasi məhbusların özlərini və yaxınlarını, həm də onların vəkillərini və ictimaiyyəti narahat edir.

Dekabrın 17-də  Şəki Ağır Cinayətlər Məhkəməsində Tofiq Yaqublu, İlqar Məmmədov və digər məhbusların məhkəmə prosesi keçirilib. Artıq iki həftədir ki, təqsirləndirilən şəxslərin dindirilməsi başlayıb, iki nəfər dindirilib. Növbəti proses dekabrın 24-də olacaq. 
Məhkəmənin gedişatı ilə bağlı Tofiq Yaqublunun vəkili Nemət Kərimli deyib ki, bu gedişlə proses uzun çəkəcək. O, əlavə şahidlərin cəlb olunması üçün vəsatətlər verəcəklərini söyləyib: “100-ə yaxın şahid var. Prosesin obyektiv araşdırılması üçün əlavə şahidlərə də ehtiyac  var. Bununla bağlı vəsatətlərimiz olacaq”.

Vəkil belə məhkəmədən ədalətsiz qərar gözləyir: “Azərbaycanda müstəqil, normal məhkəmə yoxdur. İnanmıram ki, Tofiq Yaqublu, İlqar Məmmədov, eləcə də digərləri haqda ədalətli qərar çıxarılsın. Maraqlısı odur ki, İsmayıllı hadisələri vaxtı insanları sakitləşməyə çağıran, hadisənin qarşısını almağa çalışan insanlar da həbs ediliblər. Onlardan Vüsal adlı şəxs  hadisə vaxtı ANS-ə zəng edib xəbər verdiyi üçün həbs olunduğunu deyir. Bundan başqa, təqsirləndirilən şəxslər deyirlər ki, polisin kifayət qədər o hadisələri yatırmağa gücü olub, amma heç bir tədbir görülməyib”.

Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqovun məhkəməsi barədə onun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Elman Fəttah bilgi verib. O, Y. Sadıqovun şahidləri yalan ifadə verdikləri üçün daxili işlər naziri Ramil Usubova müraciət etdiklərini deyib: “Məhkəmə dekabrın 23-ü saat 15:00-a təyin edilib. Son iclasa qədər şahidlərin şübhəli, yalan ifadələri ilə davam edən prosesə daha bir fakt da əlavə olunub. İstintaq dövründə şahidlər, Lənkəran rayonu Boladı kənd sakinləri, məhkəmədə ziddiyyətli, yalan ifadə verdikləri diqqət çəkən - Cavadov Əbülfət Nuru oğlu və Hüseynov Rəşid Ağaxan oğlu ilə üzləşdirmə prosesinin video çəkilişi yoxa çıxıb. İşi aparan Lənkəran Polis Şöbəsinin  müstəntiqi Nizami Məhərrəmov videonun köçürülməsi zamanı texniki xəta üzündən məhv olduğunu bildirib və bu üzdən həmin faktlar istintaq işinə əlavə edilməyib. Lakin Yadigar Sadıqov bunun qəsdən, şahidlərin açıq-aşkar yalan söylədiklərinin ört-basdır edilməsi məqsədilə edildiyini bildirərək nazir Ramil Usubova şikayət ərizəsi ilə müraciət edərək, müstəntiq Nizami Məhərrəmov haqqında ölçü götürülməsini tələb edib”.

Dünən isə Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çılar Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu və “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin növbəti məhkəmə prosesi keçirilib (Bu barədə ayrıca yazıda oxuya bilərsiniz -red.)
MTN təcridxanasında saxlanılan jurnalist, hüquq müdafiəçisi, AXCP Ali Məclisinin üzvü Pərviz Həşimli ötən məhkəmə prosesinə gətirilərkən ona işgəncə verildiyini deyib. Pərviz Həşimlinin atası Kamran Həşimli dünən oğlunun həbsi, ona verilən işgəncələrlə bağlı RATİ-nin ofisində mətbuat konfransı keçirib. Kamran Həşimov bildirib ki, oğluna qarşı irəli sürülən ittihamlar əsassızdır, ona MTN-də psixoloji təzyiq edirlər, döyürlər.
Bunlar azmış kimi, dekabrın 16-da ölkədə daha bir hay-küylü siyasi həbs baş verib - SMDTM rəhbəri Anar Məmmədli saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, Anar Məmmədli  “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla Cinayət Məcəlləsinin 192.2.2-ci, 213.1-ci və 308.2-ci, maddələrində ittiham olunaraq barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam etdirilir.

Vəkil Rəşid Hacılı isə BBC azərbaycancaya deyib ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinə görə, Məmmədli vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir etməkdə təqsirləndirilir. Müvəkkili ilə görüşdüyünü bildirən Hacılının sözlərinə görə, Anar Məmmədli ona qarşı irəli sürülən ittihamları qəbul etmir və bu ittihamların onun peşə fəaliyyəti və prezident seçkilərində yaydığı hesabatla bağlı olduğunu deyir.

Anar Məmmədli dekabrın 18-də Bakı Şəhər İstintaq Təcridxanasına köçürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin